“Məhərrəm ayında toy etmək üçün çoxsaylı sifarişlər var”

16:28 - 20 İyul 2023 - CƏMİYYƏT

 “Məhərrəm ayında toy etmək üçün çoxsaylı sifarişlər var”

İyulun 19-dan etibarən Azərbaycanda Məhərrəm ayı başlayıb. Bu ayın başlanması ilə də Azərbaycanda yenə də “toy edəkmi, etməyəkmi” sualı ətrafında müzakirələrə başlanılıb.

Bəziləri ənənədən çıxış edərək, Məhərrəm ayında Azərbaycanda toy edilməsini doğru saymır, bunun günah olduğunu bildirirlər.

Bir qisim insanlar isə dini inanclı vətəndaşların fikirlərinə hörmətlə yanaşsalar da adi aylarda olduğu kimi Məhərrəm ayında kiminsə toy etməsinə normal yanaşırlar. Bəs görəsən, Məhərrəm ayında toy etmək üçün şadlıq saraylarına müraciət edənlər varmı? Mövcud durumla maraqlanmaq üçün şadlıq evləri və restoranlar arasında sorğu keçirdik, Məhərrəm ayında sifarişlərinin olub-olmadığı ilə maraqlandıq. Şadlıq saraylarından birinin səlahiyyətlisi Oxu.Az-ın əməkdaşına açıqlamasında artıq sifarişlərinin olmadığını vurğulayıb:

“Məhərrəm ayı bu gün daxil olub. Lakin artıq toylar bir neçə həftə öncədən dayandı. Toy sifarişi edən yoxdur. Heç ad günləri üçün müraciət edənlər də yoxdur. Hər il belə olur. Bir neçə ay öncədən durğunluq var idi. Toy edənlərin sayı əvvəlki illərə nisbətən çox azalıb”.

O, çalışdığı şadlıq sarayının menyu qiymətlərinin normal olduğunu qeyd edib:

“Düzdür, ölkəmizdə bütün məhsullar üzərində bahalaşma müşahidə olunur. Lakin biz menyunu əvvəlki kimi tərtib etmişik. Qiymət qaldırmırıq. Menyunu toy sahibi ilə danışırıq”.

Digər bir şadlıq sarayının nümayəndəsi isə sifariş olsa belə, qəbul etmədiklərini bildirib:

“Bu gün üçün müraciət edənlər var idi. Lakin biz qəbul etmədik. Bəzi insanlar elə başa düşür ki, yalnız Aşura günü toy etmək olmaz. Bu, belə deyil. Bu ay ilə bağlı göstərilənlərə əməl etmək lazımdır. İllərdir adəti qoruyub-saxlamışıq, bundan sonra da saxlayacağıq. Müraciət olsa da biz qəbul etmirik. Bu ayda olan durğunluğa görə, qiymətləri qaldırmağı düşünmürük. Nədirsə, elə o olacaq”.

Başqa bir restoran səlahiyyətlisi toy üçün müraciətlərin olduğunu söyləyib:

“Məhərrəm ayında toy etmək üçün çoxsaylı sifarişlər var. Lakin müraciətləri qəbul etmədik. Bu ayda şadlıq etmək ayıbdır. Durğunluq səbəbindən menyu qiymətlərində yəqin ki, artım olacaq”.

Restoranlardan birinin nümayəndəsi isə toy edənlərin olmadığından şikayətlənib:

“Aylardır durğunluq idi. Toy üçün müraciət edənlərin sayında kəskin azalma müşahidə olunur. Son bir neçə ayda azalma ciddi şəkildə hiss olunurdu. Müraciət edənlərdə də qonaq sayı az olurdu. Bu da bizə sərf etmir. Bu gün də Məhərrəm ayı başladı. Müraciət ümumiyyətlə olmayacaq. Bu da öz mənfi təsirini göstərəcək. Məhərrəm ayı bitəndən sonra menyu qiymətlərində kəskin artımlar olacaq”.

Digər bir şadlıq sarayının təmsilçisi isə toy sifarişlərinin olacağına ümid etdiyini dilə gətirib:

“Ümidimizi itirmirik. Şadlıq üçün sifarişlərin gələcəyini gözləyirik. Bəziləri toy etməsə də, ad günləri qeyd edirlər. Müraciət edən olsa, sifarişlərini qəbul edəcəyik. Sərfəli menyularımız da var. Məhərrəm ayından sonra mövcud vəziyyətə görə, menyu qiymətlərini dəyişəcəyik”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol