44 günlük Vətən müharibəsində və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində qazanılan möhtəşəm qələbələr Azərbaycanın son iki yüz illik tarixinin ən parlaq hadisələridir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əsas memarı olduğu bu zəfərlər xalqımızın sonuz qürur mənbəyidir. Bu qələbələrlə əlaqədar ölkəmizin həyatına yeni əlamətdar günlər daxil olub. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə işğaldan azad olunmuş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi də bu sırada yer alır. 20 noyabr ölkəmizin hər yerində Ağdam Şəhəri Günü kimi qeyd olunur. Azərbaycanın qədim yaşayış məntəqəsi olan Ağdam məhz 20 noyabr 2020-ci il tarixində işğaldan azad olunub – üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq döyüşsüz Azərbaycana təhvil verilib.
BUTA.TV xəbər verir ki, bu sözləri deputat Samir Vəliyev deyib.
Ağdamın tarixinə qısa nəzər salan deputat bu şəhərin Azərbaycanın qədim yaşayış məskənlərindən biri olduğunu bildirib:
"Qədim türk dilində “Ağdam” sözü “kiçik qala” mənasını verir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. Zaman keçdikcə bu şəhərin adının mənası dəyişib. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu ərazidə özü üçün ağ daşdan imarət tikdirir. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ mayak rolunu oynayıb. Bu mənada “Ağdam” həm də “ağ ev”, “ağ şəhər” anlamına gəlir. 1930-cu ildə Ağdam rayonu yaradılıb. Rayonun sahəsi 1150 kvadratkilometrə bərabər idi”.
Deputat bildirib ki, işğaldan əvvəlki dövrdə Ağdam ağ günlərini yaşayıb. Şəhər bütün bölgənin ticarət mərkəzi sayılırdı:
"Ətraf yaşayış məntəqələrinin sakinləri həftəlik və yaxud qışlıq azuqələrini toplamaq üçün bura üz tutardılar. Bu da onunla bağlı idi ki, Ağdam bazarında hər nə desən tapmaq mümkün idi. İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı. Rayon ərazisinin 1700 hektarı meşəlik, 91,3 hektarı isə kənd təsərrüfatına yararlı torpaqlardan ibarət idi".
Deputat deyib ki, Ağdam tarixi mədəniyyət abidələri ilə də zəngin bir diyar olub. Belə ki, burada 145 tarix-mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb:
"Dünyada ikinci, keçmiş İttifaq məkanında isə birinci və yeganə çörək muzeyi olan Ağdam Çörək Muzeyi 1983-cü il noyabr ayında fəaliyyətə başlayıb. Ağdam Çörək Muzeyində toplanan eksponatlar arasında nadir dənli bitki növləri, taxılçılığın inkişafına dair çoxsaylı qiymətli kitablar, əlyazmalar və başqa materiallar, qədim əkinçilik alətləri sayılan xış, adi və dişli oraq, taxıl döyən vərdənə, əl dəyirmanı və başqa alətlər də olub. Muzey eksponatlarının ən qədimi-eramızdan əvvəl VII minilliyə aid olan daşlaşmış buğda dənələri idi. 1992-ci il avqust ayının 12-də ermənilərin atdığı mərmi nəticəsində Ağdam Çörək Muzeyinin fəaliyyətinə son qoyulub və muzeydə olan 1500-dək eksponat yanaraq məhv olub".
Samir Vəliyev bildirib ki, Ağdamın süqutu 23 iyul 1993-cü il tarixində baş verib. Bununla da rayonun ərazisinin təxminən 70 faizi ermənilərin nəzarətinə keçib:
"Erməni vandalizminin bütün cəhətlərini Ağdamın timsalında görmək mümkündür. Hesablamalara görə, işğal rayona 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurub. Prezident İlham Əliyev erməni vəhşiliyi ilə bağlı danışarkən deyib: “Keçmiş Ağdam şəhərində, ondan qalan ərazidə səfərdə olmuş xarici jurnalistlər onu Qafqazın Xirosiması adlandırırlar. Mən hesab edirəm ki, bu, Xirosimadan da pisdir. Ona görə ki, Xirosima nüvə faciəsi, atom zərbəsi idi. Lakin oradan vandallar və barbarlar dəstəsi keçməmişdi. Bizə gəldikdə isə Ağdam şəhəri işğal ediləndən sonra dağıdılıb”.
Samir Vəliyevin sözlərinə görə, indi Ağdamın ağ günləri geri qayıdır:
"Azadlığına qovuşmuş bu şəhər böyük quruculuq, təmir-bərpa işlərinin şahidinə çevrilir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva postmüharibə dövründə bir neçə dəfə Ağdama səfər edərək burada reallaşdırlan layihələrlə tanış olublar və özlərinin dəyərli tövsiyələrini veriblər. 2021-ci il mayın 28-də-Azərbaycanda dövlət bayramı kimi qeyd olunan Müstəqillik günündə isə Ağdam tarixi anlara şahidlik edib. Belə ki, həmin tarixi gündə Prezident İlham Əliyevə Ağdam şəhərinin Baş Planı təqdim olunub. “Qeyd edək ki, Baş Plan üzərində mütəxəssislərin iştirakı ilə bir müddət iş aparılıb. Sənəd hazırlanarkən şəhərin tarixi siması və müasir çağırışlar nəzərə alınıb. Əlbəttə, Ağdam şəhərinin Baş Planının dövlət başçısına təqdim olunması üçün başqa bir vaxt da seçilə bilərdi. Ancaq belə bir əlamətdar tədbirin dövlət bayramımız olan Müstəqillik günündə keçirilməsi böyük rəmzi məna daşıyır”.
Deputat deyib ki, əvvəllər Ağdam şəhərinin əhalisi 36 min nəfər olub. Hazırda bu rəqəm 50 mindən yuxarıdır:
"Dövlət başçısının tapşırığına uyğun olaraq, şəhər 100 min nəfər əhali üçün planlaşdırılıb. Şəhərin 1700 hektar ərazidə salınması nəzərdə tutulub. Beləliklə, Ağdam iki dəfə böyüyəcək. Artıq işğaldan azad olunmuş bir sıra yaşayış məntəqələri kimi, Ağdamın da məskunlaşdırılmasına start verilib, həmçinin burada bir sıra zəruri infrastruktur obyektləri hazır vəziyyətə gətirilib, əhali üçün iş yerləri yaradılıb".
- İranda yaşam mücadiləsi: Molla rejimi pulları hara xərcləyir? - Video
- Ağdamın ağ günləri geri qayıdır
- Ermənistan nümayəndə heyəti Azərbaycana nə vaxt gəlir?
- Rusiya ilə gərginlik Bakını ABŞ-la yaxınlaşdırdı Herbst
- Prezident Omanın Sultanını təbrik etdi
- Azərbyacan bu platformaya qoşulacaq - Herbst
- Rəşt–Astara dəmir yolu nə vaxt hazır olacaq? - İrandan açıqlama
- Bakı ilə Roma arasında hərbi əməkdaşlıq müzakirə olundu