Venesuela Prezidenti Nikolas Maduronun oğurlanaraq ABŞ-a aparılması Çinin kəskin reaksiyasına səbəb olub. Pekini həm də o narahat edir ki, Maduro oğurlanmadan bir gün əvvəl paytaxt Karakasda Çindən gələn nümayəndə heyətini qəbul etmişdi. Bu isə onu göstərir ki, Vaşinqton Maduronun oğurlanmasını planlayarkən Çin–Venesuela arasındakı sıx əlaqələri nəzərə almayıb.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
Onun sözlərinə görə, Çin üçün Venesuela Latın Amerika qitəsində möhkəmlənmək vasitələrindən biri idi:
“Ona görə də Maduronun oğurlanaraq ABŞ-a aparılması Çinin maraqlarına da ciddi zərbədir. Nikolas Maduro 2023-cü ildə Pekində Çin lideri Si Szinpinlə görüşündə ikitərəfli münasibətlərin “strateji tərəfdaşlıq” səviyyəsinə yüksəldiyini bəyan etmişdi. İki liderin 2025-ci ilin may ayında Moskvada keçirilən son görüşü zamanı Si Szinpin Maduroya bildirmişdi ki, Çin Venesuela ilə münasibətlərə strateji və uzunmüddətli perspektivdən baxır. O, həmçinin vurğulamışdı ki, Pekin Venesuelanın dövlət suverenliyini və sosial sabitliyinin qorunmasını qətiyyətlə dəstəkləyəcək.
ABŞ Venesuela üzərində nəzarəti əldə etdikdən sonra bu ölkənin Kuba, Rusiya, İran və Çinlə münasibətlərini zəiflətməyə çalışacaq. Bunu həmin ölkələr də anlayırlar. Çinin Venesueladakı milyardlarla dollar həcmində investisiyalarının gələcəyi sual altındadır. ABŞ Venesuelada müxtəlif layihələr həyata keçirən Çin şirkətlərinin fəaliyyətinə məhdudiyyətlər qoya bilər. Məsələn, Çinin neft şirkətlərindən biri 2024-cü ildə 1 milyard dollar investisiya ilə Venesuela hökuməti ilə 20 illik müqavilə imzalamışdı”.
Politoloq həmçinin vurğulayıb ki, Pekinin ABŞ vasitəsilə Venesuela neftini alıb-almayacağı və ya Çin-Venesuela arasındakı mövcud razılaşmaların davam edib-etməyəcəyi hələlik məlum deyil:
“Çin Venesuelanın ən böyük kreditoru və ən böyük neft alıcısıdır ki, bu da xam neft ixracının 80 faizindən çoxunu təşkil edir. Çin Sinin həyata keçirdiyi “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Venesuelada mədənçilik və infrastruktur sahələrində əsas investordur. İki ölkə arasında 2024-cü ildə ikitərəfli ticarətin həcmi 6,4 milyard ABŞ dollarına çatmışdı ki, bu da əvvəlki illərlə müqayisədə 52,5 faiz artım deməkdir. Venesuelanın Çinə təxminən 12 milyard dollar borcu olduğu təxmin edilir.
Pekin ABŞ-dan Maduro və onun həyat yoldaşının sərbəst buraxılmasını tələb edib. Aydındır ki, bunun reallaşması mümkün deyil və Pekin də bunu anlayır. Buna baxmayaraq, Çin çalışacaq ki, Venesuelada formalaşacaq yeni hakimiyyət Vaşinqtonun təzyiqləri qarşısında Çinlə iqtisadi əlaqələrdən imtina etməsin. Bunun mümkün olub-olmayacağını isə gələcək aylar göstərəcək”.
- Diqqət: Azərbaycanlılar bu müharibəyə cəlb edilir
- Sənan Şahbəndəyev işdən çıxarıldı
- “Nərimanov”da qatar yoluna düşən sərnişin öldü
- Prezident iki şəhərin adını çəkdi - Yeni paytaxt ola bilər?
- Nurullayevlərin toyu: Aygün və Nanəyə nə qədər ödəniş edilib?
- Prezidentin Qəzza çıxışına Türkiyə xalqından dəstək... - Foto
- Nəzrinin ölümünə görə həbs edilən həkim azadlığa buraxıldı
- Dubayda toy edən Nurullayevi Piterdə niyə döymüşdülər?