“Teleqramda səs atdım ki, dövlət xadiminin həyatına son qoymaq halaldır?”

10:01 - 25 Sentyabr 2024 - KRİMİNAL

 “Teleqramda səs atdım ki, dövlət xadiminin həyatına son qoymaq halaldır?”

Dövlət və ictimai-siyasi xadimlərə sui-qəsd planlaşdırmaqda və digər ağır cinayətlərdə ittiham olunan Elşən Nəcəfovun məhkəmə araşdırması davam edir.

BUTA.TV”nun məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda Elşən Nəcəfov sərbəst ifadə verib. Bundan əvvəlki yazımızda Elşənin nədə ittiham edildiyi barədə məlumat vermişdik. 39 yaşlı müttəhim dövlət və ictimai-siyasi xadimlərə sui-qəsd planlaşdırmaqdan əlavə, terrorçuluqda və dini ekstremist materialları saxlamaqda ittiham edilir.

İfadəsindən görünür ki, o, ali təhsillidir. İqtisad Universitetində bakalavr pilləsi üzrə təhsil alıb. Özü isə həbsinə kimi 10 il Elm və Təhsil Nazirliyində işləyib. Nazirliyin dəftərxana şöbəsinin baş məsləhətçisi olub.

Sonuncu dəfə elə işə gedərkən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən tutulub. Əməliyyatçılar məhkəmə qərarı ilə onun Elm və Təhsil Nazirliyindəki iş yerinə də baxış keçirib, xidməti kompüterini yoxlayıblar: “Məni müstəntiqin otağına aparıb müxtəlif suallar verdilər. Əvvəlcə verilən ittihamların nə olduğunu bilmirdim”.

Təqsirləndirilən şəxs ittihamla bağlı danışmaqdan yayındığı üçün iclas tərəflərin sualları ilə davam edib.

Elşənə ittihamlardan biri dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etməyə hazırlıq görülməsi ilə bağlıdır. Burada isə söhbət həm yerli, həm xarici dövlət xadimlərinə qarşı planlaşdırılan sui-qəsddən gedir.

İstintaq materiallarında yazılır ki, müttəhim Nəcəfov uzun illərdir xarici ölkədə yaşayan “Riza Kazimi” kimi tanınan Əliyev Rahim Rasim oğlu ilə internet vasitəsilə tanış olub. Sonradan onun təlimatları nəticəsində bir neçə dövlət və ictimai-siyasi xadimlərin həyatına sui-qəsd törətməyə hazırlaşıb. Ölümü planlaşdırılan şəxslər arasında ölkəyə səfər edəcək xarici dövlət rəsmilər və ölkədə bəzi şəxslərin adı keçib. O, həmçinin xarici ölkə səfirliyini izləyib.

Onu bu cinayətləri törətməsi üçün “Riza Kazimi” silah-sursatla təmin etməli imiş. Bu məqsədlə o, əvvəlcə hədəfləri izləyib, onların iş yerləri və iştirak etdiyi tədbirlər haqda məlumatlar toplayıb. 

Elşən hakim qarşısında deyib ki, günlərin birində “Riza Kazimi”yə teleqram üzərindən səs yazısı göndərib. Ondan islam şəriətində bəzi dövlət xadiminlərinə sui-qəsd etməyə necə baxıldığını soruşub: “Mənə maraqlı gəldi ki, görəsən, dövlət xadiminin həyatına son qoymaq halaldırmı?.. Rəhimə teleqramdan səs atdım. Bu cinayəti törədənə şəriətdə nəcə baxıldığını soruşdum. Üstündən xeyli vaxt keçəndən sonra həmin mesajları sildim”.

Ona verilmiş başqa bir ittiham isə dini ekstremist materialları saxlamaqla bağlıdır. Evinə baxış zamanı da bu cür kitablar aşkar edilib. Bundan başqa o, sosial şəbəkələrdə açdığı “Əli Zülfüqar” adlı hesabında konstitutsiya quruluşunun zorla dəyişilməsinə yönəlik paylaşımlar edib. Bundan əlavə, dini ekstremist materialları yayıb, həmçinin ona bəraət qazandıran çıxışlar edib.

O, məhkəmədə sosial şəbəkələrdəki müxtəlif hesabların ona məxsus olduğunu təsdiq edib.

Növbəti iclas oktyabrın 3-ü keçiriləcək.

Elşən Nəcəfovun xarici dövlət rəsmilərinin Azərbaycana səfəri zamanı onlara və Azərbaycanın dövlət və ictimai xadimlərinə qarşı ictimai tədbirdə imkan əldə edib terror hücumu etməyə hazırlıq hərəkətləri barədə qətiyyətini ifadə etdiyi və əlbir olduğu şəxsə göndərdiyi səs yazıları iş materiallarına əlavə edilib.

Qeyd edək ki, Elşən Nəcəfova qarşı Cinayət Məcəlləsinin  28, 277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsdə hazırlıq), 214-2 (terorçuluğa açıq çağırışlar), 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar təkrar törədildikdə) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə yekun ittiham elan edilib. Bu maddələrin sanksiya həddi ömürlük azadlıqdan məhrum etməyə qədərdir


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol