Tehranın Bakıya “hücum” taktikası – İran nədən qorxur?

08:00 - 3 Yanvar 2025 - SİYASƏT

 Tehranın Bakıya “hücum” taktikası – İran nədən qorxur?

İranda Azərbaycan və Türkiyəyə qarşı təhdid çağırışlarının edilməsi bu ölkənin Suriyada məğlub olması və Yaxın Şərq strategiyası-planında ciddi itkilərlə üzləşməsi ilə paralellik təşkil edir. Tədbirin Ərdəbildə keçirilməsi və “Şah İsmayıl Xətainin nəvələri” adı ilə çağırışlar edilməsi də İranın məzhəbçiliyə əsaslanan siyasətindən irəli gəlir. Və birdən çox hədəfə hesablanıb.

Birincisi, Əsədin devrilməsindən sonra Suriyada güclənən və İranın mövqelərini tamamilə nəzarətə götürən Türkiyəyə müttəfiqi Azərbaycanı hədəf seçməklə kontr-cavab verməyə çalışırlar. Bu, həm də Tehranın Ankaraya “Suriyada mənim də mövqelərimi nəzərə al” mesajını vermək, nəzərə alınmayacağı təqdirdə “nələr edə biləcəyini” sərgiləmək cəhdidir. “Şah İsmayılın nəvələri Bakıda bayraq sancacaq” təhdidi də buna hesablanıb.

İkincisi, Güney Azərbaycan ictimai rəyində Bakıya qarşı antimünasibət formalaşdırmaq məqsədi daşıyır. Bu, Tehranın perspektiv qorxularından qaynaqlanır. Çünki Yaxın Şərqdə “müqavimət oxu” dağıldıqdan sonra İran ətrafında çəmbər daralır və proseslərin pozitiv-neqativ olmaqla iki ssenari üzrə davam etməsi gözləntiləri artır: pozitiv – rejimin dəyişdirilməsi; neqativ – ölkənin mümkün parçalanması;

Hər iki proses İrandakı xalqların azadlığı – heç olmasa, mədəni haqlarının təmin edilməsi tələblərini də aktuallaşdıracaq. Ki, güneyli soydaşlarımızın ünvanının Bakı və Ankara olacağı bəllidir. İran rejimi bu perspektivə qarşı məzhəb kartından istifadə etməyə çalışır və təbliğatın artacağı aydındır. Artıq Azərbaycan auditoriyasına hesablanmış qruplar vasitəsilə Türkiyə haqqında mənfi rəyin yaradılmasına start verilib.

Üçüncüsü, İran həm daxili auditoriyada, həm də “müqavimət oxu” coğrafiyasında diqqəti “yeni düşmənlər” üzərinə fokuslayır. Düşmən kimi Ankaranı görsələr də, Xamenei Əsədin devrilməsində Türkiyənin adını çəkə bilmədiyi kimi, mesajı da birbaşa yox, Azərbaycan üzərindən verməyə cəhd edirlər. Eyni zamanda, Tehran Yaxın Şərqdə heç nə edə bilmədiyi İsrailə qarşı fərqli istiqamətdə “cəbhə” aça biləcəyini sərgiləyir və adətən Azərbaycanın “cəbhə” seçilməsi İranda SEPAH qanadı tərəfindən edilir.

Əsas diqqətçəkən məqam İranın Bakıdakı səfirinin baş verən hadisəyə görə XİN-ə çağırılmasından dərhal sonra Tehranın rəsmi informasiya siyasətinə dəyişiklik etməsidir. İran xarici işlər nazirinin köməkçisi və nazirliyin Avrasiya şöbəsinin rəhbəri Müctəba Dəmirçilu bəyan edib ki, Ərdəbildəki tədbirdə səslənən təhdidlər Tehranın rəsmi mövqeyi deyil. Rəsmi İRNA agentliyi də yazır ki, sözügedən təhdidlər qeyri-rəsmi şəxs tərəfindən planlaşdırılmamış şəkildə səsləndirilib. Halbuki “qeyru-rəsmi şəxs” adlandırılan “məddah” SEPAH-ın rəsmi qurumu sayılan “Ənsar əl-Mehdi Heyəti” təşkilatının Ərdəbil şöbəsinin rəhbəridir və o, təhdidlər səsləndirərkən, Amuli başda olmaqla, tribunada əyləşən rəsmi şəxslər feyzyab olurdu.

İran bu təhdidlərin rəsmi mövqe olmadığını göstərmək üçün “qeyri-rəsmi şəxs” adlandırdığı rəsmi şəxsi tutduğu vəzifədən azad etməlidir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol