“Üç ay susdular, sonra ...“ - Talıbovları 6 ay sonra hədəfə gətirən səbəb

13:53 - 19 İyun 2023 - SİYASƏT

 “Üç ay susdular, sonra ...“ - Talıbovları 6 ay sonra hədəfə gətirən səbəb

Xəbər verdiyimiz kimi, Naxçıvan Ali Məclisinin sədr əvəzi Azər Zeynalov 2 gün öncə xüsusi reyslə Bakıya gətirilib. Naxçıvan rəsmisinin paytaxtda müvafiq idarə tərəfindən sorğuya çəkildiyi bildirilir. 

BUTA.TV  yerli KİV-lərə istinadla xəbər verir ki, sədr əvəzi A.Zeynalovun personası ətrafında yaranmış ajiotaj müxtəlif mülahizələrin ortaya çıxmasına səbəb olub.

Müşahidəçilər Azər Zeynalovdan daha çox Vasif Talıbovun və yaxın çevrəsinin başı üzərində qara buludların dolaşdığını iddia edirlər. Onların qənaətinə görə, hədəfdə olan A.Zeynalov yox, Vasif Talıbov və yaxın ətrafıdır. A.Zeynalovun qəfildən Bakıya gətirilməsini Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun həbsinə hazırlıq kimi qiymətləndirənlər də var. Bu iddialar nə dərəcədə doğrudur? Aradan 6 ay keçəndən sonra Vasif Talıbovun və yaxın adamlarının başının üstünü birdən-birə qara buludların alması nə ilə bağlıdır? 

"Yeni Sabah" məsələnin təfərrüatını öyrənə bilib. Hakimiyyətdəki nüfuzlu mənbə saytımıza açıqlamasında Talıbovların "vurulmasına" onların özlərinin rəvac verdiyini bildirib. Mənbə deyib ki, Vasif Talıbov ötən ilin dekabrında istefa verəndə ona evində oturub heç nəyə qarışmamaq, vaxtını nəvə-nəticələri ilə birlikdə keçirmək tövsiyə olunub. Jest olaraq Bakıda yüksək vəzifə tutan və general ulduzları daşıyan oğlu Rza Talıbov işdən çıxarılmayıb, əksinə, əvvəlki mövqeyini qoruyub-saxlamasına şərait yaradılıb. 

Müsahibimiz qeyd edib ki, Vasif Talıbov dövlət işində "bişdiyi" üçün əvvəlcə bu tövsiyəyə əməl edib. O, təxminən, 3 ay heç nəyə qarışmayıb, yeni rəhbərliyin işinə müdaxilə etməyib, amma ondan sonra Naxçıvana nəzarət edən şəxslərin müxtəlif mərhələlərdə səhv buraxdığını görəndə bunu fürsət kimi qiymətləndirib və yaranmış münbit şəraitdən öz maraqları üçün istifadə etməyə başlayıb. 

Mənbə deyib ki, ilk vaxtlarda Talıbovların adamları birmənalı şəkildə sükuta qərq olmuşdular. Onlar nəinki danışmır, hətta xeyir-şərə də qatılmırdılar. Hər vəchlə kənar şəxslərlə ünsiyyətdən yayınır, onların qarşısına qoyulmuş susmaq vəzifəsini qüsursuz yerinə yetirirdilər: 

"Aradan 3 ay keçəndən, daha doğrusu, bu ilin aprelindən başlayaraq mərkəzi hakimiyyətin Naxçıvan üzərindəki nəzarətinin zəiflədiyini görüb sükutu pozmağa qərar verdilər. İki-üç aydır ki, Vasif Talıbovun ən yaxın adamları xeyir-şər məclislərində Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və onun kadrları barədə anti-təbliğat aparır, yeni komandanın öz işinin öhdəsindən gələ bilməyən, bacarıqsız məmurlardan təşkil olunduğuna dair rəy yaratmağa çalışırlar. Onlar tez-tez keçmişə ekskursiya edir, əvvəlki ilə indiki rəhbərlik arasında paralellər aparır və həmişə də üstünlüyü Vasif Talıbova və onun komandasına verirlər. İndi onların dilindən vaxtaşırı "Vasif müəllimin yeri görünür" məzmunlu bəyanatları eşitmək mümkündür. Hətta bəzən bir qədər də irəli gedərək mövcud rəhbərliyin Naxçıvanı idarə edə bilmədiyini, Vasif Talıbovun tezliklə öz işinin başına dönəcəyini iddia edirlər". 

Mənbə sonda bildirib ki, bu cür halların sayının artması Vasif Talıbovun və yaxın ətrafının cəzalandırılmasını qaçılmaz edib. 


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol