Azərbaycan üzgüçüləri üçün məhsuldar iyul ayı

15:32 - 22 İyul 2026 - GÜNDƏM

 Azərbaycan üzgüçüləri üçün məhsuldar iyul ayı

Üzgüçülük üzrə Azərbaycan milli komandası və yeniyetmələrdən ibarət suya tullanma üzrə milli komanda bir neçə turnirdə uğurla çıxış ediblər. 

BUTA.TV” xəbər verir ki, öncə üzgüçülərimiz Slovakiyanın Şamorin şəhərində təlim-məşq toplanışı keçiblər. Daha sonra milli komanda Almaniyanın Münhen şəhərində baş tutan yüksək rəqabətli Avropa Çempionatında (U-18) qüvvəsini sınayıb. Turnir iştirakçılarının bir çoxundan yaşca geri qalan Azərbaycan təmsilçiləri öz nəticələrini yaxşılaşdırmağa müvəffəq olublar. 

Anastasiya Qnusina (14 yaş, 3 kateqoriyada), Fərhad Şirməmmədli (15 yaş, 3 kateqoriyada), Məryəm Cavadova (14 yaş, 3 kateqoriyada), Oqtay Hüseynov (16 yaş, 1 kateqoriyada) və Yeqor Maynitski (16 yaş, 4 kateqoriyada) şəxsi rekordlarını yeniləyiblər. Ötən il Slovakiyada keçirilmiş qitə birinciliyində üzgüçülərimizdən 5 şəxsi rekord, bu dəfə isə ümumilikdə 14 şəxsi rekord qeydə alınıb. 

Həmçinin 2025-ci il MDB Oyunlarının qalibi və İslam Həmrəyliyi Oyunlarının mükafatçısı Süleyman İsmayılzadə (17 yaş) sərbəst üsul ilə 1500 metr məsafədə AÇ-nin finalına vəsiqə qazanıb və nəticədə 6-cı yeri tutub. Ötən il Süleyman eyni yarışda Avropa 7-cisi olmuşdu. Əlavə edək ki, yaşından asılı olaraq, yuxarıda adıçəkilən idmançıların hər biri hələ ən azı daha bir dəfə 18 yaşadək üzgüçülər arasında keçirilən qitə birinciliyində çıxış edə bilər. 

Bu xəbər hal-hazırda çox oxunur
Arzum ev dustaqlığına buraxıldı - Yenilənib

Ardınca daha geniş heyətlə üzgüçülük üzrə milli komandamız Gürcüstanın Kutaisi şəhərində təşkil olunmuş Beynəlxalq Üzgüçülük Çempionatında çıxış edib. Burada ümumilikdə 55 medal qazanılıb. Mükafatların 22-si qızıl, 19-u gümüş (15 fərdi, 4 estafet) və 14-ü bürüncdür (12 fərdi, 2 estafet). Fərdi yarışlarda 11 Azərbaycan idmançısı medal qazanıb: Abdurrəhman Rüstəmov (1 qızıl, 1 gümüş, 1 bürünc), Amin Oruclu (2-3-1), Anastasiya Boborıkina (0-0-2), Mehri Əbdürəhmanlı (4-3-1), Məryəm Cavadova (5-3-1), Oqtay Hüseynov (1-0-3), Ramal Sadıqlı (1-1-1), Ramil Vəlizadə (1-1-0), Vlastilina Xasyanova (0-1-2) və Yeqor Maynitski (7-2-0). Səid Həmidov isə estafet yarışlarında millinin uğurlarına töhfə verib. 

Gürcüstandakı yarışla paralel Belarusun paytaxtı Minsk şəhərində keçirilən Açıq Kubok yarışında Azərbaycan milli komandasının üzgüçüsü Fatimə Alkərəmova məşqçi Yana Xasyanovanın rəhbərliyi altında mübarizə aparıb. Qarışıq üsul ilə 400 metr məsafədə Fatimə bürünc medal qazanıb, bras üsulu ilə 100 metr məsafədə isə şəxsi rekordunu yeniləməyə nail olub. 

Üzgüçülərimiz artıq Bakıya qayıdıblar və fasilə vermədən növbəti turnirlərə hazırlıq prosesinə başlayıblar. Bu il milli komandanın ilk dəfə beynəlxalq status daşıyacaq "Ganja Cup" turnirində (5-6 avqust), böyüklər arasında Avropa Çempionatında (10-16 avqust, Paris, Fransa), Bakıda keçiriləcək Dünya Kubokunda (1-3 oktyabr) və Yeniyetmələrin Olimpiya Oyunlarında (31 oktyabr - 13 noyabr, Dakar, Seneqal) iştirak etməsi planlaşdırılır. 

Qeyd edək ki, üzgüçülük üzrə Azərbaycan milli komandasının baş məşqçisi Luka Qabrilodur. Məşqçilər heyətinə həmçinin Rəşad Əliyev, Ruslan Hətəmxanov və Teymur Quliyev daxildirlər. Bu il idmançı karyerasını başa vurmuş Rəşad Alquliyev də hazırda məşqçi kimi təcrübə toplamaqdadır. 

Suya tullanma üzrə yeniyetmələrdən ibarət milli komandamızın üzvləri də üzgüçülərdən geri qalmayıblar. Paytaxtımızda artıq 2-ci dəfə keçirilmiş "Gələcəyə Doğru" yarışının ardınca idmançılar 2 həftəlik təlim-məşq toplanışı üçün Türkiyənin İzmir şəhərinə yollanıblar. Qardaş ölkədəki TMT-dən sonra isə suya tullananlarımız baş məşqçi Anton Melnikov və məşqçi Angelina Melnikovanın rəhbərliyi altında Bolqarıstanda təşkil olunmuş "Sofia Diving Cup" turnirində qüvvələrini sınayıblar.

Yarışda Mehri Ağayeva (8 yaş) bir gümüş və bir bürünc medal, Maqsud Tahirli (12 yaş) və Muhamməd Hüseynov (9 yaş) isə hərəyə bir gümüş mükafat qazanıblar. Mehri və Muhamməd ilə bərabər, Ayla Hüseynova (12 yaş), Sofiya Ağayeva (6 yaş) və Suada Tahir (14 yaş), keçən ilki yarışla müqayisədə həm qazanılan xallar, həm də turnir cədvəlindəki mövqe baxımından öz nəticələrini yaxşılaşdırıblar. Ötən il Sofiyada D qrupunda 3 qızıl medal qazanmış Maqsud isə bu il daha yüksək C qrupunda mübarizə aparıb.










Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol