Avropa Parlamentinin dekabrın 18-də Azərbaycana qarşı qəbul etdiyi qətnamənin heç bir əsası yoxdur. Yalan və böhtandan ibarət olan bu “sənəd” ölkəmizin inkişafını istəməyən qüvvələrin sifarişi nəticəsində ortaya çıxıb.
BUTA.TV xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Deputat bildirib ki, Avropa parlamentariləri guya ölkəmizdə “siyasi məhbusların” olduğunu, insan haqlarının pozulduğunu iddia ediblər. Hətta onlar müharibə cinayətləri törətmiş erməni əsilli məhbusları müdafiə etməkdən də çəkinməyiblər. Bütün bunlar isə təkcə ikili standarların deyil, bəşəri dəyərlərin ayaqlar altına atılmasıdır. Nəzərə alaq ki, Ermənistan parlamentinin mühakimə edilən erməni canilərlə bağlı hər hansı qətnaməsi olmadığı halda, Avropa Parlamentinin bu məsələdə canfəşanlıq etməsi suallar doğurur. Bu fakt bir daha təşkilatın korrupsiyaya qurşanmasının göstəricisidir.
Millət vəkilinin sözlərinə görə, ölkəmizdə insan hüquqları yüksək səviyyədə qorunur, humanizm siyasəti davamlı olaraq həyata keçirilir. Prezident İlham Əliyev təşəbbüsü ilə qəbul olunmuş amnistiya aktı da bunun bariz nümunəsidir.
Digər tərəfdən, təşkilat bu mövqeyi ilə Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsinə maraqlı olmadığını təsdiqləyir. Hazırda bölgədə sabitlik hökm sürür, tərəflər 8 avqust Vaşinqton razılaşmasına uyğun olaraq etimad quruculuğu yönündə addımlar atır. Avropa Parlamenti isə öz mövqeyi ilə sülh prosesinə zərbə vurmağa çalışır.
Samir Vəliyev qeyd edib ki, təşkilatın qəbul etdiyi qətnamənin ölkəmizə qarşı heç bir siyasi, iqtisadi və digər təsir gücü olmayacaq. Son zamanlar Avropa Parlamentinin rəhbərliyində korrupsiya faktlarının aşkar olunması, bu təşkilatın sifarişlər əsasında qətnamələr hazırlamasının bariz nümunəsi kimi qiymətləndirilməlidir. İkili standartlar, reallıqları gözə almamaq və işğalçıya dəstək artıq çoxdan bu təşkilatın fəaliyyət prinsipinin əsasını təşkil edir.
“Artıq Milli Məclis Avropa Parlamentinə etiraz bəyanatı qəbul edərək öz mövqeyini ifadə edib. Təşkilatın qətnaməsinin heç bir hüquqi qüvvəsi yoxdur. Azərbaycan dünyada nüfuzlu dövlətdir. Ölkəmiz Avropa İttifaqı ilə fəal əməkdaşlıq edir. Bütün bunların fonunda Avropa Parlamenti Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaq üçün uğursuz cəhdlər edir. Amma unutmamalıdırlar ki, dövlətimiz güclüdür və heç bir qüvvə bizimlə diqtə dilində danışa bilməz!”, - deyə deputat vurğulayıb.
- Naxçıvan dəmir yolu xəttinin bərpasına dəstəyə hazırıq - Kos
- Azərbaycan sayəsində daha bir məhsul ucuzlaşdı - Paşinyan
- İlham Əliyev Davosda panel iclasda iştirak etdi
- Azərbaycan və ABŞ arasında Strateji İşçi Qrupunun iclası oldu
- Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı Astanadan açıqlama
- 2025-in ən güclü orduları: Azərbaycanın yeri... - Siyahı
- Dəniz Əsədovadan məhkəmədə gözlənilməz açıqlama
- İcra başçısı əmr imzaladı: Kütləvi kadr dəyişiklikləri aparıldı