“Məktəbli forması illərdir mövcud olan bir ənənədir. Şagirdlər uzun müddətdir məktəbə vahid geyimdə gedirlər. Ona görə də bu məsələnin yenidən müzakirələrə səbəb olmasını tam anlamıram”.

Bu sözləri

Xalq artisti Gülyanaq Məmmədova deyib. Sənətçi məktəblərdə vahid geyim formasının tətbiqini dəstəklədiyini bildirib:

“Mən məktəbli formasına hər zaman önəm vermişəm. Özüm də uşaqlıqdan məktəbli formalarını sevmişəm. Orta məktəbdə təhsil aldığım 11 il ərzində bir gün belə sərbəst geyimdə məktəbə getməmişəm. Hər zaman səliqəli məktəbli formasında müəllimlərimin qarşısına çıxmışam.

Təkcə mən deyil, bacı-qardaşlarım, ümumiyyətlə, bütün ailəmiz məktəbə məktəbli formasında gedib. Bu gün də tətbiq olunan məktəbli formalarını çox bəyənirəm. Hesab edirəm ki, uşaqların sinif otağında bərabərliyinin təmin olunması baxımından vahid geyim formasının olması çox gözəldir. Belə olduqda heç kim geyimi ilə diqqəti cəlb etmir, əsas diqqət müəllimin dərsinə, dediklərinə və şagirdlərin təhsilinə yönəlir.

Məktəbli forması ilə bağlı islahatları dəstəkləyirəm və dövlətimizin qəbul etdiyi qərarlara bir vətəndaş olaraq böyük hörmətlə yanaşıram. Əlbəttə, bu gün yaşanan qalmaqalların olmasını istəməzdim. Biz bir-birimizi qorumalı, sevməli, dövlətimizin yanında olmalıyıq. Bu məsələdə fərqli düşünən, hicablı olan insanlar da bizim əzizlərimiz, doğmalarımız, qohumlarımız, övladlarımızdır.

İnsan yetkinlik yaşına çatdıqdan sonra əlbəttə, öz geyimi ilə bağlı seçim etməkdə sərbəstdir. Ancaq məktəbə gedərkən şagirdlər müəyyən edilmiş məktəbli formasına əməl etməlidirlər”.

O, cəmiyyətdə bu mövzuda qarşıdurmaların yaranmasını istəmədiyini də deyib:

“Bir Azərbaycan vətəndaşı olaraq düşünürəm ki, ölkəmizdə belə mübahisələrin böyüməsinə imkan verməməliyik. Bu cür qarşıdurmalar Azərbaycana lazım deyil. Biz hər zaman bir olmuşuq və məhz birliyimiz sayəsində güclü olmuşuq. Ordumuz da bu birlik sayəsində böyük qələbə qazanıb. Biz bir-birimizə dəstək olmalı, hörmət etməli, dövlətimizi, millətimizi, rəhbərimizi sevməliyik.

Müəllim şagirdə, şagird isə müəllimə hörmətlə yanaşmalıdır. Bu mədəniyyəti formalaşdırmalı və hər zaman bir-birimizi qorumalıyıq. Məktəbdə səliqə-səhman, birlik və mədəniyyət çox önəmlidir. Tərbiyə, davranış və müəllimə hörmət qədər geyim mədəniyyəti də əhəmiyyətlidir”.

G.Məmmədova hesab edir ki, vahid məktəbli forması uşaqlar arasında maddi fərqlərin qabarmasının qarşısını alır. Çünki hər ailənin imkanı eyni deyil:

“Hazırda tətbiq olunan məktəbli formaları da dövrün tələblərinə uyğundur və gözəl görünür. Hamının eyni geyimdə, eyni qaydada dərsə getməsi müsbət haldır. Mən dövlətimizin qəbul etdiyi qərarları dəstəkləyir və onlara hörmətlə yanaşıram. Şagirdlərin istədikləri geyimləri məktəbə gətirmələri, əlbəttə, diqqəti yayındıra bilər.

Çünki bir ailənin maddi imkanı var, digərinin isə yoxdur. Hər kəsin həyat şəraiti fərqlidir. Bir uşaq digərinin üzərində bahalı və gözəl geyim görəndə həmin geyimdən özü də istəyə bilər. Bu isə uşaqlar arasında müqayisələrə və müəyyən narazılıqlara səbəb ola bilər. Ailələrin maddi imkanlarından irəli gələn fərqlər məktəb mühitində özünü göstərməməlidir. Ailədaxili məsələlər də ailənin öz daxilində həll olunmalıdır.

Məktəb təhsil və tərbiyə müəssisəsidir. Burada əsas məqsəd şagirdlərin təhsil alması və yetişməsidir. Buna görə də bütün uşaqların geyim baxımından eyni qaydalara əməl etməsini düzgün hesab edirəm. Mən məktəbli formasını dəstəkləyirəm. Bu, valideynlər üçün də əlverişlidir. Uşaqlarımızı məktəbli formasında səliqəli şəkildə dərsə yola salırıq. Məktəbli formasını geyinməyin özü də məsuliyyət tələb edir. Bu, həm müəllimə, həm məktəbə, həm də şagirdin özünə hörmətin göstəricisidir”.

Sənətçi hicablı və hicabsız hər kəsə eyni münasibət bəslədiyini deyib. O, birliyi qorumaq üçün qanunlara hörmət etməyin vacibliyini vurğulayıb:

“Bir sənətçi və tamaşaçı qarşısına çıxan insan kimi mənim üçün hər kəs bərabərdir. Xalqımıza və millətimizə sevgim sonsuzdur. İnsanların hicablı və ya hicabsız olmasından asılı olmayaraq, hamısı bizim əzizlərimizdir. Mən hər kəsi sevirəm. Bununla yanaşı, dövlətimizin qanunları və qəbul etdiyi qərarlar hər bir vətəndaş üçün önəmli olmalıdır.

Çünki ailədə bütün övladlar ailə böyüyünün sözünə hörmətlə yanaşdığı kimi, cəmiyyətimizdə də qanunlara və dövlətin qəbul etdiyi qərarlara hörmət edilməlidir. Dövlətin idarə olunmasında qəbul edilən qanunlar və qaydalar hamımız üçün əhəmiyyət daşıyır. Məhz bu zaman birliyimizi və bərabərliyimizi qoruyub saxlaya bilərik”.


12 yaşlı şagird özünü məktəb binasından atdı 12 yaşlı şagird özünü məktəb binasından atdı