Deputatlığa namizəd: “Mühafizəçilər bizi içəri buraxmır”

13:16 - 13 İyul 2024 - CƏMİYYƏT

 Deputatlığa namizəd: “Mühafizəçilər bizi içəri buraxmır”

“Hələ ki, insanların əksəriyyəti parlament seçkilərinin keçirilməsindən, gün təyin olunmasından xəbərsizdir. Namizədlər haqda məlumatlar da əhalidə azdır. Biz imzatoplama kampaniyasına 5-ci gündür ki, başlamışıq. Çox zaman insanların məsələdən xəbərsiz olduğunu görürük və könüllülər onlara izah etməli olur ki, parlament buraxılıb, növbədənkənar seçkilər təyin olunub və sentyabrın 1-i seçki olacaq...” 

Bu sözləri BUTA.TV-a Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, tanınmış iqtisadçı ekspert Natiq Cəfərli  deyib.

33 saylı Xətai birinci seçki dairəsində mübarizəyə başlayan Cəfərli imzatoplama kampaniyasında üzləşdikləri çətinliklər barədə danışıb: 

“Fikrimcə, parlament seçkiləri ilə bağlı informasiyalar insanlar arasında daha geniş yayılmalıdır ki, bu barədə məlumatlılıq artsın. Prezident seçkilərindən öncə əhaliyə SMS-lər gəlirdi, telekanallarda tez-tez bu barədə məlumat verilirdi.  Məncə, Mərkəzi Seçki Komissiyası parlament seçkilərinə də eyni cür yanaşma göstərsə, daha yaxşı olar və seçki ilə bağlı məlumatlandırma artar. 

Bu xəbər hal-hazırda çox oxunur
Bu gün Bakıda mühüm addım atıldı - Nazir

Problemlərdən biri də yay fəslinin olmasıdır, insanların çoxu bu aylarda bağlarda, rayonlarda və ya xarici ölkələrdə olurlar, çox zaman qapılar bağlı olur. Hansısa qapını döyürsən, açan olmur. Biz ümid edirik ki, seçkiyə qədər - sentyabrın 1-i insanlar Bakıya qayıdacaq. Onlar geri dönərsə, daha çox insan seçkidə iştirak edəcək. 

Daha bir problem isə qeydiyyat məsələsidir. Bakıda, əsasən də Xətai rayonunda kirayə yaşayanlar çoxdur. Xətai rayonu şəhərin mərkəzi olduğu üçün kirayəşinlər arasında populyar yerdir. Bu səbəbdən çoxunun qeydiyyatı rayonlaradır. Bizi tanıyanlar, seçkidə məmnuniyyətlə iştirak etmək istəyənlər çoxdur, amma təəssüf ki, qeydiyyatları rayondadır. Bu da bizə problem yaradır. 

Bundan əlavə, yeni tikililər də bizə ciddi problem yaradır. Bizim könüllülər ən çox bundan şikayət edirlər. Çünki blokların qapısında kodlar olur, çox zaman da mühafizəçilər onları imza toplamaq üçün içəri buraxmırlar. Hərçənd ki, onların bu addımı atmağa ixtiyarları yoxdur. Mühfizəçilər könüllüləri içəri buraxmırlar ki, siz sakinləri narahat edəcəksiniz”. 

Natiq Cəfərli seçicilərin daha aktiv olması üçün əllərindən gələni edəcəklərini bildirib: 

“Yuxarıda sadalaladığım kimi texniki problemlər çoxdur, amma ümidimiz də çoxdur. Çünki insanlar məlumat aldıqdan sonra seçkiyə daha maraqlı olurlar, seçkidə iştirak etmək istəyirlər. İmzatoplama kampaniyasına 5-ci gündür ki, başlamışıq və artıq 30%-dən artıq imza toplamışıq. Bu həftə şənbə və bazar günləri daha çox könüllü ilə imza toplamağa çıxıblar.  Bu gün də hava küləklidir, yəqin ki, çimərliyə gedənlərin də sayı az olacaq və insanları evdə tapa biləcəyik. Bu gün və sabah qapıların üzümüzə açılması ehtimalı daha yüksəkdir. 

Biz təbliğatımızı da, kampaniyamızı da sürətlə aparacağıq. Hələ seçkilərə ay yarım vaxt qalıb, düşünürəm ki, bu müddət ərzində vətəndaşların məlumatlandırılması da daha yüksək səviyyədə olacaq. Biz seçki iştirakçılığının kifayət qədər yüksək olmasını istəyirik və buna çalışacağıq”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol