İpoteka şərtləri ağırdır: ilkin ödəniş də, aylıq da...
Son vaxtlar sosial mənzillərlə bağlı müəyyən problemlər üzə çıxıb. Mən şərtlərlə tanış olmuşam və hesab edirəm ki, onlar kifayət qədər ağırdır. İlkin ödəniş yüksəkdir, aylıq ödəniş də insanların imkanlarına uyğun deyil. Üstəlik, mənzilin pulunu 25 il ərzində ödəməlisən.
BUTA.TV xəbər verir ki, bunu sabiq millət vəkili Vahid Əhmədov Globalinfo.az-a geniş müsahibəsində deyib.
“Mənim köməkçim də vaxtilə belə mənzillərdən birini almışdı. Baxmışam ki, aylıq ödəniş təxminən 1000 manata yaxın olur. İnsan 1200 manat maaş alırsa, onun 1000 manatını mənzilə ödədikdən sonra qalan vəsaitlə necə dolanmalıdır?
Buna görə də sosial mənzillərlə bağlı şərtlərə yenidən baxılmalıdır. Mənzil insan həyatının ən vacib ehtiyaclarından biridir. Evi olmayan insan kirayədə yaşamağa məcbur qalır. Mən də kirayədə yaşamışam və bunun nə demək olduğunu bilirəm. Hesab edirəm ki, insanların mənzillə təminatı üçün ya əvvəllər olduğu kimi vahid növbə sistemi tətbiq edilməli, ya da mövcud mexanizmlərin şərtləri yüngülləşdirilməlidir. İlkin ödənişlər və faiz dərəcələri aşağı salınmalıdır.
İpoteka kreditləri üzrə müəyyən kateqoriyalara, məsələn, alimlərə güzəştlər tətbiq edilir. Bu imkanları sıravi vətəndaşlar üçün də genişləndirmək lazımdır ki, onların mənzil probleminin həlli asanlaşsın. Əvvəllər cənab Prezidentin rayonlarda mənzil tikintisi üçün vəsait ayrılmasına dair qərarları olurdu. Məsələn, müəyyən sayda evin tikilməsi üçün maliyyə ayrılırdı. Bu, faydalı yanaşmadır və ondan yenidən istifadə etmək olar. Hansı rayonlarda mənzilə ehtiyacı olan insanlar varsa, həmin bölgələrdə evlərin tikintisi üçün vəsait ayrılmalı və ehtiyacı olan ailələr mənzillə təmin edilməlidir”, - V.Əhmədov bildirib.
“Sahar Azəri”nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil