27 Sentyabr – sübh çağı, səhər tezdən, 06:00-da Azərbaycan xalqının illərlə, onillərlə deyil, az qala 100 il gözlədiyi Əmr verildi;
27 Sentyabrda – 1920-ci il 28 apreldə işğal edilən cümhuriyyətdən üzü bəri parçalanan, ərazisində yaradılan erməni dövlətinə 20 min kv.km hədiyyə edilən, daxilində isə 4 min kv.km-da daha bir erməni muxtar qurumu ilə bağrına bıçaq sancılan və başının altına mina qoyulan Azərbaycanın katarsisi başladı!
27 Sentyabrda Ali Baş Komandan İlham Əliyev 400 minlik Ordunun, Prezident İlham Əliyev isə 10 milyonluq Dövlətin, 50 milyonluq Xalqın arzusunu dilə gətirdi: Əks-hücum başladı!
Əks-hücuma keçən yalnız Ordu deyildi – 10 milyonluq Azərbaycan, 50 milyonluq Azərbaycan xalqı da deyildi; bu hücumda bilirsinizmi kimlər vardı:
- Cavad xandan, Hüseynqulu xandan Nuru Paşaya qədər, minlərlə adlı-adsız, bu xalqın taleyindən narahat ruhlar vardı;
- Əhməd bəy Ağoğlu vardı, Əli bəy Hüseynzadə vardı, Rəsulzadə, Xan Xoyski, Müşfiq, Cavid Əfəndi, 37-də qətlə yetirilənlər, 1933-dən 1988-ə qədər 4 dəfə deport olunub, yurd həsrətilə ölənlər vardı;
- 90-larda öz yurd-yuvalarından qətl-qarətlə didərgin salınan, bu dərdə dözməyib ölən, qisasın qiyamətə qaldığını sanıb bağrı çatlayan çarəsizlərin naləsi vardı...
Rusiyanın 3 ilə yaxındır özündən qat-qat kiçik bir ölkədə bataqlığa düşməsindən sonra bir daha Azərbaycanın 44 günə bu boyda zəfəri necə qazana bildiyi haqda təəccüb yaşanır.
Ukraynaya çoxsaylı silahmı verirlər? – Ermənistana da verirdilər; Rusiyadan, Fransadan silah-sursat daşınırdı, İran ümumiyyətlə dayanmırdı – həm İrəvana göndərilən silahların keçidinə şərait yaradırdı, həm də Ordumuzun önünə çıxıb, guya “sərhəd pozuntusu” bəhanəsi ilə hücumu ləngidirdi;
Ukraynaya siyasi-maddi dəstəkmi verirlər? – Ermənistana da verilirdi: az qala bütün dünya rəsmi Bakıya hücumu dayandırması üçün təzyiq edirdi.
Ancaq situasiya fərqliydi: Azərbaycan öz torpağı üçün savaşırdı, öz yurdunu azad etməyə başlamışdı və heç bir beynəlxalq qanunu pozmurdu. Digər tərəfdən, bu müharibəni ümumxalq savaşıydı – Rusiya kimi miqrantlar oğurlanıb, cəbhəyə göndərilmirdi, “Vaqner” yox idi, savaşdan qaçanları geri qaytarmaq üçün “ordu” ayrılmamışdı.
Əksinə, bu xalqın gəncləri müharibəyə getmək üçün hərbi komissarlıqların qapılarında yatırdı, bəzən dava salırdı: qısa müddətdə onminlərlə gənc könüllü toplanmışdı və çağırılmadıqlarına görə asi düşənlərin sayı-hesabı yox idi;
Hər yerdən Ermənistana yardım gəlirdi – maddi, hərbi, hətta pulla tutulmuş muzdlu...
Azərbaycana heç bir yerdən maddi yardım gəlmirdi – amma hər şey saat kimi çalışırdı.
Çünki Dövlət var, Güc var, Dövlətin Lideri var!
Çünki xalq özü vuruşurdu – malıyla, varıyla, canıyla... Əsgər maşınları üçün yola çıxanlar, olan-olmazını verənləri görəndə göz yaşlarına boğulmamaq mümkün deyildi!
Xalq 100 illik qisasını püskürürdü; Xalq torpağa sevgisini nümayiş etdirirdi!
27 sentyabrda Ermənistan mediası da, Azərbaycan mediası da ağlayırdı!
Ermənistan kanallarında ilk zərbə nəticəsində darmadağın olan orduya görə!
Azərbaycan mediası isə onillərlə gözlədiyi Zəfərin ilk sorağına, kəndlərimizdən ilkinin azad olunmasına görə!
27 Sentyabrın eyforiyasını, mistikasını, fərəhini, başgicəlləndirici sevincini; o ruhu, o möhtəşəmliyi, o ucalığı, o inanılmaz sevgi selini heç nə, heç bir şeylə müqayisə oluna bilməz!
Heç kim o yaşantıları izah etmək gücündə deyil – çünki o ruh halının şəkli, forması yoxdur; o, İlahi ucalıqdır, İlahı bəxşişdir!
Şəhidlərimizin ruhu şaddır! Qazilərimizin canı sağ olsun!
Xalqımızı onillərin, yüzillərin utancından, torpağımızı yüz ilin işğalından qurtaranlara əbədi şükranlığımız var!
Bu Zəfərə aparan Yolu cızan, onu addım-addım gedən, bunun üçün Ordunu quran, iqtisadiyyatı nizamlayan, xalqı yetişdirən, beynəlxalq siyasi şəraitin yetişdirən, müttəfiq və qardaşlarını 27 Sentyabr üçün toparlayan, siyasi, hərbi, iqtisadi gücü xalqın gücü ilə ucaldıb, bütün təzyiqləri sinəsinə çəkən Komandana şükranlığımız var!
O, heç nəyi gözardı etmirmiş, heç bir nüansı buraxmırmış, ən xırda detalı belə onun yaddaşına yazılırmış: nə Köçəryan kimi qatilin Heydər Əliyev kimi nəhəngin qarşısında “qalib duruşunu”, nə “Qarabağ heç vaxt müstəqil Azərbaycanın tərkibində olmayıb” lovğalığını, nə erməni siyasilərin ədalarını, nə Paşinyanın Şuşada rəqsini, Cəbrayıla yol çəkmək istəyini...
O jestlər, o davranışlar, o ritorika – ki, vətəndaş cəmiyyətlərinin görüşündə belə “biz güclə torpaq almışıq, cəsarətiniz varsa, gəlin, savaşın, alın” kimi açıq meydanoxumalarının doğurduğu qəzəbdən yaranan göz yaşlarımızı...
Biz yatmırdıq, bütün arzularımızın başı Qarabağ idi!
İlham Əliyev də yatmırmış – amma çarəsizlikdən yox, özünün və bizim arzularımızı həyata keçirmək üçün!
Arzularımızı həyata keçirən Tanrıya və onun bizə bəxş etdiklərinə şükürlər olsun!
Tanrı cümhuriyyəti bizə miras qoyanlara, cümhuriyyəti qorumaq yolunda ölənlərə, cümhuriyyəti qoruya bilmədiyi üçün həsrətdən ölənlərə, cümhuriyyət ideyalarını onillərlə yaşadıb, nəsildən-nəslə ötürənlərə rəhmət eləsin!
Tanrı bu ölkənin yenidən müstəqilliyini yazanlara, bu dövləti parçalanmaqdan qoruyub, yox olmaqdan xilas edənə və bu dövlətin gələcəyini quran Böyük İnsana rəhmət eləsin!
Tanrı bu Böyük İnsanın idealını çin edib, münaqişəni bitirən və ərazi bütövlüyünü bərpa edən yeganə və hələlik ilk ölkə kimi Azərbaycanın adını tarixə qızıl hərflərlə yazan, Azərbaycan xalqının qürurunu, ləyaqətini, mənliyini, milli namusunu özünə qaytarıb, Xocalının, Ağdabanın qisasını alan Liderini qorusun!
- Ermənilərin Gəncəni üçüncü dəfə bombalamasından 4 il ötür
- Moskvada MDB liderlərinin qeyri-rəsmi naharı oldu
- İsrailin Bakı səfirliyindəki bayraq yarıya endirildi
- Vardanyanla bağlı Qərbin PR maşını işə düşdü
- Qərb buna görə Ermənistanı dəstəkləyir - Korotçenko
- Əliyevin erməni xalqı ilə bağlı siyasəti... - Şevçenko
- Prezidentin müavin təyin etdiyi İslamzadənin dosyesi
- İlham Əliyev Putinlə görüşəcək