Bir neçə gün öncə Azərbaycan dövlətinə, hakimiyyətinə qarşı qonşu ölkə mediasında təhdid məzmunlu fikirlər yayıldı... Azərbaycan bəzi qonşularından tez-tez belə diluzatmalar görür və əminliklə deyə bilərik ki, ilin-günün bu vaxtı heç kəs, heç bir media qurumu, ekspert özbaşına belə riskli ifadələr işlədə, iki dövlət arasında diplomatik münasibətləri zədələyə biləcək səviyyədə zorakılığa çağırış, təhqir püskürə bilməz – arbitrar qərar verə bilməz.
Xülasə, həm şimaldan, həm cənubdan əsən belə yelləri tez-tez görürük və bir neçə gün əvvəl qarşılaşdığımız anoloji durumda uzun illər əvvəl oxuyub sonra unutduğum bir misra gəldi ağlıma:
“Köpəklərinə acıqlan,
hürməsin yol adamına...”
Bu misra xatirimdə formasında qalmamışdı və dişimin altında günlərlə zümzümə edib süni intellektin ağzına atdım və tapdım. Misraya, müəllifinə qayıdacağam, ancaq bu misranı xatırlayanda bir daha anladım ki, doğrudan da Azərbaycanın zireh libasının üstündən bir poeziya tülü həmişə olub və bəlkə də hansısa yeni silahlar zirehi dəlməyə çalışsa da, mədəniyyət tülündən heç vaxt salamat keçə bilməyəcək. Azərbaycanın taleyini, siyasətini minillərin mədəniyyəti formalaşdırır. Azərbaycanın bəlkə də son dərvişinin – Məhəmməd Aslanbəylinin yazdığı bu şeirlə Azərbaycanın siyasi-ictimai təriqi nə qədər yaxındır: axı biz heç kəsin işinə qarışmırıq, nəinki daxili, heç xarici siyasətinə bizim işlərimizə mane olmadıqca əngəl olmuruq:
Arvadının gözünü kor edibmiş... - İndi də qayınatasının qətlinə görə tutuldu - Video
“Mənə nə, salın-saçaqlan
mənə nə, öpül qucaqlan...
Köpəklərinə acıqlan
hürməsin yol adamına”.
Bir daha əminliklə deyə bilərik ki, bu gün heç bir platformanın - xüsusilə şimalımızda, cənubumuzda yer alan müstəbid reallıq şəraitində öz kefinə Azərbaycan haqqında hədsiz təxribatlar etməsi mümkün deyil. Bu, planlaşdırılmış bir hadisədir və arbitrlərin öz orbitindən kənarda baş verməyən bu hadisələrə susması xoş mənzərə deyil. Azərbaycanın Xarici İşlər Nazirliyi səviyyəsində narahatlıq ifadə etdiyi bu hadisəyə təbii ki, lazımi reaksiya verilməlidir. Çünki bizə, doğrudan da, kimin kimlə salınıb-saçaqlanması, sevilib-qucaqlanması maraqlı deyil, bizə maraqlı olan köpəklərinə acıqlanmasıdır ki, yol adamı yolunu getsin. İpək yolunu ipək kimi yola çevirən, Çindən, Orta Asiyadan yeni soraqlar gətirən karvanlara, yol adamlarına köpəklər daim hürür, ancaq ulu karvan heç vaxt durmur. Bu karvan bir estefetdir, gah Şərqdən Qərbə, gah da Qərbdən Şərqə ötürülür... Hər kəs öz işini görür, karvan da, sarvan da, köpəklər də...
Bəlkə də kimlərsə şeir hayında deyil, şairin təbirincə desək, vəsf zamanı deyil, ancaq mənası ilə yanaşı, taleyi də olan şeirlərin öz havası olmur, bütün mövsümlər onlarındır - isti avqust günlərində əsən şimal, cənub küləkləri də onların və xalqının taleyini dəyişə bilməz. Belə şeirlər küləklərdə dalğalanmayan bayraqlardır. Flüger kimi gündə on dəfə səmtini dəyişən çağdaş dünya siyasətinə rəğmən hansısa ocaqda, dərədə daim yaşayır. İndi oxuyacağınız şeirlər İncədərədə Hacı Əfəndi ocağında yaranıb, Məhəmməd Aslanbəylinin təbirində...
Gözəlsən, dünya, bilirəm,
Gözəlsən gül adamına.
Şirinsən, dünya, bilirəm,
Şirinsən bal adamına.
Olsa da hər bağın İrəm,
Mənlik deyil, niyə girəm.
Genişsən, dünya, bilirəm,
Genişsən çöl adamına.
Mənə nə – salın, saçaqlan,
Mənə nə – öpül, qucaqlan…
Köpəklərinə acıqlan,
Hürməsin yol adamına.
***
Tanınmayanlardı təzə,
Bütün tanışlar köhnədi.
Təzədi ən kiçik ürək,
Ən böyük başlar köhnədi.
Varlıq bütöv-bütöv gələr,
Ovçu ağlayar, ov gülər.
Təzədi bütün sevgilər,
Bütün savaşlar köhnədi.
Köklən küləkdəki səsə,
Köhnəlməz min il də əsə,
Öldürrəm, bir adam desə
Bu çopur daşlar köhnədi.
***
Daha baxmır adamlar,
Dərdi qanmaq işinə,
Başlar yaman qarışıb,
Pul qazanmaq işinə.
Vərdiş edib, qardaşım,
Yanağıma göz yaşım.
Kötük üstündə başım
Düz dayanmaq işinə.
Ya əvvəl, ya da axır,
Hamı yanana baxır.
Təkcə pərvanə baxır,
Oda yanmaq işinə.
***
Baxdıqca bu qəbirlərə,
Qorxuram ölməyəm, Tanrım.
Dalıb o uca sirlərə,
Qorxuram ölməyəm, Tanrım.
Yolum bu qədər qısamı?
Əy belimi, ver əsamı.
Görsəm də ki, ölür hamı,
Qorxuram ölməyəm, Tanrım.
Yerim məndən, Səndən bəri,
Dinsizlikdən, dindən bəri,
Mən səni sevəndən bəri
Qorxuram ölməyəm, Tanrım.
***
Səni heç Kim görməyib,
Bircə mən görmüşəm, mən.
Sənin ətrin gəlirdi
Bu axşam ürəyimdən.
Əllərin yaşayırmı?-
O ağ çiçək əllərin.
Mənə yalan söylədən
Haqdan göyçək əllərin.
Bir bax, gör, seçilirmi
Gözlərin gözlərimdən?
Səni heç Kim sevməyib,
Təkcə mən sevmişəm, mən...
***
Ətrinə uçduğun gülü,
Əllərin dərə bildimi?
Ürəyin istəyənləri,
Gözlərin görə bildimi?
Arasında gözüm qalsa,
Qapını bağlayarsanmı?
O qapının arxasında,
Yalqızca ağlayarsanmı?
Gözlərinin dediyini,
Dilin söyləyə bildimi?
Baxışların izləyəni
Baxtın əyləyə bildimi?
Sərdar Amin
Xüsusi olaraq “BUTA.TV” üçün

- Qazaxıstanın nəhəng neft emalı zavodu yanır - Video
- Bu ölkə süni intellekt mahnılarına qadağa qoydu
- İranda iki məhbus edam edildi
- Köçəryan və oğlu belə saxlanıldılar - Video
- Anasının gözləri qarşısında maşın vurub öldürdü - Video
- Zelenski Ərdoğana təşəkkür etdi
- Köçəryan xəstəxanaya aparıldı
- Elçibəyin qardaşı qızının evi əlindən alınıb?