ABŞ Prezidenti Donald Tramp Venesuela ilə neft ehtiyatlarının ABŞ-ın nəzarətinə keçməsinə dair bir saziş bağlayıb. Müqavilə 17 strateji yatağın işlənməsini nəzərdə tutur və dövlət üçün 100 milyard dollardan çox investisiya qoyuluşunu və vergilər üçün isə 209 milyard dollardan çox gəlir nəzərdə tutur. Bəs Venesuela ilə ABŞ arasında bağlanan bu müqavilə dünya geosiyasətinə necə təsir edəcək?
Bunu BUTA.TV-a açıqlamasında siyasi şərhçi Heydər Oğuz deyib.
Onun sözlərinə görə, Trampın böyük sevinclə müjdələdiyi bu müqavilə dünyanın enerji bazarına və neft istehsal edən ölkələrin ənənəvi siyasətinə də ciddi təsir göstərəcək:
“İlk təsir təbii ki, qlobal neft bazarında özünü göstərəcək. Məlumdur ki, Hörmüz boğazında ABŞ-la İran arasında gərginlik enerji bazarını həssas vəziyyətə gətirib. İranın və ya ABŞ-ın hər hansı tankerə hücumu ilə neftin qiyməti qeyri-adi dərəcədə artır, beləcə dünya iqtisadiyyatı çalxalanır. Hətta bir neçə ay əvvəl bir barrel nefin qiyməti 125 dollara qədər qalxmışdı. İran rəsmiləri dünyanı qiymətlərin 200 dolları keçməsi ilə təhdid edirdilər. Lakin son zamanlar alternativ layihələrin işə salınması ilə enerji qiymətləri stabilləşdi.
Ata-anası “Sədərək”dən cehiz almağa getdi - 17 yaşlı qız sığınacağa qaçdı
Hazırda London birjasında bir barrel neft 88 dollar civarındadır. Yəqin ki, ABŞ-la Venesuela arasında bağlanan bu saziş qiymətlərin ən azı 5-6 il müddətində 80-90 dollar arasında qalmasını təmin edəcək. Bu müddət ərzində neftin qiymətlərinin 70 dollardan aşağı düşməsi gözlənilmir. Əks halda, dünyanın ən böyük neft hasilatçısı olan ABŞ şirkətləri üçün arzuolunmaz vəziyyət yarana bilər. “Enverus İntelligence Research” araşdırma mərkəzinin hesabatları da bunu deməyə əsas verir. Mərkəzin hesablamalarına görə, hazırda barrel başına orta qiymət həddi 70 dollar, 2030-cu ildə 82-85 dollar, 2035-ci ildə isə 95 dollardan baha olacaq. Getdikcə bahalaşmanın səbəbi ABŞ-ın şist neftinin tükənməsi ilə əlaqədardır. ABŞ qiymətləri indidən tənzimləməsə, bu ölkədə fəaliyyət göstərən neft şirkətləri işini dayandıra və ya iflasa gedə bilərlər. Zənnimcə, Trampın dünyanın ən böyük neft ehtiyatına malik olan Venesuela ilə əməkdaşlığa can atmasının əsas səbəblərindən biri bundan qaynaqlanır”.
Heydər Oğuzun fikrincə, ABŞ-ın Venesuela neftini mənimsəməyə çalışmasının ikinci səbəbi dollarizasiya siyasəti ilə bağlıdır:
“Məlumdur ki, ABŞ-ın imperial siyasətində dünya iqtisadiyyatını dollara indekslənmə önəmli rol oynayır. Qlobal ticarətin davam etdirilə bilməsi üçün vahid bir etalona ehtiyac var idi. İkinci Dünya müharibəsinə qədər bəzi qiymətli metallar, o cümlədən qızıl bu rolu oynayırdı. Müharibədən sonra dünya hegemoniyasında əsas söz sahibliyi ABŞ-a keçdi və dollar qızılla indeksləşdirilərək etalon pul vahidinə çevrildi. 1971-ci ildə ABŞ qızıl ehtiyatının yetərsizliyini anlayıb yeni etalon arayışına girdi. Səudiyyə Ərəbistanı ilə aparılan danışıqlardan sonra 1974-cü ildə dollar neftə indeksləşdirildi. 50 illiyinə bağlanan bu müqavilə 2024-cü ildə başa çatdı və Səudiyyə Ərəbistanı onu yeniləmədi.
Beləcə, dollar da öz cazibədarlığını itirmək təhlükəsi ilə üz-üzə qaldı. ABŞ-ın öz ənənəvi neft-dollar sistemini qoruya bilməsi üçün yeni qaynaqlara ehtiyacı var. Baxmayaraq ki, özü hazırda dünyanın ən böyük neft hasilatçısı sayılır, amma onun bir neçə ildən sonra neft ehtiyatının bitəcəyi gözlənilir. Görünür, bu səbəbdən də dünyanın ən böyük neft ehtiyatına malik ölkəsi Venesuelanı öz iradəsinə və idarəsinə bağlamağa çalışır. Trampın dediyinə inansaq, Venesuela ilə bağlanan müqavilə ABŞ-ın neft şirkətlərinə hasilatı iki dəfədən çox artırmaq imkanı verəcək.
ABŞ-da fəaliyyət göstərən Enerji İnformasiya Administrasiyasının (EİA) məlumatına görə, onun gündəlik xam neft hasilatı avqustun ortalarında 13.843.000 barrelə çatıb. Belə çıxır ki, Venesuela ilə bağlanan neft müqaviləsi ilə gündəlik 14-15 milyon neft hasil olunacaq. Hər iki rəqəmi toplasaq, hardasa 28-30 milyon barrel edər. Hazırda bütün dünya miqyasında 100 milyon barrel neft hasil olunduğunu nəzərə alsaq, ABŞ şirkətləri dünya neft hasilatının hardasa üçdə birini bu iki ölkədə çıxaracaq. Bir də digər qitə və ölkələrdəki ABŞ neftçilərinin fəaliyyətini hesaba qatsaq, çox böyük mənzərə ortaya çıxır və Vaşinqtonu həqiqətən dünyanın enerji paytaxtına çevirir”.
Siyasi şərhçi ABŞ-Venesuela enerji ortaqlığı siyasətində üçüncü mühüm amilin Yaxın Şərq asılılığından tamamilə xilas olmaq olduğunu deyir:
“Bu zamana qədər Yaxın Şərqdə etnik və məhzəb müharibələri çıxararaq, bölgəni özünə bağlayan ABŞ artıq ənəvi siyasətini davam etdirə bilmir. Xüsusilə də İsrailin tərəfini tutaraq yürütdüyü bu siyasət həm digər müsəlman ölkələrini dərindən narahat edir, həm də regionda Rusiya və Çin kimi rəqiblərinin əlini gücləndirir. İstər-istəməz Yaxın Şərq ABŞ-ın nəzarətindən çıxıb ya müstəqilləşir, ya da əks qütbün nəzarətinə keçir. ABŞ isə artıq bu regionun problemləri ilə uğraşmaq istəmir, şələ-şüləsini toplayıb bölgədən uzaqlaşmağa can atır. Bunun üçün isə dünyanın enerji paytaxtını da öz coğrafiyasına köçürməyi xəyalından keçirir. Dünyanın ən nəhəng neft ölkəsi olan Venesuelanın faktiki işğalı ilə əlində bu ümidini reallaşdırmaq imkanı da yox deyil.
Yeri gəlmişkən, ABŞ-ın Kanadaya iddiasının əsas səbəblərindən biri də bu xəyallarından doğur. Belə ki, Kanada 167 milyard barrel təsdiqlənmiş neft ehtiyatı ilə Venesuela və Səudiyyə Ərəbistanından sonra 3-cü ölkədir. “Worldometers”in məlumatına görə, Kanada gündə 6 milyon barrel neft hasil edir və onun 4 milyonunu ABŞ-a satır. İdxal etdiyi neftin 60%-ni Kanadadan alan ABŞ hardasa onun yarısını başqa dövlətə satır. Dolayısı yolla indidən Kanada neft hasilatının böyük qisminə nəzarət edir. Görünür, Tramp bu faktiki vəziyyəti “legitim” hala gətirmək üçün Kanadanı özünün 51-ci ştatı kimi görməyi könlündən keçirir”.
Heydər Oğuz Trampın Venesuela ilə bağladığı məlum müqavilənin İran savaşına da birbaşa təsiri olacağını vurğulayıb:
“ABŞ-ın İrana qarşı müharibəsində əsas məqsədi Çinin enerji təchizatını öz nəzarəti altına almaqdır. İranın ixrac etdiyi neftin 80%-ni alan Çin bu alış-verişlə özünün neft ehtiyacının 12-13%-ni qarşılayır. Gündəlik 11 milyon barrel neft idxal edən Çin bu hesabla İrandan cəmi 1.3 və ya 1.4 milyon barrel neft alır. Bununla belə, Fars körfəzinin digər ölkələrindən də, o cümlədən Səudiyyə Ərəbistanından (gündəlik 1.5 milyon barrel), İraq, Oman, BƏƏ-dən də önəmli miqdarda neft idxal edir.
Ümumilikdə öz neft idxalının az qala yarısını körfəz ölkələrindən alan Çin bu bazarı itirərsə, ABŞ-dan asılı vəziyyətə düşər və ABŞ onu Venesuela və ya Kanada nefti ilə təchiz edib həm daha çox qazana, həm də hədsiz böyüməsinin qarşısını ala bilər. Bütün bu amillər onu deməyə əsas verir ki, Yaxın Şərqdə müharibələrin bitməsi Vaşinqtonun işinə yaramır. Əksinə, ABŞ istər ki, Fars körfəzindəki gərginliklər onun özü dünya hegemonluğunu sürdürdüyü müddətcə davam etsin. Amma onun nəzarəti altında və istəyinə uyğun şəkildə, gah böyüyüb, gah səngisin”.
- Rusiya imperiyanı bərpa etmək istəyir - Xmara
- ABŞ-ın İrana "iqtisadi hücumu" nəticə vermədi
- Prezident Qırğızıstana gedəcək - Video
- Rusiya onların "ovuna" çıxa bilər - Xəbərdarlıq
- Tramp ABŞ-ı belə xilas etmək istəyir
- Türkiyə Şimali Kiprə axtarış-xilasetmə qüvvələri göndərdi
- Nepalda fəlakət: 85 amerikalıdan xəbər yoxdur
- Trampdan Kanada şirkətlərinə: ABŞ-a köçün!