Vladimir Zelenskini “diktator” adlandıran və legitimliyini sual altına qoyan Trampın fikrini dəyişməsi, “Zelenskini diktator adlandımışam? Bunu dediyimə inana bilmirəm” sözləri ilə özünü gülüş hədəfinə çevirməsi qeyri-ciddiliyindən yox, istəklədinə nail olmasından qaynaqlanır. Bu gün Ağ Evdə Ukrayna prezidenti ilə görüşəcək ABŞ prezidenti nəhayət mineral ehtiyatlar üzrə sazişi imzalamağa hazırlaşır.
Əvvəlcə sazişdən imtina edən Ukrayna indi bunu daha “məqbul” hesab edir. Lakin bu, Kiyevin razılaşması ilə istəklərini almasından daha çox, Vaşinqtonun təhdidlərindən qaynaqlanır. Trampın “diktator” dediyi Zelenskiyə ünvanladığı sərt ittihamlar fonunda bu aydın görünürdü. İmzalanacaq sazişin mətnində ciddi dəyişiklik nəzərə çarpmır. Mediaya sızan məlumatlardan aydın olur ki, İnvestisiya Fondu yaradılacaq, Ukraynaya məxsus strateji əhəmiyyətli faydalı qazıntılar, neft və qaz, eləcə də infrastruktur aktivlərindən (təbii qaz terminalları, dəniz limanları və s.) əldə olunan gəlirlərin 50 faizi bura köçürüləcək. Sazişin Ukrayna üçün mənfi və müsbət tərəfləri var.
Mənfi tərəfləri gəlirlərin yarısının ABŞ-la bölüşdürülməsi ilə yanaşı, sazişdə təhlükəsizlik təminatı ilə bağlı heç bir qeydin-öhdəliyin olmamasıdır.
Müsbət tərəflərini o qədər də cəlbedici olmasa belə, Ukraynanın mövcud vəziyyəti fonunda dəyərləndirmək olar:
- Fonda ABŞ və Ukrayna bərabərhüquqlu şəkildə nəzarət edəcək (informasiyalar bu yöndədir);
- Fond Ukraynanın yenidən qurulmasına investisiyalar qoyacaq: bu mexanizmin necə işləyəcəyi bəlli deyil, lakin mümkündür ki, keçiriləcək layihələr ABŞ şirkətlərinə veriləcək və Birləşmiş Ştatlar pul qazanmaqla yanaşı, ölkənin inşa edilməsini də həyata keçirəcək;
- Sazişdə təhlükəsizlik öhdəliyi olmasa da, ABŞ şirkətlərinin Ukraynada işləməsi ölkə üçün faktiki qarant kimi qəbul edilə bilər: amerikalı investorların olduğu ölkələrdə təhlükəsizliyə Vaşinqton tərəfindən xüsusilə diqqət yetirməsi kağız üzərində yazılmayan qaydalardandır.
Ukrayna ilə danışıqlar aparan ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib ki, saziş hazırdır, Tramp-Zelenski görüşündə danışıqlar olmayacaq. Görünür, Zelenski sazişi imzalamaq üçün Vaşinqtona gedir.
Bu prosesdə bir məqam xüsusilə önəmlidir: sazişin imzalanmasına nail olan Tramp daha sonra Zelenskinin hakimiyyətdə qalması ilə bağlı fikrini dəyişə bilərmi?
Bu saziş Tramp administrasiyasında Zelenskinin legitimliyinə dair sualları da aradan qaldırır, lakin Rusiya münaqişənin həlli ilə bağlı danışıqlarda Ukrayna prezidentini hələ də qəbul etmir. Trampın sürətlə dəyişən mövqeyi və Putinlə anlaşmaq istəkləri perspektivdə Ukrayna hakimiyyətinə problemlər yarada bilər.
- Bakıdan 10 min erməniyə böyük jest… - XİN
- Rəsmi Bakıdan İrəvana cavab: Rədd edirik!
- Rusiyadakı azərbaycanlılara daha bir pis xəbər
- Latviya Seymində azərbaycanca çıxış: Fəxr edirəm... - Video
- Zülfüqarov: Mətbuatımız erməni yalanını yaydı
- Paşinyan Bakının bu tələbini yerinə yetirir
- Tramp niyə Zelenski haqda sözündən imtina etdi?
- Bu bürclər üçün MÖCÜZƏVİ DÖVR başlayır - 23 martdan sonra...