İmişli rayonunda sərxoş vəziyyətdə olan şəxs tanışını bıçaqlayıb.

BUTA.TV-nin məlumatına görə, hadisə İmişli şəhərinin Natəvan küçəsində baş verib.

Rayon sakini, 1990-cı il təvəllüdlü Şamxal Muradov (soyad şərtidir - red.) heyvan alveri və kəsimi ilə məşğul olub. Bir müddət əvvəl o, uşaqlıq dostu Şəhriyarla birlikdə rayon ərazisindəki kafedə yemək yeyib. Onlar birlikdə 1.5 litr araq içiblər.

Daha sonra pivə içdikləri zaman ortaq tanışları Miri adlı şəxs Şəhriyara zəng edərək onunla görüşmək istədiyini bildirib. Şəhriyar onu olduqları kafeyə dəvət etsə də, Şamxal Miri adlı şəxsin kafeyə gəlməsinə narazılıq edib. Buna görə Şəhriyar Miri ilə başqa istiqamətə gedib və bir müddət sonra qayıdacağını deyib.

Pivəni içdikdən sonra Şamxal Şəhriyara zəng etsə də, o, telefona cavab verməyib. Pivələrin pulunu ödəməyə pulu olmayan Şamxal məbləği kafe sahibinə nisyə yazdıraraq oradan çıxıb. Daha sonra o, Şəhriyara zəng edərək onu təhqir edib.

Bir neçə saat sonra, gecə saatlarında Şəhriyar Şamxala zəng vuraraq harada olduğunu soruşub. Şamxal küçədə onu gözlədiyini bildirib. Şəhriyar görüşə gələndə sərxoş olan Şamxal onu yenidən söyməyə başlayıb. Şəhriyar ondan sərxoş olduğu üçün evə getməsini xahiş edib.

Buna əsəbiləşən Şamxal heyvan kəsmək üçün üzərində gəzdirdiyi bıçaqla Şəhriyara iki zərbə endirib. Şəhriyar dostu Mirinin köməkliyi ilə xəstəxanaya çatdırılıb və əməliyyat olunub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Şamxal saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə Şamxal dörd il müddətinə azadlıqdan məhrum edilib. Tərəflər arasında barışıq olduğunu nəzərə alan məhkəmə Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək cəzanı şərti hesab edib.


Bakıda daha bir kütləvi dava - Anbaan kadrlar+Video Bakıda daha bir kütləvi dava - Anbaan kadrlar+Video