Deputat, tibb elmləri doktoru, ürək-damar cərrahı Rəşad Mahmudovun son illər artan ürək tutmaları ilə bağlı müzakirələr ətrafında BUTA.TV-a müsahibəsi:
- Rəşad bəy, son illər ürək tutmasından vəfat edən adamların sayında kəskin şəkildə artım müşahidə olunur. Həm də gənclər arasında da tez-tez bu xəstəliyin fəsadları olur. Sizcə, bunun səbəbi nədir?
- Təkcə Azərbaycanda yox, hazırda bütün dünyada ürək xəstəlikləri artıb. Bu isə hər kəsin - istər siravi insan, istərsə də səhiyyə işçisinin narahatlığına səbəb olur. Bunun isə bir neçə səbəbi var. Əlbəttə, başlıca səbəb kimi qida rasionunu deyə bilərik. Hazırda qidalar içində olan maddələrdə süniləşmə getdikcə artmaqdadır. Qida rasionunun miqdarının doğru tənzimlənməməsi də həyatımızda “metabolik sindrom” deyilən kökəlmə, şəkərli diabetin, yüksək təyziqin əmələ gəlməsinə şərait yaradır.
- Hərəkətsizlik də buna səbəbdirmi?
- Bəli, ikinci diqqət edilməli vacib bir məsələ də məhz budur. Həyatımızda olan hərəkət faktorları xeyli azalıb. Qloballaşan dünyada gedən proseslər insanları daha çox masa arxasında - fiziki gücün deyil, daha çox zehnin istifadə olunduğu əməyə üstünlük verməsinə gətirib çıxardır. Daha bir məsələ də stressin çoxalmasıdır.
- “Stress” – vaxtaşırı eşitdiyimiz sözdür. Bunu necə konkretləşdirək? İnsanların günlük həyatlarında olan problemlər?
- O da var, amma digər bir məsələ də insanların sosial şəbəkədən aldığı məlumatların əvvəlki illərə nisbətən daha çox və fərqli olmasıdır. Bu məlumatların beynimizdə emal edilməsi də bizimçün əlavə stress yaradır. Bu isə metabolik sistemə mənfi təsir göstərir.
- Sağlam həyat tərzi sürən idmançılar arasında belə ürək tutmasından vəfat halları geniş yayılıb, həm də deyilir ki, digər bir səbəb də koronovirusdur, daha dəqiq, peyvəndlərdir…
- Bilirik ki, “idmançı ürəyi” deyilən bir anlayış var. Keçmişdə də onların ani ölümlərinə rast gəlirdik, indi də gəlirik və gələcəyik də. İdmançı ürəyi, adətən, normadan çox yük altında olur, onlarda hipertoniya əmələ gəlir. Sadəcə, əvvəllər bunu yoxlamaq olmurdu, dünyada bugünki qədər elektrofiziologiya inkişaf etmədiyi üçün diaqnoz qoyula bilmirdi. Amma indi onlar xüsusi testlərdən keçir, yoxlanılır və bu hadisələrin qarşısı da qismən alına bilir. Lakin qəfil ölümün qarşısı istənilən halda alınmaz da ola bilir. Amma istər idmançıların, istərsə də idman etməyənlərin ölümünü virusla, peydəndlə əlaqələndirməyin ən azından tibbi tərəfdən heç bir açıqlaması yoxdur. Bu barədə qəti nəsə demək olmaz.
- Rəşad bəy, bəs qidaların süniləşməsi necə, qəsdən olan bir məsələdirmi, dünyadakı insan sayını azaltmaqmı istəyirlər?
- Təbii qidalardan uzaqlaşmaq məsələsi həm də insanların rahatlığını təmin etmək istəyindəndir. Ümumiyyətlə, dünyada insan sayının çox olması qidaya ehtiyacın da artmasına səbəb olur və bu da ortaya alternativ qidalar çıxardır. “Qidaları belə edirlər ki, insanlar ölsün” fonunda müzakirə etmək isə, məncə, doğru deyildir. Prosesin məqsədi həm də insanların aclıqdan ölməmək üçün qida ilə təmin olunmasına dəstəkdir. Axı insan artıqca qida da artmalıdır. Biz süniləşmiş qidalardan istifadə etdikcə bədənimizin genetik yaddaşı bu qidalara hazır olmadığına görə onları həzm, qəbul, emal edə bilmir və zaman keçdikcə xəstəliklər yaranır. Şəxsi düşüncəm budur ki, bəzi qidalarda süni maddələr xüsusi bir planlama deyil, həmin insan oğlunun özünə qarşı bilmədən etdiyi hərəkətdir. Bundan əlavə, kimsə kimisə məcbur etmir ki, fəstfud alsın. Üstəlik, evimizdə də təbii qidalarla qidalanmaq mədəniyyətini getdikcə itirməyə başlayırıq.
- Konkret olaraq ani ölümün qarşısını nisbətən almaq üçün ən azı müayinə oluna bilməyən adamlar nə etməlidir, hansı həyat tərzi mütləqdir?
- Bunlar bir az bilinən məsələlərdir. Konkret olaraq sağlam həyat tərzi, yəni, təbii qidalanma, üstəlik, mümkün qədər də az qidalanmaq. Və əlbəttə ki, aktiv həyat tərzi - idman etmək, stressdən uzaq olmaq. Məsələn, həftədə ən azı üç-dörd dəfə olmaqla qırx beş dəqiqə, bir saat templi bir yürüyüş etmək faydalıdır. O cümlədən, gündəlik olaraq da idman hərəkətləri vacibdir. Lazımsız yerə günümüzü sosial dünyada keçirməməliyik.
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir