Noyabrın 19-da Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılış mərasimi olub.
BUTA.TV xəbər verir ki, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alyona Əliyeva iştirak ediblər.
Əvvəlcə Yeni Robotik Reabilitasiya Mərkəzi ilə tanışlıq keçirilib. Bildirilib ki, 3 min 600 kvadratmetr ərazidə yerləşən Yeni Robotik Reabilitasiya Mərkəzi Azərbaycanın reabilitasiya sahəsində texnoloji inqilab yaradan ilk mərkəzlərindən biridir.
Əsas məqsəd pasiyentlərin funksional müstəqilliyini bərpa etmək, həyat keyfiyyətini yüksəltmək və hərəkət imkanlarını maksimum səviyyəyə çatdırmaq, həmçinin ölkəmizdə əlillik səviyyəsini minimuma endirməkdir. Mərkəz həm ambulator, həm də stasionar müalicə xidmətləri təqdim edir.
Müəssisədə ümumilikdə 3 həkim-fizioterapevt, 1 həkim-travmatoloq, 4 həkim-nevroloq, 4 təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim, 9 müalicəvi bədən tərbiyəsi (MBT) təlimatçısı, 32 fizioterapevt-reabilitoloq, 17 tibb bacısı/qardaşı, 2 masaj üzrə tibb bacısı/qardaşı və 20 kiçik tibb işçisi fəaliyyət göstərir.
Mərkəzin Neyrotravma şöbəsində kəllə-beyin və onurğa-beyin travmaları, eləcə də ölkənin müxtəlif tibb müəssisələrindən reanimasiyadan sonra reabilitasiyaya ehtiyacı olan vətəndaşların stasionar müalicəsinin həyata keçirilməsi nəzərdə tutulub.
Bundan əlavə, mərkəzdə bir sıra sahələr üzrə robotik və klassik reabilitasiya xidmətləri təqdim olunur. Nevrologiya istiqamətində insult, beyin və onurğa beyni zədələnmələri, həmçinin sinir sistemi xəstəliklərindən sonra bərpa prosesi aparılacaq.
Ortopedik reabilitasiya çərçivəsində travmalardan və ortopedik əməliyyatlardan sonra hərəkətin bərpası təmin ediləcək.
Pediatrik və neonatoloji reabilitasiya uşaqlarda hərəkət, inkişaf və koordinasiya pozuntularının erkən korreksiyasına yönəlib. İdmanda reabilitasiya xidməti idman zədələrindən sonra funksional hazırlığın və performansın bərpasını hədəfləyir.
Əl reabilitasiyası sahəsində əl cərrahiyyəsi və yuxarı ətrafların motor funksiyalarının inkişafı, eləcə də incə hərəkətlərin bərpası həyata keçiriləcək. Kardiopulmonar reabilitasiya ürək-damar və tənəffüs sistemi xəstəliklərindən sonra fiziki dözümlülüyün artırılmasına xidmət edir. Geriatrik reabilitasiya isə yaşlı pasiyentlərdə hərəkət imkanlarının genişləndirilməsi və həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlib.
Onkoloji reabilitasiya onkoloji müalicələrdən sonra fiziki və psixoloji adaptasiyanın təmin edilməsini əhatə edir. Bundan əlavə, ginekoloji və androloji reabilitasiya kiçik çanaq disfunksiyalarında, kiçik çanaq əzələlərinin funksional bərpası, gücünün və elastikliyinin artırılması məqsədilə tətbiq olunan hədəfli fizioterapevtik yanaşma ilə həyata keçiriləcək. Onurğa sağlamlığı xidmətləri onurğa sütunu problemlərinin qarşısının alınmasına və müalicəsinə istiqamətlənib.
Reanimasiya və intensiv terapiyada reabilitasiya ağır vəziyyətdən çıxmış pasiyentlərin erkən mərhələdə bərpasını təmin edir və hədəf Azərbaycandakı böyük dövlət xəstəxanalarında reanimasiya şəraitində reabilitasiya xidmətlərinin gücləndirilməsidir.
Yeni Robotik Reabilitasiya Mərkəzi dünyada həm robotik, həm də klassik reabilitasiya sahəsində lider mövqeyini möhkəmləndirməyi, elmi və texnoloji yenilikləri reabilitasiya proseslərinə inteqrasiya edərək Azərbaycanı innovativ reabilitasiya mərkəzinə çevirməyi hədəfləyir. Həmin istiqamətdə beynəlxalq akkreditasiyalar üçün rəsmi danışıqlara artıq başlanılıb.
Mərkəzin üstünlüklərinə dünya səviyyəli robotik lokomasiya və yuxarı ətraf reabilitasiya sistemləri, 3D hərəkət analizi, balans və koordinasiya ölçmə texnologiyaları, süni intellekt əsaslı qiymətləndirmə və fərdiləşdirilmiş reabilitasiya alqoritmləri, fizioterapevtlər, reabilitoloqlar, neyroloqlar, ortopedlər, psixoloqlar və ergoterapevtlərdən ibarət multidisiplinar komanda, eləcə də beynəlxalq təlim, sertifikasiya və elmi əməkdaşlıq imkanları daxildir. Bütün bu xüsusiyyətləri ilə mərkəz Azərbaycanın reabilitasiya sahəsində texnoloji inqilab yaradan, həm ambulator, həm də stasionar müalicə xidmətləri təqdim edən qabaqcıl bir qurum kimi fəaliyyətə başlayır.
Yeni Robotik Reabilitasiya Mərkəzinin noyabrın 20-dən etibarən fəaliyyətə başlayacağı diqqətə çatdırılıb.
- Əliyevin Daşkəndə səfərindən eksklüziv görüntülər - Video
- Əliyevalar Yeni Klinikada mərkəzlərin açılışında - Foto
- Səhv məlumata görə, iki nəfəri öldürdüm - Qətlin şok təfərrüatı
- PA-dan qovulan Heydər Əliyevin tərcüməçisi kim olub?
- Füzuli sakinləri Berdiməhəmmədova məktub ünvanladı
- Banqkoka uçan təyyarə Bakıda məcburi eniş etdi
- Leyla Əliyeva Beynəlxalq STEAM festivalında
- Keniya prezidenti azərbaycanlı naziri qəbul etdi