Bəlkə, yüzüncü dəfədir bunu danışıram. Yəqin bir o qədər də danışacağam. Çünki ömrümün geridə qalan hər günündə bu yara eyni göynərti ilə qanayacaq.
Atama xərçəng diaqnozu qoymuşdular. Dedilər ki, vaxta çox qalmayıb. Elə beləcə də dedilər - dünyanın ən təmiz, ən yaxşı insanı haqqında bir cümləlik hava proqnozu oxuyurmuş kimi: Günəş batacaq, çovğun düşəcək...
Müalicələr, ağır kimyaterapiyalar, iynə-dərman qoxuyan o dəhlizlər... İlahi, nə günlər idi. İşdir, təsadüfən hansısa gecə yuxulamış olsaydım, növbəti uzun gecələrdə bunun peşmanlığını çəkirdim. İçimdə dəhşətli bir hiss peyda olmuşdu: mən yatmışam deyə səhər açılır. Açılan hər səhər atamın ömründən gedir. Mən necə yata bilərdim? Nə haqla? Dəli olmaq üzrə idim.
Atam özü də hər şeyin fərqində idi. Elə yorulmuşdu, elə bezmişdi ki, “həkim” adı eşidəndə gözlərindən qan damırdı. “Getməyəcəm!” deyirdi. Sonuncu dəfə zəng edib ona yalvardım: “Qurban olum sənə, gəl, sonuncu dəfə bir də gedək. Mənim xətrimə. Yaxşı həkim tapmışam, uzmandır, çox yaxşı sözlər eşitmişəm barəsində, nolar, gəl gedək...” Sözümü yerə salmadı. “Sonuncu dəfədir!” deyib gəldi. O günü dünən kimi xatırlayıram. Həkim müayinə kağızlarına, analizlərə baxdı, dərin bir müayinə, saysız-hesabsız suallar sonrası üzünü atama tutub dedi: “Səndə xərçəng nə gəzir? Get yaşa, hər şey yolundadır”.
Artıq beş gün idi ki, atam bir tikə də yemək yeməmişdi. “Acmıram, heç nədən dad almıram” deyirdi. Həkimin kabinetindən çıxıb evə doğru gəlirdik. Qulağıma gələn bütün səslər əks-səda verirdi. Xərçəng deyilmiş... Yolun ortasında qışqıra-qışqıra qaçmaq, onun boynuna bu ağır diaqnozu səhvən - bəlkə də zorla - qoymuş həkimin gözünün içinə baxıb “niyə?” demək, ağlamaq, hönkürmək, sonra qəhqəhə ilə gülmək istəyirdim. Amma sevincim elə böyük idi ki, susdum. Heç kimdən heç nəyin hesabını soruşmadım. Çatmağımıza az qalmış atam çox ac olduğunu, evə qədər dözə bilməyəcəyini dedi. Yol kənarındakı restoranlardan birinə girdik. Böyük bir dilim çörəyi iki yerə böldü; əvvəl bala, sonra yağa, sonra qaymağa batırdı... Bu ardıcıllıq düstur kimi idi: bala, yağa, qaymağa. Yedikcə yedi... Yedikcə yedi.
O vaxtdan sonra onsuz da həssas olduğum bu mövzulara tamamilə başqa bir məna yüklədim. Hər dəfə yolum tibb ocaqlarından düşəndə beynimi deşən o sualdan yaxa qurtara bilmirəm: “Görəsən, burada neçə nəfərin boynuna ölüm zorla qoyulub?”
Bu sual içimi gəmirə-gəmirə son günlərin xəbər lentinə baxıram: Sabunçu Tibb Mərkəzində 23 yaşlı hamilə qadın - Lalə Quliyeva dölün qüsurlu olması səbəbindən aborta girir və güclü qanaxmadan dünyasını dəyişir.
Özəl klinikaların birində qeysəriyyə əməliyyatından sonra beyninə qan sızan 28 yaşlı Şəhla Quliyeva 20 gün komada qaldıqdan sonra keçinir. Geridə anasız qalan bir körpə, yarımçıq qalmış ömür...
Eyni günlərdə 6 saylı Uşaq Kliniki Xəstəxanasının acınacaqlı, antisanitar şəraitini əks etdirən fotolar yayılır. Qurumların cavabı isə bu faciələrin fonunda adamı dəhşətə gətirir: “Ora fəaliyyət göstərməyən zonadır”. Bəs insan həyatı? İnsan həyatı da nə vaxtdan “istifadə olunmayan zona”ya çevrildi?
Xəstəxanaların soyuq dəhlizləri mənə həmişə Asimptota xəttini xatırladır - insan həyatı ilə ölümün bir-birinə ən çox yaxınlaşdığı, amma heç vaxt kəsişməməli olduğu o incə sərhədi. Ancaq təəssüf ki, bizdə bu sərhəd çoxdan pozulub. Diaqnostika xətaları, laqeydlik və vaxtında tətbiq olunmayan protokollar insanları daha çox o xəttin o biri tərəfinə itələyir. Məhz buna görə insanlar artıq evlərinə yaxın olan xəstəxananı yox, tanışlarından “insaflı həkim” soraqlayırlar. İlahi, necə dəhşətli bir ifadədir: “insaflı həkim...”
Zaman ötdükcə mənzərə bir az durulmağa başladı. Bu etibarsızlıq mühitində insanların gözündə ən böyük ümid yeri kimi xaricdə təhsil almış, ağır imtahanlardan və yüzlərlə saatlıq növbələrdən keçərək gələn gənc uzmanlar görünməyə başladı. Türkiyənin amansız TUS imtahanını, yaxud ağır YUS mərhələlərini adlayıb ölkəyə qayıdan gənc uzmanlar səhiyyəmizə yeni bir nəfəs - müasir beynəlxalq protokolları, dəqiq diaqnostikanı və yenilənmiş tibbi yanaşmanı gətirdilər. O gün mənim atamı da ölümün cəngindən çəkib çıxaran, ona “get, yaşa” deyən məhz belə bir uzman idi. Onlar inamını itirmiş pasiyent üçün həqiqətən də etibarlı bir sığınacaq olmağın öhdəsindən gəlirlər.
Amma bu müsbət mənzərə illərin təcrübəsinə söykənən mütəxəssislərimizin əməyini kölgədə qoymamalıdır. Məsələ gənc uzmanlarla təcrübəli həkimləri qarşı-qarşıya qoymaq deyil; əksinə, gənc uzmanların gətirdiyi modern standartlarla təcrübəli həkimlərimizin illərlə topladığı bilik birləşəndə səhiyyə güclənir.
Bəs biz nə edirik? Problemimizin mahiyyətini qoyub formal detallara ilişirik. Sistemdəki nəzarət mexanizmlərini, klinik protokolların işləyib-işləməməsini sorğulamaq əvəzinə başımızı lazımsız suallarla qatırıq: “Niyə adlarının qarşısına “uzman” yazırlar?”, “niyə türk dilində sözlər işlədirlər?” Halbuki onların dilindəki bir-iki türkcə kəlmə - “vaka”, “taburcu”, “semptom” - ana dilimizə hörmətsizlik deyil, illərlə akademik mühitdə kodlaşan təbii peşə refleksidir. İnsan həyatı xilas edilərkən vacib olan həkimin hansı aksentlə danışması, yoxsa verilən qərarın elmi əsaslılığı, qoyulan diaqnozun dəqiqliyidir? Forma ilə əlləşib məzmunu unuduruq.
Əgər 23 yaşında bir ana abort masasında qalırsa, 28 yaşında bir qadın komadan çıxa bilmirsə, uşaq xəstəxanasında antisanitariya hökm sürürsə, biz titulları yox, sistemin axsaqlığını sorğulamalıyıq. Bu böhrandan çıxış yolu kimisə mühakimə etmək, fədakar həkimlərimizin əməyini kölgədə qoymaq deyil, sistemi yenidən qurmaqdır. Məsələni insafın və ya təsadüfi ümidlərin öhdəsinə buraxmaq dövrü bitməlidir. Dünyanın inkişaf etmiş səhiyyə sistemlərində - xüsusilə Böyük Britaniyanın NHS sistemində və ABŞ-də - tibbi qərarların Sübuta söykənən təbabət (Evidence-Based Medicine) prinsipləri əsasında verilməsi, İngiltərədə NICE kimi institutların, ABŞ-də isə peşəkar tibb təşkilatlarının hazırladığı klinik təlimat və protokollardan istifadə olunması təməl şərtdir. Bu mexanizm təkcə pasiyenti yox, həm də həkimin özünü, onun peşəkar nüfuzunu və qərarlarını hüquqi müstəvidə qoruyur. Orada mütəxəssis fərdi qərarların ağır yükü altında tək qalmır, dəqiq tənzimlənən sistemin arxasında dayanır.
Bizdə də bütün xəstəxanalarda məcburi klinik protokollar, sərt keyfiyyətə nəzarət mexanizmləri və şəffaf araşdırma institutu qurulmalıdır. Pasiyentin həyatı, həkimin isə peşəkar taleyi təsadüflərdən yox, sistemin dəqiq və ədalətli işləyən dişli çarxlarından asılı olmalıdır. Atamın o gün çörəyi bala, yağa, qaymağa batırıb böyük bir iştahla yeməsi həyata qaytarılan ləzzətin simvolu idi. Heç bir savadsızlığın, heç bir laqeydliyin bir insanın əlindən yaşamaq “iştahını” zorla almağa haqqı yoхdur.
Nərmin Dadaşova
Xüsusi olaraq “BUTA.TV” üçün
- İran ordusu müdafiədən hücum doktrinasına keçdi
- Kamçatkada köməksiz vəziyyətdə qalan Azərbaycan vətəndaşı ilə bağlı - Səfirlikdən açıqlama-Yenilənib
- 1641-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
- Heç bir vətəndaşlığı olmayan qanuni oğru həbs edildi - Foto
- Keçmiş baş nazir öldü: Məşhur diplomatın atasıdır...
- “O gün atama “get, yaşa” deyən məhz belə bir uzman həkim idi...”
- Dənizdə boğulduğu deyilən 5 uşaq atasının xaricə getdiyi ortaya çıxdı
- Türkiyədə helikopter qəzaya uğradı