Azərbaycan-Gürcüstan birgə şirkəti bu tenderdən kənarlaşdırıldı

12:54 - 25 Noyabr 2025 - GÜNDƏM

 Azərbaycan-Gürcüstan birgə şirkəti bu tenderdən kənarlaşdırıldı

Tiflisdə yeni stadionun inşası ilə bağlı elan edilmiş 876 milyon lari (325 mln. ABŞ dolları) dəyərində tenderə xitam verilib.

BUTA.TV APA-ya istinadla xəbər verir ki, bu barədə qərarı Gürcüstanın Bələdiyyə İnkişafı Fondunun Tender Komissiyası qəbul edib.

Komissiya tenderə təqdim olunan təklifləri nəzərdən keçirib. İki iştirakçı - Azərbaycan-Gürcüstan birgə “Makro - İnşaatçı” və Türkiyənin YDA İNŞAAT şirkəti müraciətləri natamam olduğu üçün tenderdən kənarlaşdırılıb. Nəticədə tenderin yeganə iştirakçısı Gürcüstanın “Anagi” şirkəti qalıb. Şirkətin təklifi digər iki iştirakçının təklifinin dəyərini xeyli üstələyib. Bələdiyyə İnkişafı Fondu hazırkı mərhələdə qalib şirkəti müəyyən edə bilməyib.

Komissiya sifarişçinin tələblərinin və tender sənədlərinin yenidən nəzərdən keçirilməsini zəruri hesab edib və tender prosedurunun ləğvi barədə qərar verib.

Qeyd edək ki, yeni stadion futbol və reqbi matçlarının keçirilməsi üçün UEFA-nın IV kateqoriyasının tələblərinə uyğun olacaq. Gürcüstanın ən böyük stadionunun Tiflis beynəlxalq hava limanı yaxınlığındakı 270 min kvadrat metr ərazidə inşası planlaşdırılır. Azarkeş tutumu 70 min nəfər təşkil edəcək. Tenderdə qalib gələcək şirkətə çoxfunksiyalı idman arenasının tikintisi üçün 4 il 3 ay müddət veriləcək. Qalibin bu il elan ediləcəyi halda inşaat işləri 2029-2030-cu illərdə başa çatdırılacaq.

Hazırda Gürcüstanın ən böyük stadionu təxminən 55 min tamaşaçı tutumuna malik Tiflisdəki Boris Payçadze adına “Dinamo Arena”dır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol