Hüquqşünas Müşfiq Abbasov məktəblərdə hicabla bağlı müzakirələrə münasibət bildirib. O, azyaşlı uşaqların bu məsələdə vasitəyə çevrilməsini tənqid edərək, baş verənlərin arxasında Azərbaycanın suverenliyinə və bütövlüyünə zərər vurmaq istəyən qüvvələrin dayana biləcəyini iddia edib.

BUTA.TV xəbər verir ki, Müşfiq Abbasov sosial şəbəkədəki paylaşımında son günlər baş verən hadisələrə diqqət çəkib və xüsusilə İranın mürtəce rejiminin bu proseslərdə rol oynaya biləcəyini irəli sürüb.

Hüquqşünasın fikrincə, məktəbin ilk siniflərində təhsil alan uşaqların hicab mövzusunda müzakirələrə cəlb edilməsi və onlardan müəyyən məqsədlər üçün istifadə olunması ciddi narahatlıq doğurur. O bildirib ki, bu yaşda olan uşaqların məsələnin mahiyyətini tam dərk etməsi gözlənilməməlidir.

Abbasov hicabın namus anlayışı ilə eyniləşdirilməsini də yanlış yanaşma hesab edib. Onun sözlərinə görə, hicab taxmayan qadınların namussuz kimi təqdim olunması yolverilməzdir.

Hüquqşünas uşaqların radikal çağırışlara yönləndirilməsini, müəllimlərə qarşı təhqirləri və məktəblərdə qanunsuz hərəkətləri dinin müdafiəsi kimi təqdim etməyin əks nəticə verə biləcəyini vurğulayıb. O hesab edir ki, bu cür davranışlar dini dəyərləri qorumaq əvəzinə, onların cəmiyyətdə yanlış anlaşılmasına səbəb olur.

Müşfiq Abbasov məktəblərdə vahid geyim formasının tətbiqi məsələsinə də toxunub. O, hüquqşünas kimi mövqeyini ifadə edərək, Nazirlər Kabinetinin müvafiq qərarının Konstitusiyaya zidd olmadığını bildirib.

Sonda Abbasov hər kəsi Azərbaycanın dövlətçiliyinin, suverenliyinin və gələcəyinin qorunmasına həssas yanaşmağa çağırıb.

Qeyd edək ki, materialda səsləndirilən fikirlər Müşfiq Abbasovun şəxsi mövqeyini əks etdirir.


12 yaşlı şagird özünü məktəb binasından atdı 12 yaşlı şagird özünü məktəb binasından atdı