AP-dən Bakıya qarşı addım - Əliyev anons etmişdi...

23:18 - 19 Yanvar 2023 - SİYASƏT

 AP-dən Bakıya qarşı addım - Əliyev anons etmişdi...

Gözlənildiyi kimi, Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının sayının və müddətinin artırılması qərarının ardınca Avropa Parlamenti də Azərbaycanın “Laçın dəhlizi”ni blokadada saxladığı bəhanəsiylə ölkəmiz əleyhinə növbəti qətnaməsini qəbul etdi.

Xatırladaq ki, Qərbdən ölkəmiz əleyhinə məhz belə bir kampaniyanın başlanacağını, oyuncağa çevrilmiş Avropa İttifaqı təsisatlarında bu cür qərarlar veriləcəyini yanvarın 10-da yerli telekanallara müsahibəsində dövlətin ən məlumatlı şəxsi - Azərbaycan Prezidenti İlham Əliyev açıq şəkildə dilə gətirmişdi.

Üstəlik, onu da xüsusi vurğulamışdı ki, Ermənistan bu havadarlarına arxalanıb sülh müqaviləsinin imzalanması prosesini yenə də uzadacaqsa və bu məqsədlə yeni təxribatlara əl atacaqsa, Azərbaycanın cavabı daha sərt olacaq.

Görünən odur ki, hazırda ABŞ və Avropa İttifaqı təmsilçilərinin Ermənistana intensivləşən səfərləri, atdıqları bütün addımlar Azərbaycanın yeni hərbi əməliyyatlara başlamaq riskini önləməyə və Paşinyan hakimiyyətini, ən azından, Türkiyədəki seçkilərin nəticəsi bilinənədək, qoruyub saxlamağa hesablanıb.

Bu xəbər hal-hazırda çox oxunur
Fransadan Netanyahunun həbs qərarına – Şok cavab

Çünki Qərbin beyin və təbliğat mərkəzləri Türkiyədəki seçkilərin regionun qədərini birdəfəlik müəyyənləşdirəcəyi, Prezident Rəcəb Tayyib Ərdoğanın seçilməyəcəyi təqdirdə 2020-ci ilin 44 günlük savaşında daha qabarıq görünən Rusiya-Türkiyə-Azərbaycan ittifaqının pozulacağı, beləliklə də Cənubi Qafqazın tam şəkildə Qərbin təsiri altına keçəcəyi qənaətindədirlər.

Hazırda Türkiyə, xüsusən də Ərdoğan əleyhinə Qərbin himayəsi altında olan aidiyyəti mərkəzlərin hamısı aktiv hala gətirilib və ehtimal ki, qardaş ölkədə may ayına planlaşdırılan seçkilərin pozulması, qarışıqlığın yaranması və ona maksimum dərəcədə anti-demokratik rəng vurulması üçün də hər şeyə gediləcək.

May ayınadək Putin-Əliyev-Ərdoğan ittifaqı Ermənistanı Azərbaycanla sülh sazişini imzalamağa vadar edə biləcəksə, şübhəsiz ki, bu, Ərdoğanın seçki reytinqinə də çox müsbət təsir göstərəcək və Ərdoğanı yıxmağa çalışan Bayden administrasiyası həm də bu səbəbdən Paşinyanı Azərbaycanla sülh sazişini imzalamaqdan yayınmağa təhrik edir.

Bu işdə ən böyük missiyalardan birinin də Qərbin 30 il boyunca Azərbaycanda yetişdirib bəslədiyi, siyasi himayəyə götürdüyü və maliyyələşdirdiyi şəbəkəyə həvalə edildiyi aydınca görünür. Bu şəbəkə 2 ildir Azərbaycan hakimiyyətini açıq şəkildə Rusiya amili ilə, Putinin planlarını yerinə yetirməkdə şantaj edərək, ictimai rəyi məqsədli şəkildə hökumət əleyihnə yönləndirməyə və Silahlı Qüvvələrimizi Ermənistanı yeni sülhəməcburetmə əməliyyatından çəkindirməyə çalışır. Elə hazırda Avropa İttifaqının müşahidə missiyasının Ermənistanda sayının artırılmasına və Avropa Parlamentinin ölkəmiz əleyhinə qətnaməsinə də Paşinyanla birgə ən çox sevinən, şadyanalıq edənlər də onlardır...

Azərbaycan hakimiyyəti Qərb ölkələrinin və ölkəmizdəki Qərb şəbəkəsinin bu şantaj və təhdidlərindən çəkinməməli, Rusiya-Ermənistan münasibətlərindəki gərginlikdən yararlanaraq, tezliklə yeni hərbi təzyiq vasitəsiylə Paşinyanı üzərinə götürdüyü öhdəliklərin icrasına vadar etməlidir.

Əks halda, Rusiyaya qarşı yeni bir cəbhənin açılmasına çalışan Qərbə həm Ermənistan, həm də Türkiyə ilə bağlı istəklərini yerinə yetirməkdə yeni fürsətlər qazandırmış olacağıq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol