Bir həftəyə yaxın zamanımız qalıb. Avtobus və təyyarə biletləri tədarük olunub. Bizim hədəfimiz 5000 soydaşımızın Brüsseldə bir araya gəlməsidir. Hədəfimizə çatacağıq.
Bu sözləri BUTA.TV-a tanınmış güneyli fəal və Azərbaycan Milli Qurtuluş Hərəkatının sədri Eldar Qaradağlı “Azadlıq və Ədalət“ yürüşü haqqında danışarkən deyib.
Yürüşlə bağlı maddi dəstəyin önəmli olduğunu bildirən Qaradağlı çağırışlara baxmayaraq, imkanlı şəxslərin ciddi dəstək göstərmədiyini vurğulayıb:
“Bizə adi vətəndaşlar yardım etdi. Hətta zəlzələdən zərər görən Xoy bölgəsindən olan yardım bizim üçün cəsarət və enerji verən amildir. Məhz bu səbəbdən biz öz məqsədimizə çatmaq üçün gecə-gündüz çalışırıq. Böyük komandamız 3 komitə əsasında fəaliyyət göstərir. İlk dəfə olaraq Güney azərbaycanlıların bir yerə gəlməsinin şahidi olacağıq”.
Qaradağlı Güney azərbaycanlıların martın 25-də Brüsseldə keçirilməsi planlaşdırılan aksiyasının təbliğatının böyük səs-küy doğurduğunu, ancaq əngəl olmağa çalışanların da az olmadığını bildirib:
“Artıq son günlər susqun qardaşlarımız da dilə gəlməyə məcbur olublar. Əzizlərimiz yanlış hərəkətləri, davranışları və baxışları ilə bu cabanı yoxa çıxartmağa çalışırlar. Lakin bu çaba gecə-gündüz verdiyimiz əməyimizin sayəsində elə bir mərhələyə gəlib çatıb ki, geriyə dönüşü yoxdur və olmayacaqdır. Bəzi dostlarımız yersiz iradlar deyir, bəzi bəyanatlar verir və fikirlər səsləndirirlər. Buradan Milli Oyanış Hərəkatının başqanı və heyətinə səslənirəm: Güney Azərbaycanın istiqlaliyyəti və müstəqilliyi hamımızın arzusudur. Buna kimsə şəkk-şübhə etməsin. Bizim bu hərəkatımız Brüsseldə başlayıb, mütləq Təbrizdə bitəcək. Biz Azərbaycan Milli Hərəkatı olaraq meydana çıxmışıq. Hərəkatımız heç bir təşkilatın, fərdin, inhisarçı düşüncənin meydanı deyil. Bütün düşüncələrin, ideyaların, fikirlərin meydanıdır. Heç kim deyə bilməz ki, yalnız Milli Hərəkat mənəm. Milli Hərəkat hamının ana hərəkatıdır. Burada hər hansı qurum üstünlük təşkil etmir. Bütün təşkilatlar hamılıqla əl-ələ veribdir. Arzumuz budur ki, Azərbaycan türk millətinin və Güney Azərbaycanın Milli Hərəkatının içindən çox böyük rəhbərlərimiz və öndərlərimiz çıxsın. Biz buna çalışırıq. Kimsə bu gün Güney Azərbaycanın öndəri, lideri və son söz deyəni deyil. Azərbaycan türklərinin milli ideolagiyası və Azərbaycan türkçülüyü bu yürüşün ən başında gedən məsələdir. Bunu irançılara, mücahidlərə, şahçılara bənzətmək yanlışlıqdır. Dostlarımız millətdən, milli bağlardan, milli kimlikdən danışanda çox diqqətli olmalıdırlar”.
Eldar Qaradağlı yürüşün ümumi çağırış əsasında həyata keçirildiyinə diqqət çəkib:
“Hərəkatın üzvləri hesab edir ki, bizim üçün faşist islam respublikası ilə faşist pəhləvilər və faşist mücahidlər arasında heç bir fərqi yoxdur. Bizim üçün Azərbaycan Milli Hərəkatı vardır. Bunu “İran türkləri” və “İran Hərəkatı” deyə adlandıranlar var idi ki, ilk həftələrdə kənarlaşdırıldılar. Gördülər ki, bura onların meydanı deyil. Ola da bilməz. Çünki biz Güney Azərbaycanın istiqlaliyyətini hər şeydən üstün görürük. Hamımız elə düşünürmü? - deyə bilmərəm. Belə olsaydı, hamımız bir partiya, bir qurum, bir dəstə olardıq. Yürüş gününə qədər, bu Koordinasiya Mərkəzinin üzvü və maliyyə qrupunun başqanı olaraq, buradan elan edirəm, indiyə kimi heç kəsə, xüsusi vurğulayıram, heç kimə dəvətnamə göndərməmişik. Durub deməsinlər ki, bizi dəvət etməyiblər. Heç kimi dəvət etməmişik. Ümumi çağırış etmişik. Mücahidlərlə kimsə görüşürsə, ondan mənə nə? Mən mücahidlərlə görüşməmişəm. Mən də bu hərəkatın içində olanlardan biriyəm. Bütövçülük və Turançılıq ruhumuzdadır”.
O, həmçinin, mübahisə doğuran bayraq məsələsinə də aydınlıq gətirməyə çalışıb:
“Yürüşdə simgə olaraq seçilən bayraq Milli Hərəkatın mücadilə rəmzidir. Bu, Güney Azərbaycanımızın bayrağı kimi deyil, bir hərəkatı təmsil etsin deyə ortaya qoyulub. Bu bayrağı qamçılayanlar bilsinlər ki, bütövçülüyümüzdən öncə Güney Azərbaycanın dövləti yaranmalıdır. Bir müstəqil ölkə olmadan başqa müstəqil ölkə ilə birləşmək mümkün deyil. Bunu bilməlidirlər ki, Güney Azərbaycanın dövlətçiliyinin bir simgəyə ehtiyacı vardır. Heç kimin iddiası yoxdur ki, bu bayraq Şimali Azərbaycanın dövlət bayrağı olacaq. Ola bilər - əgər millət buna alışsa, ürəyində böyütsə, əlbəttə ki, olar”.
- Hizbullahın zəifləməsi ilə Suriyada savaş alovlandı
- İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
- Şok: İsrail Suriyaya irəliləyir - Türkiyə ordusu girəcək?
- Qrehemdən inanılmaz: ABŞ Ukraynada sərvət uğrunda vuruşur
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video
- ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?
- DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı - Məlumat yaydı
- Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək