DTX-yə əlcək atıldı: MİT, MOSSAD-ı niyə çağırmırıq?

12:38 - 29 Mart 2023 - GÜNDƏM

 DTX-yə əlcək atıldı: MİT, MOSSAD-ı niyə çağırmırıq?

Zahid Orucun ötən gün “kimlərsə bu dövrü 90-cı illərlə səhv salıb” sözlərində böyük həqiqət var - ən azı, 90-ları yaşayanlar millət vəkilinin nə demək istədiyini anlayır.

Bir ayda Bakının ən böyük hipermarketinə - lap olsun, qapısı ağzındakı bankomata - və millət vəkilinə terror hücumu baş verirsə;

Bir ayda ikinci dəfə terror hücumunda avtomat silahdan istifadə edilirsə;

İrana bağlı olduğu qətiyyən şübhə doğurmayan qüvvələr bir ayda iki dəfə Azərbaycana həm də bu cür xəbərdarlıq edə bilirsə, - demək, nəsə düz deyil!

Ötən əsrin 90-cı illərində belə idi: çünki ölkədə müharibə gedirdi, silahlara nəzarət edilmirdi, ölkəni qanuni oğrular nəzarət zonalarına bölmüşdü, adam oğurluğu adi hal almışdı – o qədər ki, adam oğurluğuna görə hətta o dövrdə polisə müraciət edəndə belə acizliklərini, müdaxilə edəcəkləri anda oğurlanan şəxsin öldürülə biləcəyini deyirdilər; Afiyəddin Cəlilov, Şəmsi Rəhimov, Ziya Bünyadov kimi məşhur simalar sui-qəsd nəticəsində qətlə yetirilmişdi.

Heydər Əliyevin həmin illərdə nələr etdiyini, ölkədə nizam-intizam yaradılması üçün hansı qəti addımlar atdığını, hüquq-mühafizə orqanlarının necə əməliyyat keçirdiyini o dövrü yaşayanlar xatırlayır: qanuni oğrular ən qısa müddətdə ya içəri göndərildi, ya ölkədən qaçdı; adam oğrularına qarşı az qala bütün ölkə ərazisində bir gecədə böyük əməliyyat keçirildi və hamısı bir neçə saatda içəri dolduruldu; qətllər, qarətlər, sui-qəsdlərin qarşısının alınması üçün əməliyyat məlumatları ilə necə işlər görüldü...

Həmin dövrdə ölkənin birinci şəxsi də daxil olmaqla, dövlət adamlarının qorunması baxımından Azərbaycan bilirsiniz hansı səviyyəyə qalxmışdı?

1996-cı ilin məlumatıdır: dünyada ən yaxşı qorunan prezidentlər sırasında Azərbaycan ABŞ və Rusiya prezidentindən sonra 3-cü yerdə idi!

Milli Təhlükəsizlik Nazirliyi ən qısa müddətdə “saat kimi” işləyən quruma çevrildi.

İşlərin həcmi o qədər böyük idi ki, bunu təsəvvür etmək belə çətindir!

Azərbaycan həmin dövrdə indiki qədər güclü və qüdrətli də deyildi: büdcə zəif, iqtisadiyyat yeni qurulur, siyasi təlatümlər, xarici xüsusi xidmət orqanları ölkəmizdə at oynadır və s. Ancaq Azərbaycan dövləti bütün özbaşınalığın qarşısını ala bildi!

Azərbaycanda uzun müddətdir adam oğurluğu haqda informasiyalara rast gəlmək olmurdu. Ancaq yeni-yeni Bakıda adam oğurluğu ilə bağlı məlumata rast gəlirik və nə qədər də qəribə olsa, bu məlumat rəsmi olaraq yayılmır, biz bunu Ukrayna mediasından öyrənirik.

Bakıda adam oğurluğu faktı – gecə günəşin qəfil doğması kimi bir şeydir! Hacı Məmmədov qalmaqalından sonra ümumiyyətlə bunu Bakıda təsəvvür etmək olmur. Ancaq sən demə, varmış.

Niyə gizlədilir və niyə onlara qarşı hansı tədbirlər görüldüyü açıqlanmır?

Bakıda avtomatlı hücumlar necə baş verə bilər?

Bəli, biz İkinci Qarabağ savaşı aparmışıq – ancaq bu savaşı Qüdrətli Ordumuz aparıb, Ermənistan kimi, silah anbarlarının ağzını açıb, əhaliyə silah paylamırdıq. Ermənistan külli miqdarda silah paylayanda yazırdıq ki, müharibədən sonra bu ölkədə başıpozuqluq baş alıb gedəcək. Ona görə Ermənistanda avtomatla münaqişələrin olması qayət normaldır.

Bəs, Azərbaycanda bu qədər avtomat insanların əlinə necə düşüb?

Dəqiqdir ki, 2020-ci il savaşının nəticəsi deyil. Bəs, bu ölkəyə bu silah necə gətirilir, bu insanların əlinə necə düşür?

4 martda “Bravo”ya hücum ediləndə polisin gün başa çatmamış terrorçuları zərərsizləşdirməsi və yaxalaması son dərəcə vacib addım idi və bu, təkcə kriminal məsələ deyildi, siyasi mahiyyəti də vardı.

DİN bunu bacardı! Bəs, bu siyasi cavabın nəticəsi nə oldu?

İndi ən məşhur hipermarket, günün günorta çağı, qələbəlik və kameralı yer deyil, Bakının Zabrat qəsəbəsi - daha az kameralı məkan və gecə vaxtı seçildi; indi tanınmış adam seçildi; indi terrorçunun gizlənməsi üçün daha “peşəkar” hücum təşkil edildi.

DİN tapıbmı terrorçunu?

Mümkün deyil bu tezliklə tapsın! Onun axtarışı və tapılması xeyli çətin olacaq!

Gözlənilirdi! Gözlənilirdi ki, DİN-in 4 martda qəti addımından sonra terrorçular daha ehtiyatlı davranacaq!

Demək, terrorçular bunu nəzərə alır, hesablayır, ancaq hüquq-mühafizə orqanlarımız nəzərə almır?

Bir terrorçunun məhz avtomat silahla hücum təşkil etməsi sıradan hadisə sayıla bilməz; avtomat asanlıqla gizlədilən silah deyil. Bakıda avtomatlı şəxslər necə peyda olub, onu gəzdirə və hücum təşkil edə bilirlər?

Niyə bu silahları “qara bazarda” rahat əldə etmək olur?

“Bravo” kimi hipermarketə silahlı hücumdan sonra necə bir tanınmış millət vəkilinə hücum hazırlığından xəbərsiz olmaq olarmı?

DTX-nin dünən yaydığı videodan aydın görünürdü ki, terrorçulara tanınmış insanlara hücum tapşırığı verilib. Bu məlumat varsa və yayılırsa, qabaqlayıcı tədbirlər görülə bilməzdimi?

Bir millət vəkili, partiya sədri, MM-in Komitə sədrinin müavininə evinin içində avtomatla hücum edilirsə, biz hansı güvəndən danışa bilərik?

Yaxşı anlayırıq – 11 il müddətində bu ölkənin milli təhlükəsizliyi darmadağın edildi, o səviyyəyə çatdırıldı ki, MTN-çilər Bakıda gülənçi əvəzinə nurçulara hücum edib, “böyük əməliyyat” keçirdilər – işə Türkiyə lideri səviyyəsində qarışıldı, Türkiyə mediasının gülüş hədəfinə çevrildik. Azərbaycan mediası bu məlumatı yazanda isə MTN-in hədəsi, şantajı ilə üzləşdi – medianın cəsarəti çatmadı ki, dünyanın lağ obyektinə çevrilən hadisəni ölkədə tirajlasın.

MTN məhz bu cür işləyib – adam oğurluğu ilə məşğul olub, sahibkarları talayıb, haqq alıb, Rail Rzayevin qatillərini tapmaq məsuliyyətini daşımayıb və bunun hesabını verməyib, əvəzində bunları dilə gətirənlərə cəza verib – həm də NKVD üsulu ilə! 11 il ərzində kəşfiyyat olmayıb, məlumat bazası darmadağın edilib, arxiv yaradılmayıb, peşəkarlar uzaqlaşdırılıb; 11 il müddətində bu ölkənin içinə kimi istəyiblər, onu da yerləşdiriblər – terrorçu dəstələri hazırlayıblar, ictimai sferaya adamlarını doldurublar, yaxşıca təlimatlandırıblar, “partlayış” məqamını gözləyirlər...

Nəhayət, indi bu quruma əməliyyatçı, peşəkar kəşfiyyatçı başçılıq edir; nəhayət, bu qurumdan alverçilər qovulub, yeni nəsil formalaşır.

İttiham etmirik, başa düşməyə çalışırıq: ənənə qırılıb, nəsillərarası əlaqə kəsilib, peşəkarlıq zənciri məhv edilib, üstəlik, 2020-ci il savaşı və savaşdan sonrakı dönəm: bütün güc və resurslar bəlli istiqamətə yönləndirilib və 44 günlük savaş da sübut etdi ki, Azərbaycan kəşfiyyatı necə dəqiq və məharətlə işləyib – o istiqamətdə.

5-6 il üçün böyük uğurları danmaq vicdansızlıq olar. Ancaq görürük ki, düşmən gözləmir; görürük ki, 11 illik boşluqdan necə maksimum istifadə edir; görürük ki, güvənsizlik təsəvvürü necə sürətlə yayılır.

Əgər elə güman edirsinizsə ki, illik büdcəsi qeyri-rəsmi olaraq 30 milyard dolları aşan və Yaxın Şərqdə meydan sulayan, onilliklərlə təxribat-terror ənənəsi, böyük casus şəbəkəsi və insanı manqurtlaşdırmaq səviyyəsində “ideoloji silahı” olan ETTELAAT-la (SEPAH kəşfiyyatınə da bura aid edirik) qısa müddətdə, bu kiçik büdcə və kadrlarla – həm də 11 illik lənətlə - bacarmaq mümkündür, səhv edirsiniz.

ETTELAAT sözün hər mənasında azğınlaşıb, ölkəmizə qarşı istənilən addımı ata bilər – buna gücü, şəbəkəsi, imkanları var!

Bizə qardaş və dost ölkələrdən təkcə informasiya mübadiləsi yox, həm də fiziki yardım lazımdır - agent, əməliyyatçı səviyyəsində;

Bizə MİT və MOSSAD-ın kadrları lazımdır – necə ki, Elmar Hüseynovun qətli zamanı dəvət edilən MİT-çilər cəmi bir neçə günə Hacı Məmmədovu üzə çıxarmışdı (MTN də öz adına çıxıb, “Qara kəmər” adı ilə cəmiyyətə sırıdı).

MİT-dən dəstək istəmək üçün Fazil Mustafa mütləq ölməli idi? Şükür ki, sağdır, şükür ki, hələlik ağır fəsadlar yoxdur.

Ancaq ağır fəsadların ola biləcəyi ehtimalı yüksəkdir.

Dəvət edin gəlsinlər – həm də açıq şəkildə, ictimai təbliğatla.

Milli istehbaratçıların Bakıya nümayişkaranə gəlişinə bu dəqiqə ehtiyac var!


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol