40-50 yaşlarında insanların əmək bazarında yaş amilinə görə işə qəbul zamanı çətinliklərlə üzləşməsi son illərin ciddi sosial problemlərindən biridir. Bu problem təkcə Azərbaycan üçün deyil, dünyanın bir sıra ölkələri üçün də xarakterikdir.
BUTA.TV xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir (Abdullayeva) Konkret.az-a açıqlamasında səsləndirib.
Professor bildirib ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) hesabatlarında 40 yaşdan sonra işə qəbul zamanı yaş ayrı-seçkiliyinin real problem olaraq qaldığı qeyd edilir. Müxtəlif ölkələrdə aparılan tədqiqatlar da göstərir ki, eyni ixtisasa və təcrübəyə malik namizədlər arasında daha yaşlı şəxslərin müsahibəyə dəvət olunma ehtimalı daha aşağıdır.
Rəsmiyyə Sabirin sözlərinə görə, Beynəlxalq Əmək Təşkilatı (BƏT) da yaşlı işçilərin əmək bazarında ayrı-seçkilikdən qorunmasını və onların sosial müdafiəsinin təmin edilməsini əsas prinsiplərdən biri hesab edir. Təşkilat yaşın işdən çıxarılma üçün avtomatik əsas olmamalı olduğunu, yaşlı işçilər üçün bərabər imkanların qorunmasını və onların bacarıqlarının əmək bazarının dəyişən tələblərinə uyğunlaşdırılmasını vacib sayır.
“Ölkəmizdə pensiya yaşı 65-dir. Bu isə o deməkdir ki, 40 yaşdan sonra insanın qarşısında hələ kifayət qədər uzun əmək fəaliyyəti dövrü qalır. Lakin işəgötürənlərin müəyyən yaşdan sonra namizədlərə daha ehtiyatlı yanaşması həmin şəxslərin əmək bazarından kənarda qalması riskini artırır. Doğrudur, Azərbaycan qanunvericiliyində əmək münasibətlərində yaşa görə ayrı-seçkilik qadağandır. Lakin 40 yaşdan yuxarı şəxslərin işə qəbul zamanı problemlərlə qarşılaşması reallığı da mövcuddur”, – deyə ekspert vurğulayıb.
Professor qeyd edib ki, 40-50 yaşlarında olan insan əmək bazarında “yaşlı” hesab edilərək işə qəbul olunmaqda çətinlik çəkirsə, onun 65 yaşa qədər olan dövrdə gəlirinin, sosial sığortasının və gələcək pensiya təminatının necə qorunması mühüm sualdır.
Onun sözlərinə görə, dövlət siyasəti orta və yuxarı yaş qruplarında olan şəxslərin əmək bazarında rəqabət qabiliyyətinin qorunmasına yönəlməlidir.
“Bunun üçün həmin yaş qrupuna daxil olan şəxslərin yenidən peşə hazırlığına cəlb edilməsi, rəqəmsal bacarıqlarının artırılması, çevik və natamam iş imkanlarının genişləndirilməsi, işəgötürənlər üçün stimullaşdırıcı mexanizmlərin yaradılması, sosial sahibkarlığın inkişaf etdirilməsi, həmçinin uzunmüddətli işsizliyə qarşı xüsusi proqramların tətbiqi vacibdir”, – deyə Rəsmiyyə Sabir bildirib.
Professorun sözlərinə görə, bir sıra inkişaf etmiş ölkələrdə bu istiqamətdə yalnız qanunvericilik və nəzarət mexanizmləri gücləndirilmir, eyni zamanda yaşlı şəxslərin məşğulluğunun qorunmasına yönəlmiş stimullaşdırıcı və təşviqedici tədbirlər də həyata keçirilir.
“Bu baxımdan Azərbaycanda da 40 və daha yuxarı yaş qrupunda olan şəxslərin əmək bazarında aktivliyinin qorunması, onların yeni bacarıqlar əldə etməsi və işə qəbul imkanlarının genişləndirilməsi dövlətin sosial siyasətinin prioritetlərindən birinə çevrilməlidir. Çünki pensiya yaşının yüksək müəyyənləşdirilməsi yalnız o halda sosial baxımdan effektiv ola bilər ki, insanın həmin yaşa qədər əmək bazarında qalmaq və layiqli gəlir əldə etmək imkanı real şəkildə təmin edilsin”, – deyə professor əlavə edib.
- Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi
- “Bakıkart”la bağlı yeni qərar: Kartlar dəyişə bilər
- “Sea Breeze”də uşağın ayağı hovuzdakı su nasosunda sıxılı qaldı
- Qubadakı zəlzələ ilə bağlı FHN məlumat yaydı
- 40 yaşdan sonra işə qəbul problemi: Qanun qadağan edir...
- Böyükşor gölü yaşıl rəngə boyandı - Analizlər aparılır+Foto
- Azərbaycanda zəlzələ oldu - Yenilənib
- Peşə təhsili müəssisələrinə tələbə qəbulunun cavabları