Bu gün Türkiyənin Azərbaycandakı səfirliyində qardaş ölkənin Zəfər bayramı münasibətilə rəsmi qəbul təşkil edilib.
BUTA.TV xəbər ki, tədbirdə əvvəlcə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Rəsmi qəbulda dövlət və hökumət nümayəndələri, altıncı çağırış Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, hərbi attaşelər, beynəlxalq təşkilatların təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
İstiqlal Marşı səsləndikdən sonra Türkiyənin ölkəmizdəki səfiri Cahid Bağçı Prezident Rəcəb Tayyib Ərdoğanın 30 Avqust - Zəfər Bayramı münasibətilə təbrik məktubunu oxuyub.
Səfir türk xalqının və Türkiyə Silahlı Qüvvələrinin Mustafa Kamal Atatürkün rəhbərliyi ilə 1922-ci il avqustun 30-da tarixi Zəfər qazandığını qeyd edərək ölkəsinin 102 il bundan əvvəl başlatdığı mübarizənin Zəfərlə başa çatdığını vurğulayıb.
Türkiyənin son illər inkişaf edərək dünyada böyük güc mərkəzinə və söz sahibinə çevrildiyini vurğulayan diplomat ölkəsinin mühüm beynəlxalq məsələlərin həllində fəal iştirak etdiyindən danışıb. Cahit Bağçı Türkiyənin getdikcə gücləndiyini, müdafiə sənayesi sahəsində inkişafının 80 faizə çatdığını və dünyada böyük söz sahibinə çevrildiyini diqqətə çatdırıb.
“Əsrlər boyu qlobal güc mübarizələrinə şahidlik edən bir coğrafiyanın mərkəzində yerləşən Türkiyə Cümhuriyyəti “Güclü Türkiyə, Güclü Ordu” şüarı ilə Türk Silahlı Qüvvələrini gücləndirmək üçün səy göstərib. Bu gün Türkiyə NATO-nun 2-ci ən böyük hərbi qüvvəsinə malik ölkəyə çevrilib”, - deyə diplomat qeyd edib.
Vurğulayıb ki, “Türk əsri”nin də “Türk dünyasının əsri” olacağı inancı ilə işlər davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin “Ailəmiz türk dünyasıdır” ifadələri son dərəcə əhəmiyyətli, mənalıdır və bizim bu sahədə ortaq perspektivə malik olduğumuzu göstərir.
Səfir qeyd edib ki, dünyanın müxtəlif yerlərində müharibələrin, mühüm sınaqların yaşandığı bir dövrdə qardaş Azərbaycanla müttəfiqliyimiz, qardaşlığımız daha mühüm xarakter alıb.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov qardaş türk xalqını və Türkiyə Silahlı Qüvvələrinin bütün şəxsi heyətini Azərbaycan Prezidenti adından Zəfər bayramı münasibətilə təbrik edərək, bu möhtəşəm qələbənin Türkiyənin şanlı tarixinin ən parlaq səhifələrindən biri olduğunu bildirib.
Azərbaycanla Türkiyə arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu vurğulayan general-polkovnik əlaqələrin bu səviyyəyə çatmasında hər iki dövlət rəhbərinin rolunu qeyd edib.
“1922-ci il avqustun 30-da böyük sərkərdə, görkəmli dövlət xadimi Mustafa Kamal Atatürkün komandanlığı altında Türkiyə Ordusu Qurtuluş Savaşının taleyini və Türkiyənin gələcək müqəddəratını həll edəcək Zəfər qazandı. Bu Zəfər Türkiyənin zəngin tarixinin ən şərəfli səhifələrindən biridir”, - deyə o qeyd edib.
Ölkələrimiz arasındakı əlaqələrin, hərbi sahədə əməkdaşlığımızın inkişafı üçün yeni imkanlardan danışan Z.Həsənov Azərbaycan-Türkiyə münasibətlərinin Şuşa Bəyannaməsi ilə daha da yüksək-müttəfiqlik səviyyəsinə çatdığını vurğulayıb: “Bu gün Azərbaycan ilə Türkiyə arasında münasibətlər ən yüksək səviyyədədir. Azərbaycan-Türkiyə münasibətləri Ümummilli Liderimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” fəlsəfəsi ilə bütün istiqamətlərdə, o cümlədən müdafiə sahəsində də uğurla inkişaf edir.
Əzəli torpağımız Qarabağ uğrunda başlanan Vətən müharibəsinin ilk günündən Azərbaycan xalqı Türkiyənin haqq işimizə dəstəyini hiss etdi. Həmin dövrdə Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək iki ölkə arasındakı birlik və həmrəyliyin bariz nümunəsidir. Ölkələrimiz arasındakı tarixi, dini, siyasi və iqtisadi əlaqələr hərbi sahədə əməkdaşlığımızın inkişafı üçün yeni imkanlar yaradıb.
Hazırda Azərbaycan-Türkiyə əlaqələri Şuşa Bəyannaməsinə əsasən müttəfiqlik münasibətlərinə söykənir və bunun tərkib hissəsi kimi ordu quruculuğu sahəsində ardıcıl tədbirlər həyata keçirilir”.
Nazir vurğulayıb ki, iki ölkənin orduları arasında qarşılıqlı etibar və qardaşlığa əsaslanan əməkdaşlıq birliyimizi möhkəmləndirir, bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin qorunmasına və xalqlarımızın rifahının daha da yüksəlməsinə xidmət edir.
Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən hazırda Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılması istiqamətində zəruri addımlar atılır.
Onun sözlərinə görə, həyata keçirilən uğurlu hərbi islahatlar tətbiq olunan yeni texnologiyalar, habelə silahlanmaya daxil edilmiş müxtəlif təyinatlı hərbi vasitələr Ordumuzun əməliyyat imkanlarını xeyli artırıb və döyüş qabiliyyətini yüksək səviyyəyə çatdırıb.
Bu il ərzində müxtəlif qoşun növlərinin cəlb olunması ilə “Qafqaz Qartalı”, “Efes”, “Kurtaran”, “Anadolu Ankası” və digər təlimlər keçirilib. Bundan sonra da birgə təlim və məşqlərin sayının artırılması planlaşdırılır.
Qardaş Türkiyə xalqını və Silahlı Qüvvələrinin şəxsi heyətini Zəfər Bayramı münasibətilə ürəkdən təbrik edən nazir deyib: “Dövlətçilik və azadlıq uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anır, Azərbaycan və Türkiyəyə yeni qələbələr və uğurlar arzulayıram”.
Sonda Zəfər Bayramı münasibətilə film nümayiş olunub.
- İsrail taktiki uğur qazandı: bəs İran nələr itirdi?
- Afina İrəvana bu sistemləri göndərir: Bakı artıq tədbir görür
- Yanvarın 1-dən bu şəxslər cərimələnəcək - Rəsmi
- Ermənistan ordusu haubitsalarla Kərkiyə gedir – Video
- Hikmət Məmmədov işdən çıxarıldı
- Tovuzda yol qəzasında ölənlərdən beşi hərbçidir - MN
- COP29-da Qərb məsuliyyətdən yayınmağa çalışdı - Zaxarova
- Fəzail Ağamalıdan yayılan xəbərlərə reaksiya: Utanmıram!