Ərəbistan nefti bahalaşdırır: Bizə təsiri olacaq?

08:32 - 11 Fevral 2025 - İQTİSADİYYAT

 Ərəbistan nefti bahalaşdırır: Bizə təsiri olacaq?

"Saudi Aramko"nun bu qərarı qlobal neft bazarında yaranmış disbalansla bağlıdır. Çünki Rusiya neftinin satılması getdikcə çətinləşir, mart ayından isə İrana tətbiq edilən sanksiyalar sərtləşəcək. Rusiya və İran nefti dolayı yollarla, əsasən, Hindistan və Çin üzərindən Avropa bazarına çıxırdı. Lakin hazırda onların bazara çıxışı xeyli çətinləşib. Bu səbəbdən bəzi alıcılarına birbaşa neft tədarükü üçün “Saudi Aramko” birja kənarı qiymət artımına gedir.

Bu fikirləri BUTA.TV-a açıqlamasında iqtisadçı Natiq Cəfərli "Saudi Aramko" şirkətinin mart ayından etibarən neftin qiymətlərini artıracağı ilə bağlı xəbərləri şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, şirkətin belə qərarları müxtəlif dövrlərdə baş verib və məhz mart ayında qiymət artımı məqsədəuyğun hesab olunur:

"Bəzi hallarda qiymətlərdə 1,5-3 dollar arasında dəyişikliklər müşahidə olunub. Bu, zaman-zaman baş verir, bəzən endirimlər də olub. Hazırda isə elə bir vəziyyət yaranıb ki, yay mövsümündən öncə, mart-aprel aylarında neftayırma zavodları kifayət qədər neft tədarük edirlər. Çünki benzin və dizel yanacağına olan tələbat artır, yay mövsümündə isə daha çox yanacaq istifadə olunur. Bu amil də qiymət artımına təsir göstərir. Lakin bu artımın uzunmüddətli olacağını düşünmürəm. Hətta müəyyən müddət keçdikdən sonra “Saudi Aramko” qiymət endiriminə də gedə bilər".

Natiq Cəfərli əlavə edib ki, bu artımların Azərbaycan üçün ciddi əhəmiyyəti yoxdur:

"Azərbaycan üçün bunun elə bir təsiri yoxdur. Çünki “'Azəri Layt' dünya birjalarında “Brent” markalı neftdən təxminən iki dollar baha satılır. Yəni bizim neft satışı müqavilələrimiz birja qiymətlərinə bağlıdır".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol