Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda hündürlüyü 2412 metr olan əzəmətli bir dağ var. El arasında buna İlandağ, İnandağ və ya Haçadağ deyirlər. Həmişə dumanlı və təpəsindən buludların asıldığı kimi göründüyü üçün qədim döyüşçünün nəhəng dəbilqəsini xatırladır.
Məlumdur ki, hazırda Ermənistanda yerləşən Matandaran İrəvan Əlyazmalar və Sənədlərin Qorunma və Tədrisi Mərkəzində Azərbaycan və yaxın coğrafiyadan oğurlanan nadir sənədlər saxlanılır. Burada qədim İncilin nüsxələri də var. Tədqiqatçı Aram T.Qanalanyan 1969-cu ildə Ermənistan Elmlər Akademiyasının nəşriyyatı tərəfindən nəşr edilmiş “Erməni əfsanələri” (erməni dilində) kitabını bu qədim əlyazmalar əsasında işləyib.
Kitabda o, qədim İncilə əsaslanaraq, belə bir fikir yazır: “Tufan zamanı Nuhun gəmisi gecə bu dağa toxundu. Zərbə o qədər güclü idi ki, dağ ikiyə bölündü. Nuhun gəmisi dəyəndən sonra ilan və canavarlar burada məskunlaşdı. Ona görə də dağ İlandağ adlanır”.
İlandağ barədə Şumerlərə aid olduğu ehtimal edilən əlyazmalarda da qeydlər var. Oğuz türkləri dövründə İlandağ qədim müşahidə məntəqəsi kimi istifadə edilib. Yaxınlaşan təhlükə haqqında burada yandırılmış ocaq vasitəsiylə Əlincə qalasına, oradan isə Çalxanqala və Şapurqalaya məlumat verilirmiş.
Burada tapılan Urartu dövrünə aid e.ə. 820–810-cu illərə aid qədim mixi yazılardan aydın olur ki, ərazidə qədim dövrlərdən yaşayış olub. Dağın tarixi barədə yüzlərlə istinad və fakt var. Əsas məsələ qədimdən bizə bu günə qədər gəlib çatan mifik bir əfsanədir. Qədimdə insanlar inanırdılar ki, dağın əks tərəfində, ilanların çoxluq təşkil etdiyi yerdə balaca bir şəfaverici göl var: “Nuh peyğəmbər burda lövbər salanda Tanrı şəfaverici gölü yaratdı ki, onun ailəsi sudan içib uzunömürlü və sağlam olsun”.
Bəzi qaynaqlarda buna “Dirilik suyu” da deyirlər. “Bu gölü qəlbi təmiz, niyyəti saf olan adamlar görə və su içə bilər ancaq”, - əfsanələrdə yazılır.
Naxçıvanın XVIII əsrə aid bir folklor nümunəsində deyilir:
“Bir oğlan bu gölü axtarırdı. Getdi bir bulaq tapdı. Gördü bu bulağın başında bir qoca oturub.
Dedi:
– Qoca, bu nə sudur belə?
Qoca dedi:
– Bu, dirilik suyudur.
Oğlan istədi əyilə, dirilik suyundan içə, qoca qoymadı, dedi:
– Bala, içmə. Mən içib dadını görmüşəm; yaşım keçib, bütün bədənim çürüyüb əldən gedib, ancaq ölə bilmirəm. Ölüm də bir gözəl şeymiş, bala. Bu sudan içib, mənim günümə düşmə”.
İnanc və miflərə inansaq, bu şəxs Xızır peyğəmbər olub. Naxçıvanda ən çox sevilən bayramlardan biri də Xıdır Nəbi bayramıdır və Xızır peyğəmbərlə bağlı çoxsaylı fikirlər mövcuddur. Xıdır və ya Xızır qədim türk mifoloji təsəvvüründə ölüb-dirilən, zülmət dünyasından əbədi həyat bəxş edən dirilik suyunu tapıb içən və ölməzlik qazanan bir obrazı simvolizə edir. Türk mifik qaynaqlarında Xızır Yer, Su, Umay kimi bir vəli (övliya), yaxud hami ruh statusuna malik varlıq kimi səciyyələndirilir. İslamda Xızır dirilik suyunu içdiyinə görə peyğəmbər statusu qazanmışdır. 1647- ci ildə Azərbaycana gələn türk səyyahı Övliya Çələbi Xıdır-Zində pirini ziyarət etdikdən sonra “həmin türbədə yatan Xızırın bədəninin təzəliyinin hələ də qorunduğunu” qeyd etmişdir.
Qədim yunan əsatirlərində yazılır ki, Makedoniyalı İsgəndər Daranı məğlub edəndən sonra bərk xəstələnir. Yerli kahinlər ona Xızır içən sudan içməyi tövsiyyə edirlər və onun adamları İlandağa (onlar “Elamdağ” yazırlar) sudan gətirib ona verirlər və o sağalır.
“Koroğlu” dastanında dirilik suyu ilə əlaqədar süjet xətti var.
İlandağın zirvəsinə 3 və ya 4 cığırla qalxmaq mümkündür. Yalnız ilanlarla dolu olan ərazidən keçib bu gölü görmək olar - əgər niyyətin safdırsa. Çünki dağ öz sirrini hər kəsə aça bilməz. Bütün xəstəliklərin dərmanı olan gölün suyu eyni zamanda uzunömürlü həyat da bəxş edir insana. Bu sirri isə Dağ hələ də gizlədir. Qədim əfsanələrdə olan Dirlik suyunu qucaqlayıb insanlardan qorumaqda davam edir İlandağ.
- Suriyada hücumun arxasında Türkiyə dayanır? - Atabəy
- Bakını hədəfə alan qız Türkiyədə elə sözlər dedi ki... - Foto
- Dudanın Azərbaycan sərhədinə gəlişi... - Markov
- Hədəfimiz Azərbaycandır: iki qardaş xalq... - İranlı nazir
- Ermənistan himnimizə də göz dikdi: "Üç rəngli..."
- Qərbin hücumu və Bakıda qırılan “100 milyard” tilsimi
- Bakının tələbi var, yoxsa demarkasiya olmayacaq - Sərkisyan
- Polşa səfiri XİN-ə çağırıldı