Zəngəzur dəhlizi ilə bağlı Rusiyanın konkret addımlara hazırlaşdığı müşahidə edilir, hətta Baş nazirin müavini Aleksey Overçukun İrəvana səfər edərək, Nikol Paşinyanla görüşməsinin səbəbinin də kommunikasiyaların açılması olduğu elan edilib.
Overçuk kommunikasiyaların açılması – Zəngəzur dəhlizi məsələsində 9 (10) noyabr bəyanatının əsas götürülməli olduğunu İrəvanda belə xüsusi vurğuladı. Buna baxmayaraq, kommunikasiyaların Ermənistanın ərazi bütövlüyü və suverenliyi daxilində olması qeydini də unutmadı.
İran isə Rusiyanın bu istiqamətdə hərəkətlənməsindən ciddi əndişə keçirir – Tehran rəsmiləri bir-birinin ardınca Zəngəzur dəhlizinə qarşı bəyanatlar verməkdən çəkinmirlər. Hətta iş o yerə çatır ki, İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Fəda Hüseyn Mələki Rusiyaya xəbərdarlıq edilməsini tələb edib.
Əslində Rusiyanın ritorikası ilə İranın elan etdiyi mövqe arasında heç bir fərq yoxdur: İran Fransadan qəti fərqlənməyən mövqe sərgiləyir və Ermənistanın ərazi bütövlüyü və suverenliyini bayrağa çevirib, başının üstündə dalğalandırır – hətta bunun pozulacağı təqdirdə güc tətbiqini də istisna etmir. Halbuki Rusiya da kommunikasiyaların açılmasına Ermənistanın ərazi bütövlüyü çərçivəsində baxdığını bildirib. Bəs, nədir İranı “narahat” edən və Rusiyaya barmaq silkələməyə qədər əsəbiləşdirən?
İran Zəngəzur dəhlizinə Rusiyanın nəzarət edə biləcəyi ehtimalını aradan qaldırmağa çalışır, baxmayaraq ki, 2020-ci il 10 noyabr bəyanatında dəhlizə nəzarətin Rusiya FTX-sində olacağı aydın yazılıb. Paşinyan bu fikri tam təkzib etsə də, hazırda Ermənistanda yeni “təfsir” ortaya qoyulub və iddia edilir ki, 10 noyabr bəyanatının 9-cu bəndində Rusiya FTX-nin Sərhəd Xidmətinin “Ermənistandan keçən bütün yola” deyil, sərhəddəki giriş və çıxışlara nəzarət edəcəyi nəzərdə tutulub. Bu isə Ermənistanın ərazi bütövlüyünə qətiyyən xələl gətirmir – zatən, Ermənistanın sərhədlərinin əhəmiyyətli hissəsini hazırda da rus sərhədçilər qoruyur.
İran rəsmiləri Rusiyanın bu açıqlamasını “Azərbaycan və Ermənistanın daxili işlərinə müdaxilə” adlandıracaq qədər uzağa gedirlər. Guya Azərbaycanın “daxili işlərinə qarışılması” Tehranı bu dərəcədə narahat edirmiş.
Əlbəttə ki, bunlar bəhanədir və İran yaxşı anlayır ki, Rusiyanın təzyiqi olmayacağı halda Ermənistana “Azərbaycandan Azərbaycana prinsipi” ilə dəhliz verilməsinə mane olmaq daha asandır. Rusiya isə heç bir halda güzəştə getmək niyyətində deyil və Cənubi Qafqazda əsas nəqliyyat marşrutunda söz sahibi olmaq imkanlarını genişləndirməyə çalışır.
İşin ən maraqlı tərəfi İranın bu məqamda Rusiya ilə hədə dilində danışmasıdır: gah “Rusiyaya raket verdiyinə görə Qərbin Tehrana təzyiqinin artdığı bir məqamda” Kremlin Cənubi Qafqazda onlara güzəştə getməməsindən şikayətlənirlər, gah da Rusiyaya qarşı bəyanatlar səsləndirirlər.
Ancaq hər bir halda Rusiya da İranın “hədələrinin” hansı səviyyədə olduğunu yaxşı bilir. İran 31 iyulda Tehranda qətlə yetirilən HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qisasını almağa hələ də cəsarət etmir. Yəni İran öz ölkəsinin paytaxtına dəvət edilən, burda prezidentin andiçmə mərasimində iştirak edən HƏMAS-ın siyasi liderini nəinki qorumağı bacardı, hətta qonağının qətlə yetirilməsinin qisasını almağa qorxur - Haniyənin artıq 40-ı da çıxıb, hadisədən 50 günə yaxın vaxt keçib, İran isə “qisas” sözünü son vaxtlar ümumiyyətlə işlətmir.
Öz paytaxtında öldürülən qonağının qisasını almağa cəsarəti çatmayan İranın Rusiyanı “hədələməsi” Kremli nə dərəcədə “qayğılandıra” bilər? İsrailə 3-5 raket atmaq üçün 50 gündür “düşünən” Xamenei Rusiyaya qarşı nə edə bilər ki?
İran Haniyəyə görə büsbütün tar-mar olan nüfuzunu Cənubi Qafqazda “maraqlarının sərt şəkildə qorunması” ritorikası ilə bərpa etməyəmi çalışır? Yoxsa Rusiyaya verdiyi dəstəyin əvəzini almadığından qeyzlənib?
Hər bir halda İranın Rusiyaya qarşı ritorikası və “Azərbaycan və Ermənistanın daxili işlərinə qarışmaqda” Kremli suçlaması gülüncdür. Əvvəla ona görə ki, Zəngəzur dəhlizinin birləşdirdiyi Orta Dəhliz iki ölkənin “daxili işi” deyil – burda yaxın qonşulardan tutmuş “uzaqdakı” beynəlxalq güclərə qədər, çoxsaylı aktorların iqtisadi-siyasi maraqları var.
İkincisi, İranın “başqa ölkənin işinə qarışmağa qarşı” çıxması da gülüncdür – İran birbaşa Ermənistanın daxili işlərinə qarışır, hətta Qafanda konsulluq açacaq qədər.
Üçüncüsü, Ukraynanın yarısını işğal edən Rusiyaya “Ukraynanın daxili işlərinə qarışır” iradını bildirməyib də, Cənubi Qafqazda istifadə edəcəyi nəqliyyat dəhlizində rol almasına görə - illah da 5 min ordusu, 4 mindən çox sərhədçisinin məskunlaşdığı, sərhədlərini qoruduğu, iqtisadiyyatının artıq 90%-nə nəzarət etdiyi Ermənistanın “daxili işlərinə qarışmaqda” Kremli suçlamaq özü əbləhlikdir.
- 70 kq qızılla saxlanılan azərbaycanlı ilə bağlı yeni fakt
- Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti
- Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video
- Duda İrəvanda Azərbaycandan danışdı
- Samirə Ermənistana buraxılmadı, Paşinyana mesaj verdi - Foto
- Kəşfiyyatçılar Moskvada bir araya gəldi
- "Azpulmat” və “Manato”dan istifadə edənlərə mühüm xəbər
- Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov