Nəsimi rayonunun yeni icra başçısı kimdir?

17:32 - 9 Fevral 2026 - CƏMİYYƏT

 Nəsimi rayonunun yeni icra başçısı kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Tahir Yaqub oğlu Budaqov Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

BUTA.TV yeni icra başçısının dosyesini təqdim edir: O, 1965-ci il yanvarın 1-də Naxçıvan Muxtar Respublikasında anadan olub. 1981-ci ildə Naxçıvan şəhər 3 saylı orta məktəbi, 1987-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib.

Tahir Budaqov 1987-1989-cu illərdə kliniki ordinaturada, 1989-1992-ci illərdə aspiranturada təhsilini davam etdirib. 1997-1999-cu illərdə Əlillərin Bərpa Mərkəzinin baş həkimi işləyib.

O, 1999-2006-cı illərdə Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, 2006-2009-cu illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında şöbə müdirinin müavini, 2009-2015-ci illərdə isə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

Azərbaycan Prezidentinin 13 avqust 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri vəzifəsinə təyin edilib.

Üçüncü dərəcə dövlət müşaviridir. 1993-cü ildən YAP-ın, 1999-cu ildən 2021-ci ilədək YAP Siyasi Şurasının üzvü olub. 18 noyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Əməkdar dövlət qulluqçusu" fəxri adı verilib.

Tahir Budaqov Yeni Azərbaycan Partiyasının VII qurultayında YAP İdarə Heyətinin üzvü seçilib. Həmin gün YAP Sədrinin qərarı ilə YAP Sədrinin Müavini və YAP Mərkəz Aparatının rəhbəri təyin olunub.

31 dekabr 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif olunub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol