Ukrayna daha müharibə xərclərini qarşılaya bilmir
Rusiya aviazərbələri nəticəsində infrastruktura və əsas fondlara dəyən zərərin bu il təxminən 10 milyard dollar olacağı gözlənilir. Hücumlar və limanların faktiki blokadası nəticəsində ölkənin ümumi iqtisadi itkiləri isə ÜDM-in təxminən 1,5 faiz bəndinə bərabərdir.
BUTA.TV xəbər verir ki, bunu Ukraynanın iqtisadiyyat naziri Aleksandr Kravçenko bildirib.
“Həm Rusiya hücumları nəticəsində hər gün dağıdılan kritik infrastruktur baxımından, həm də ölkədəki ümumi iqtisadi vəziyyət baxımından çox ağır qış gözləyirik. Bütün bunlar büdcənin və maliyyə imkanlarının son dərəcə məhdud olduğu bir şəraitdə baş verir
Artıq iki həftədən çoxdur ki, Rusiya Kiyevə reaktiv mühərrikli pilotsuz uçuş aparatlarından istifadə etməklə zərbələr endirir. Bu hücumlar əhalinin normal həyatına, biznesin fəaliyyətinə və dövlət qurumlarının işinə ciddi təsir göstərir.
Moskva həmçinin Ukraynanın Qara dəniz limanlarını faktiki olaraq bloklayıb və ölkənin cənub bölgələrinə hava zərbələrini gücləndirib”, - o qeyd edib.
Kravçenkonun sözlərinə görə, blokada nəticəsində təxminən 40 milyard dollar həcmində ixrac gəliri təhlükə altına düşüb.
O qeyd edib ki, müharibə getdikcə daha baha başa gəlir və Ukrayna artıq əvvəlki illərdə olduğu kimi müdafiə xərclərini yalnız daxili maliyyə mənbələri hesabına qarşılaya bilmir.