“Dünyada müharibəyə həsr olunmuş bir çox filmlərdə xüsusi musiqilər var. İllər keçdikcə, hərbi film musiqisi adlanan bir standart yaranıb. Hollivudda da bu var və bu mövzuda film çəkənlər həmin standartla qarşılaşırlar”.

“BUTA.TV” xəbər verir ki, bu sözləri bəstəkar, Bakı Musiqi Akademiyasının professoru Cavanşir Quliyev “REAL TV”nin efirində İkinci Qarabağ müharibəsindən bəhs edən “44” filmi haqqında fikirlərini bölüşərkən deyib.

Sənətçi filmin musiqi tərtibatından və bədii keyfiyyətindən bəhs edib:

“Bizim filmdə də bu standart həyata keçirilir. Çünki bədii sənətin müəyyən qaydaları var və bundan qırağa çıxa bilməzsən. “44” filmində də həmin standartlara uyğun keyfiyyətli musiqi yazılıb. Qarabağ müharibəsi yadımızdadır, gözümüzün qabağındadır. Bu müharibə haqqında film çəkilərkən hər kəs istər-istəməz onu real hadisələrlə müqayisə edir. Lakin bədii film sənədli film deyil. Bədii filmdə duyğular, müəllif və rejissorun bizə çatdırmaq istədiyi fikirlər var”.

“44” filmi Azərbaycanda müharibəyə həsr olunan ən möhtəşəm filmdir”.

“Mən filmə diqqətlə baxdım. “44” filmi Azərbaycanda müharibəyə həsr olunan ən möhtəşəm filmdir. Çünki müharibə haqqında filmlər yalnız atışma və döyüşdən ibarət olsaydı, o qədər maraqlı olmazdı. Bu filmdə isə bədiilik kifayət qədər çoxdur. Tamaşaçıların premyeradakı münasibətindən, insanların sifətindəki və gözlərindəki ifadədən görünürdü ki, film çox güclü təsir edib. Mən Anar Ələkbərovu, rejissoru və bəstəkarları təbrik etmək istəyirəm. Düşünürəm ki, bütün komponentlər yerindədir”.

“İllərlə deyirdik müharibəyə aid dünyaya çıxaracağımız film yoxdur, artıq var”.

“İllərlə bədii sənətlə məşğul olan insanlar peşəsindən asılı olmayaraq, gileylənirdilər ki, biz bu müharibəni dünyaya hələlik çıxara bilmirik, göstərə bilmirik. Bu filmə baxandan sonra artıq o fikrə gəldim ki, müharibəmizi rahatlıqla dünyaya göstərə bilərik. Əminəm ki, bu film başqa ölkələrdə də nümayiş etdiriləcək. Haqlı olduğumuz müharibənin daha bir təbliğatını da bu film edəcək. Ona görə də belə filmlər çəkilir ki, həqiqəti göstərsinlər. Film üzərinə düşən və gözlənilən funksiyasını artıqlaması ilə yerinə yetirdi. Gənclərimiz isə kinoteatrlardan alışıb çıxacaqlar. Çünki elə səhnələr var ki, alışmamaq mümkün deyil”.

“Axır ki, bizdə də qürurlanacağımız film ortaya qoyuldu”.

“Hamımızın arzusu idi ki, müharibə bitsin. Jurnalistlər tez-tez soruşurdular ki, qələbə ilə bağlı niyə əsərlər yazılmır? Deyirdim ki, tələsməyin, zamanı olacaq. Bu mövzu yetişməlidir. Mən filmin kollektivini təbrik edirəm. Ümumiyyətlə, Azərbaycanda filmlə məşğul olan bütün insanları təbrik etmək istəyirəm ki, axır ki, bizdə də qürurlanacağımız film ortaya qoyuldu.

“44” Azərbaycanda standart ortaya qoydu”.

“Təsəvvür edin ki, müharibədə iştirak edən qazilər, onların qohum-əqrəbaları hamısı gözləyirdi. Bu film artıq standart qoydu. Bu gündən sonra Azərbaycanda müharibə filmi çəkiləndə bu filmə boylanacaqlar ki, belə bir film var və elə edək ki, ona daha yaxın duraq”.

Daha ətraflı videomaterialda:

Ölkədə bir ədədi 1300 manata satılan siqarlara maraq artır: Bəs kimlər alır? Ölkədə bir ədədi 1300 manata satılan siqarlara maraq artır: Bəs kimlər alır?