Dəhşətli cinayət: Arvadını kabab yediyinə görə öldürdü

11:00 - 19 Mart 2024 - KRİMİNAL

 Dəhşətli cinayət: Arvadını kabab yediyinə görə öldürdü

Füzuli rayonunda 1984-cü il təvəllüdlü Əfqan ailə münaqişəsi zəminində həyat yoldaşı Dilarəni (adlar şərti verilib - red.) qətlə yetirib.

Telegraf.com-un əldə etdiyi məlumata görə, Əfqan 23 sentyabr 2023-cü ildə axşam saatlarında arvadı Dilarə ilə mübahisə edib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əfqan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O qeyd edib ki, 2004-cü ildə Dilarə ilə rəsmi nikaha daxil olmaqla ailə qurub, birgə nikahdan bir oğlu var.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 23 sentyabr 2023-cü ildə evdə olan zaman Bakı şəhərində yaşayan dayısı oğlu Əli arvadı Nərminə ilə birlikdə qohumlarının yas mərasimində iştirak etmək üçün onlara gəliblər:

“Yas yeri uzaq olduğuna görə yeznəm Cavidə zəng vurub öz maşını ilə bizə gəlməsini xahiş etdim. Təxminən bir saat sonra Cavid “Mercedes Benz” markalı avtomobili ilə bizə gəldi. Birlikdə yas mərasiminə getdik. Təxminən yarım saat sonra qayıtmağa qərar verdik. Bu dəfə Əlinin hazırda adını unutduğum baldızı da bizimlə gəldi. Yas mərasiminə getməzdən öncə həyətdən qaz kəsib Dilarəyə verdim ki, təmizləsin. Qaz ətindən kabab bişirərək qonaqlarla birlikdə yedik”.

Bu xəbər hal-hazırda çox oxunur
Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirlər açıldı!

Əfqan bildirib ki, həmin gün, təxminən saat 14 radələrində qonaqlar gediblər:

“Axşam saatlarında Dilarəyə irad tutdum ki, bəs sən gördün, qonaq sayı çoxdur, yemək azlıq edir, nəyə görə sən də oturub yedin. Sözlərim Dilarənin xətrinə dəydi, danışıb gileylənməyə başladı. Mübahisə zamanı Dilarəni döymədim”.

O, sentyabrın 24-ü saat 20 radələrində həmin mübahisəyə görə valideyinlərinin evinə getmək istəyən Dilarədən dəfələrlə getməməyini tələb edib.

Qadın həyat yoldaşının sözlərinə əhəmiyyət verməyib. Əfqan Dilarənin ata-anasının evinə getməsini özünə qarşı hörmətsizlik kimi qəbul edib. O, qəzəblənərək arvadını öldürmək qərarına gəlib.

Bu məqsədlə saat 21 radələrində sərxoş vəziyyətdə yaşadığı evin mətbəxindən bıçağı götürərək piyada Dilarənin valideyinlərinin evinə gəlib. Darvazanın içəridən bağlı olduğunu gördükdə dəmir çəpərdən aşmaqla evin həyətinə daxil olub.

Daha sonra evin qapısının açıq olduğunu görüb və içəriyə girib. Dilarənin olduğu otağa keçərək onun divanda oturduğunu görüb. Dilarəyə yaxınlaşaraq ondan yaşadıqları evə qayıtmasını tələb edib. Dilarə təkidlə yaşadıqları evə qayıtmayacağını və boşanacağını bildirdikdən sonra onu öldürmək qərarını qətiləşdirib.

Əfqan özü ilə gətirdiyi bıçağı belindən çıxararaq Dilarənin döş qəfəsinin sol hissəsinə zərbə vurub. Qadın aldığı xəsarətdən vəfat edib.

İstintaq orqanı tərəfindən Əfqanın barəsində Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham elan edilib.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əfqan 10 il dörd ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

 


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol