Astara rayonunun Şiyəkəran kənd sakini 43 yaşlı Sadiq Əhədov təxminən 5 ildir ki, yataq xəstəsidir. Onun sol əli və ayağı iflic olub, hərəkət edə bilmir. Bundan əlavə, baş nahiyəsində 18 santimetrlik şiş var və bu səbəbdən görmə və eşitmə qabiliyyətini də itirib. Bu vəziyyətdə olmasına baxmayaraq, əlilliklə bağlı pensiya ala bilmir.

“BUTA.TV” xəbər verir ki, bu barədə Xəzər TV-yə onun əmisi müraciət edib.

O bildirib ki, hazırda ciddi sosial çətinliklərlə üzləşən Sadiq əmək qabiliyyətini itirdiyi üçün pensiya təminatı ilə bağlı aidiyyəti qurumlara bu ilin may ayında müraciət edilib. Müraciətdən təxminən 5 ay keçməsinə baxmayaraq, hələ də bir nəticə yoxdur.

Sadiq Əhmədovun vəziyyətini daha da ağırlaşdıran məqam isə onun tək yaşamasıdır. Anasının vəfatından sonra tamamilə köməksiz qalıb.

Problemlə bağlı TƏBİB-dən bildirilib ki, əlilliyin qiymətləndirilməsi məqsədilə S.Əhmədovun baş nahiyəsindəki sümük defektinin ölçüləri düzgün müəyyən edilmədiyinə görə vətəndaş təkrar rentgen müayinəsi və sümük defektinə uyğun kodun təyin edilməsi üçün Astara RMX-yə yönləndirilib.

Tibbi sənədlərdəki çatışmazlıqlar aradan qaldırıldıqdan sonra vətəndaşın adına Forma 88 rəsmiləşdirilib və sentyabrın 29-u Əlillik alt sisteminə daxil edilib.

Daha ətraflı süjetdə:

Məsələ ilə bağlı Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov “BUTA.TV”nun sorğusuna cavab olaraq bildirib: “Xəzər TV-də Astara rayon sakini Əhədov Sadiq Zeyqəmşah oğluna əlillik təyin edilməməsi ilə bağlı reportaj yayımlanıb. Bununla bağlı bildiririk ki, vətəndaşın əlilliyinin qiymətləndirilməsi ilə bağlı heç vaxt müraciəti olmayıb. Vətəndaşa dair forma 88 sənədi tibb müəssisəsi tərəfindən yalnız dünən - oktyabrın 12-si elektron sistemə daxil edilib. Elə həmin tarixdən qanunvericiliyə uyğun olaraq vətəndaşa əlillik təyinatı aparılıb”.

***

Jurnalist İlkin Muradov da məsələ ilə bağlı narazılığını ifadə edərək diqqəti problemin məhz reportajdan sonra həll edilməsinə yönəldib. Onun yanaşmasına görə, vətəndaşın müraciəti vaxtında araşdırılmalı, ailə üzvləri çıxış yolu tapmaq üçün mediaya üz tutmağa məcbur qalmamalıdır. Əgər problem bir neçə saat ərzində həll edilə bilirdisə, bəs vətəndaşın aylarla gözləməsinə nə səbəb olub? Əsas məsələ özünü haqlı çıxarmaq deyil, vətəndaşın problemini vaxtında həll etməkdir.


12 yaşlı şagird özünü məktəb binasından atdı 12 yaşlı şagird özünü məktəb binasından atdı