Türkiyənin Kahramanmaraş vilayətində baş vermis, minlərlə insanın ölümünə, yüz minlərlə insanın evsiz qalmasına səbəb olmuş 7.7 ballıq zəlzələdə minlərlə yaşayış binasının dağılması bir çox Bakı sakinində narahatlıq və suallar yaradıb: Bakı yüksək ballı zəlzələ üçün təhlükəsiz şəhərdimi? Binalar neçə ballıq zəlzələyə davamlıdır? BBC News Azərbaycanca mütəxəssislərlə və aidiyyətli dövlət qurumları ilə danışaraq bu və digər suallara cavab tapmağa çalışıb. Bakıda zəlzələ aktivliyi ilə bağlı vəziyyət necədir? Bakı seysmik, 8-9 ballıq zəlzələ zonasında yerləşən şəhərdir. Bu isə o deməkdir ki, Bakıda 8-9 bal gücündə də zəlzələ baş verə bilər. Amma mütəxəssislər bunun 50-100, hətta daha çox illərdən sonra baş verə biləcəyini ehtimal edir.
“Yaxın zaman üçün Bakıda heç bir dağıdıcı zəlzələ olması ehtimalı yoxdur”, - AMEA-nın Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli BBC-yə bildirib. Bakıda tikilən binalar hansı normalara əsaslanır?
Azərbaycanda “Seysmik rayonlarda tikinti” normaları 2010-cu ildə yaradılıb. Buna qədər tikintidə sovet dövründəki normalara istinad edilirdi. 2013-cü ildə isə “Şəhərsalma və Tikinti Məcəlləsi” parlamentdə qəbul olunub və Prezident fərmanıyla qüvvəyə minib. Hazırda ölkədə tikinti aparanlar bu Məcəllə əsasında fəaliyyət göstərir.Həmçinin Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq qəbul edilmiş normativ-hüquqi və normativ-texniki sənədlər əsasında layihələndirmə, tikintiyə icazə və tikintinin gedişinə nəzarət həyata keçirilir ki, bu səlahiyyət də Fövqəladə Hallar Nazirliyindədir.
Bakıda tikilən binaların zəlzələyə davamlılığı necə müəyyənləşdirilir?
Azərbaycanda binaların təhlükəsizliyi və zəlzələyə davamlı olub-olmaması ilə bağlı rəy verən qurum Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyidir.
Bakıda bina tikintisinə başlayan hər bir şirkət tikinti aparılacaq ərazidə mühəndis-geoloji axtarış işləri aparmalıdır. Yəni, o, bina tikmək istədiyi ərazinin süxurlarından nümunələr götürüb yoxlatmalıdır.
Bakıda geoloji axtarış işlərini həm özəl şirkətlər, həm də dövlət qurumları aparır. Lakin yekun rəyi FHN-nin Baş Ekspertiza İdarəsi verir. Qurumun cavabından sonra isə ərazinin seysmik həssaslığına uyğun bala görə bina tikilməsinə icazə verilir.
FHN-dən BBC -yə bildirirlər ki, Bakıda onların rəyi ilə tikilən bütün binalar Bakının seysmik quruluşuna uyğun təyin olunur. Yəni, 8-9 ballıq zəlzələyə davamlı ərazilərdə tikilir.
Türkiyədə baş vermiş zəlzələdən sonra bir həftədir ki, rəsmilər yerli mediada “ölkədə tikintinin keyfiyyəti yüksək səviyyədədir və baş verə biləcək zəlzələlərə davamlıdır” - deyərək şəhər sakinlərini Bakının təhlükəsizliyinə əmin etməyə çalışırlar.
FHN-dən BBC-yə deyiblər ki, nə onların qurumu, nə tikilmiş binanı istismara qəbul edən əvvəlki qurumlar binaların, xüsusilə zəlzələyə davamlılğı məsələsinə göz yumub belə bir məsuliyyətsizliyin altına girməzdilər.
Bakıda tikilən binaların tikinti materialları nə dərəcədə etibarlıdır?
Bakı sakinləri 2007-ci ildə, Yasamal rayonundakı Məhəmməd Naxçıvani küçəsi 14-də çoxmərtəbəli binanın tikilərkən qəfildən çökməsini unutmayıb. Bu hadisə zamanı 25 nəfər dağıntılar altında qalaraq həlak olmuşdu.
O zaman rəsmilər bildirmişdilər ki, texniki təhlükəsizlik qaydalarına əməl olunmamasına görə həmin binanın tikintisinə icazə verilməyibmiş.
Türkiyədə yaşanan zəlzələdən sonra Bakı sakinlərinin yaşadıqları binanın necə tikilməsi ilə bağlı narahatlığı yenidən artmağa başlayıb. Bəzi əmlak mütəxəssisləri yerli mediaya bildirir ki, Bakıda bina tikən şirkətlərin bir çoxunun tikintiyə nəzarət üçün təyin etdiyi şəxslər onların “yaxın ətrafları” olur. Həmin şəxslərin isə tikintidən "anlayışı olmadığı üçün" çox vaxt bina üçün nəzərdə tutulan tikinti materiallarını "kənarda satmaqla" məşğul olurlar. Nəticədə isə bina tikinti qaydalarına və normalara zidd tikilir.
FHN-nin müvafiq qurumunun rəis müavini Elxan Əsədov yerli mediaya bildirir ki, Bakıdakı tikinti materialları qurumun Sadıq Dadaşov adına Elmi Tədqiqat İnstitutu tərəfindən yoxlanılır:
“Tikinti meydançasına daxil olan hər beton qarışdıran maşından nümunələr götürülərək təhlil edilir. Həmçinin armatur materialının keyfiyyəti, markaya uyğunluq məsələləri yoxlanılır. Bundan başqa, gətirilən liftlərin, qapı-pəncərə, santexnik materiallarının və sairin sertifikata uyğunluğu tikinti müfəttişliyi tərəfindən təhlil edilir və bundan sonra istifadəsinə icazə verilir”.
Bakıda son hiss olunan zəlzələ 2000-ci ildə baş verib. 6,8 bal gücündə olan həmin zəlzələnin episentri Xəzər dənizi olmuşdu. Lakin o zaman Bakıda fəlakətlə nəticələnən dağıntılar olmamışdı.
Bakıda yeni çoxmərtəbəli yaşayış binalarının kütləvi tikilməsinə isə 2000-ci illərin ortalarından başlanılıb.
Bakıda tikilən binaların hündürlüyü onun təhlükəsizliyinə təsir edirmi?
Bu, binanın tikintisinin neçə ballıq zəlzələyə davamlılığına bağlıdır. Yəni, əgər mütəxəssislər konkret ərazinin 9 ballıq zəlzələyə davamlılığını təsdiq edirsə, o zaman orada 10-15, hətta 100 mərtəbəli bina da tikmək olar.
Əsas məsələ binanın hündür və ya alçaq olması yox, ərazinin neçə ballıq zəlzələyə davamlı olduğunu düzgün müəyyən edib ona uyğun bina tikməkdir. – AMEA-nın Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli BBC-yə deyib.
Bakıda qurudulmuş göllərin və ya metro stansiyasının üzərində tikilən bina zəlzələ zamanı təhlükə yarada bilərmi?
Binanın qurudulmuş göllərin və ya metro stansiyasının üzərində tikilməsi onun zəlzələ zamanı çökməsi üçün əsas deyil. Əsas məsələ binanın bütövlükdə necə tikilməsidir.
Əgər göl qurudulubsa, ərazinin zəlzələyə davamlılığına rəy verilibsə, tikinti işləri normativ qaydalara uyğun tikilibsə, bir sözlə, tikintidə heç bir qayda pozuntusuna yol verilməyibsə, sözügedən amil zəlzələ üçün təhlükə yarada bilməz.
Eyni qayda metronun üzərində tikilən binalara da aiddir. AMEA-nın Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli BBC-yə bildirib.
Bakıdakı köhnə binaların zəlzələyə davamlı olub-olmadığını hansı qurum və necə yoxlamalıdır?
Bakıda son 10-15 il əvvələ qədər tikilmiş yaşayış və ya qeyri-yaşayış binalarının zəlzələyə davamlı olub-olmamasını öyənmək həmin binaları balansında saxlayan qurumun məsuliyyətidir.
Yəni, köhnə binaların zəlzələyə davamlılığını öyrənmək üçün hər bir qurum öz balansındakı bina ilə bağlı Elmi -Tədqiqat İnstitutlarına müraciət edərək, onun davamlılğını ölçdürə bilər, FHN-dən BBC-yə bildiriblər.
Amma indiyə kimi ictimaiyyətə açıqlanmayıb ki, hansı qurumlar balansında olan binalarla bağlı zəlzələyə davamlılıq eskertizası aparıb.
Bakıda ötən əsrin əvvəllərində və ya sovet dövründə tikilmiş yaşayış binaları Bakı Şəhər İcra Hakimiyyətinin və rayonlar üzrə icra hakimiyyətlərinin balansındadır.
Amma sovet dövründə "kooperativ" tikilmiş binalar (SSRİ illərində vətəndaşların birləşib, özləri üçün tikdikləri binalar) da var ki, bu binaların sahibi mülkiyyətçilərdir, Bakıdakı mənzil istismar sahələrindən birinin müdiri BBC-yə bildirib.
Bakıda yaşayış üçün istifadəyə verilən, lakin istismara yararsız neçə bina var və onların taleyi necə olacaq?
Rəsmi məlumata görə, "Bakıda tikintisi başa çatan və yaşayış olmasına baxmayaraq, istismara qəbul olunmamış 67 çoxmənzilli bina qalıb.
Bunun səbəbi isə həmin binaları tikən şəxslərin bəzilərinin ya vəfat etməsi, ya da həbs edilmələridir", FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov yerli mediaya bildirib.
O deyir ki, “belə binalardakı - yanğın zamanı tüstülənmənin qarşısı alınan pilləkən qəfəslərindən istifadə olunmaması və ya iki liftdən yalnız birinin qoyulması və digər bu kimi qüsurlar aradan qaldırılmasa, onların istismara qəbulu haqqında qərar verilə bilməz: “Bu binalar haqqında bütün məlumatlar, o cümlədən qüsurların aradan qaldırılması üçün xərclər barədə məlumatlar yuxarı orqanlara təqdim olunub. Yəqin ki, gələcəkdə həmin 67 bina barədə də hansısa addımlar atılacaq”.
Bakıda bir-birinə yaxın məsafədə tikilən binalar zəlzələdə hansı təhlükələr yarada bilər?
BBC-yə danışan şəhərsalma üzrə mütəxəssislər deyirlər ki, Bakıda son illərdə tikilən binaların arasındakı yaxın məsafə heç bir peşəkar memarı qane etmir.
Mütəxəssislərin fikrincə, şəhərsalma qaydalarına zidd olaraq, yüksək mərtəbəli yaşayış binalarının yaxın məsafədə tikilməsi, zəlzələ baş verərsə, fəlakətə səbəb ola bilər. Onların fikrincə, hətta özülü möhkəm bina zəlzələyə davam gətirsə belə, yanındakı bina aşarsa, onda da fəsad yaradacaq, hətta bəlkə aşıracaq da.
Rəsmilər isə panikaya əsas olmadığını, Bakıda tikilən binaların tikinti normalarına uyğun inşa edildiyini bildirir.
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir