Azərbaycanlı Quranı yandırdı: Cəzası nə olacaq?

14:58 - 23 Avqust 2024 - CƏMİYYƏT

 Azərbaycanlı Quranı yandırdı: Cəzası nə olacaq?

Bu günlərdə sosial şəbəkədə naməlum azərbaycanlının Quranı yandırıb, Məhəmməd Peyğəmbəri təhqir etməsi ilə bağlı görüntülər yayıldı.  “Yeni Müsavat” xəbər verir ki, sosial media üzərindən Elxan Nəbiyev adlı bir şəxs Quran vərəqlərini qopararaq İslam Peyğəmbəri və müsəlmanların anası sayılan Xədicə haqqında təhqiredici sözlər söyləyərək, ilahi kitabı yandırıb. Bu görüntülər həm sıravi vətəndandaşların, həm də dini kəsimin qəzəbinə səbəb olub. 

Zaman-zaman Danimarkada, İsveçdə Quran təhqir edilərək yandırılarkən ölkəmizdə ciddi narazılıqlar, etirazlar səsləndirildi. Amma Azərbaycanda belə bir hadisənin olacağını heç kim ağlına gətirməzdi. Sosial media üzərindən Quranın vərəqlərini qopararaq, onu yandıran həmin şəxs və onun hərəkətləri nifrətlə qarşılanıb. Özünü ateist elan edən bu adamın əhalisinin böyük çoxluğu müsəlman olan bir ölkədə Qurana qarşı həqarətinin qəbuledilməz olduğu qeyd olunub. “Mən dindar deyiləm. Amma min illərdən bu günə qədər insanların qəbul etdiyi inancları təhqir etmək qəti yolverilməzdir. Ədəbsizlikdir, hamımıza qarşı həqarətdir. Heç bir səmavi dini- xristian, yəhudi,  pravoslav, islamı təhqir etmək olmaz və əgər təhqir edən varsa, dövlətimizin qanunları var. Cəzası verilməlidir”, deyə Ramil Vəliyev adlı sosial media istifadəçisi yazıb. 

Qeyd edək ki, Daxili İşlər Nazirliyindən bununla bağlı artıq araşdırma başladılıb. Həmin şəxsin Azərbaycanda yaşamadığı barədə iddialar da var.

Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan İlahiyyat İnstitutunun dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov Qurani-Kərimin yandırılması ilə bağlı “Yeni Müsavat”a bunları deyib: “Bəli, bu günlərdə hər kəs ölkəmizdə müqəddəs kitabın - Qurani-Kərimin yandırılmasının şahidi oldu. İnanıram ki, küçədə döyülən itə aidiyyəti qurumlar tərəfindən göstərilən həssas münasibətin (səbəbkarın cəzalandırılması) eynisi bu hadisəyə də şamil ediləcək. Sözüm onda deyil, sözüm əxlaqsızlıqdan danışan şəxsin qeyri-əxlaqi davranışı ilə paradoksallıq yaratmağındadır. Qurani-Kərimi yandıran bu şəxs cəmiyyətdə din, daha doğrusu İslam əleyhdarı kimi tanınır, dinin cəfəngiyat olmağından, qeyri-dini yanaşmanın təntənəsindən ağızdolusu danışır, dindarların, dini fiqurların, avtoritetlərin (xüsusən Həzrət Məhəmmədin) qeyri-əxlaqi həyat sürməkləri, bəşəri-humanist dəyərlərə zidd təlimlər gətirmələrindən söz açır. İnsan gərək əleyhinə danışdığı şeyləri öz həyatında əks etdirməsin, əks halda, danışdıqları atmosferə səpələnən səs dalğalarından başqa bir şey olmayacaqdır. Əgər biz nəyisə tənqid ediriksə,  bu, həmin şeydən uzaq olduğumuzu göstərir. Elə isə Peyğəmbəri əxlaqdankənar davranışlarda ittiham edən şəxsin gərgin emosional-psixoloji halət içərisində Qurani-Kərimi yandırması sizə qəribə gəlmir ki? Əlbəttə ki, bu davranışın bir adı var: tərbiyəsizlik və xırdalıq! Hər şeyi qoyaq qırağa: bir adam ki, razılaşmadığı ideyaya, fikrə adi ailə tərbiyəsi çərçivəsində münasibət bildirməyi bacarmır, tərbiyəsizlik edir, boş verin onu, elə davranın ki, sanki beləsi heç həyatda olmayıb. Belə tərbiyəsizə fikir verməyək! Belə xırda adamlardan sağlam tənqid, ali etiraz forması gözləməyək. Nəyiksə, davranışımız da odur! Xırda olduğu üçün gərgindir. Onun cığal uşaqlara xas bu davranışı Quranın, islamın təqdim etdiyi mənəvi-əxlaqi və sosial dəyərlərin ölməzliyi, eləcə də hər mədəniyyət daxilində (elə Azərbaycanın özündə!) özünə yer edərək vüsət kəsb etməsi qarşısında psixoloji narahatlıq keçirən təfəkkürün qıcıq reaksiyasıdır. İslam və Quranın hər yerdə özünə yer etməsi, əhalinin əhəmiyyətli hissəsi tərəfindən sevilməsi bu şəxsdə psixoloji travma yaradıb. 

Allaha, ilahi kəlama azğıncasına, təhqiramiz surətdə sataşan elə kimsə yoxdur ki, həyatda ikən yara tutmasın, yara səpməsin. Sözümü əsla, hərfən qəbul etməyin. Quran yandırmaq, İslamdan acıq çıxmaq hikkəsi yara tutmağın göstəricisi deyilmi?!" 


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol