“Hər yerdə monopoliyadır, özbaşınalıq tüğyan edir, insanlar hara getsin?!”

13:11 - 3 İyul 2024 - CƏMİYYƏT

 “Hər yerdə monopoliyadır, özbaşınalıq tüğyan edir, insanlar hara getsin?!”

Yayın isti günləri artıq 1 aydır ki, davam edir. Bir çoxları yay aylarında istirahətə üstünlük verirlər. Buna görə də hərə bir xarici ölkəyə üz tutur. Tanınmışların bir çoxu xaricdə istirahət mərkəzlərini seçdiyi halda, bəziləri bölgələrə üz tutub. 

BUTA.TV-a yay istirahət planlarından danışan prodüser, teleaparıcı Tarix Əliyev (Tolik) Azərbaycanın bölgələrində qiymətlərin xeyli yüksək olduğunu bildirib: 

“İndi evdə oturmuşam, verilişim də bağlanıb, dincəlirəm. Mən də hamı kimi istirahət edirəm. İstirahət zonalarına gəldikdə isə Azərbaycanda bölgələrə gedib istirahət etməkdənsə, Avropaya gedib dincəlmək yüz dəfə çox sərf edir, bu, yüz dəfə daha ucuzdur. 

Məsələn, mən gedib Şamaxıda, Qəbələdə, Şəkidə qalsam, bir gündə 400-500 manat xərcləməliyəm, otaqlar da 250 manatdır. 

Avropaya isə 170-200 manata 4 saat yol uçursan. Ona görə də bu gün Avropaya getmək daha çox sərf edir. Çünki burada otellər od tutub yanır, 50 manata girişlər var. 50 manat giriş nə deməkdir? Orta əmək haqqı ilə dolanan bir ailə - valideynlər və 2 uşaq bir gün istirahət etmək üçün təxmini, 400 manat xərcləməlidir. 500-600  manata küçələri süpürüb pul qazanan analarımız-bacılarımız var”. 

Tarix Əliyev bu halları təbəqə bölgüsü kimi qiymətləndirib: 

“Bu, təbəqə bölgüsüdür. Bu cür yüksək qiymətlər qoyulur, təkcə bir yerə giriş 50 manata təklif edilir, heç yer də ödədiyin məbləğə görə çekləri vermir. Bunlar monopoliyadır, özbaşınalıq baş alıb gedir. Kim hansı qiyməti istəyirsə, o qiyməti də qoyur. 

Bu gün Bakıda pulsuz çimərlik 1-2 yerdə taparsan. Qalan bütün çimərlikləri zəbt ediblər. İnsanlar hara getsinlər?! Yaxşı, mənim pulum var, gedirəm. Bəs pulu olmayan insanlar hara getsin?! Bu insan bir qarpız, yarım kiloqram pendir, bir çörək alıb hara gedib uzansın? Heç yerə! 

Ucuz benzinin qiyməti qalxdı, rayonlarda da qiymətləri qaldıracaqlar. Hara getsin bu camaat?! Buna görə pul yığıb xaricdə istirahət etmək min dəfə daha ucuzdur. Monteneqro kimi bir yer vizasızdır. Orada gedib istirahət etmək rayonda bir həftə qalmaqdan min dəfə sərfəlidir”. 

Şeyla Səmiyeva 


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol