Bəzi xarici güclərin məkrli oyunları və onlara güvənən Paşinyan hakimiyyətinin gizli təlimatı, eləcə də Laçın postunda ələ keçmə təhlükəsi hələlik erməni terrorçuların qaçış prosesini bloklayıb... İndiki situasiyada Araik və onun terrorçu dəstəsinin Azərbaycan ərazisində törətdikləri hərbi cinayətlərə görə həbs olunmalarının qaçılmazlığı artıq qətiyyən şübhə doğurmur...
Azərbaycana qarşı beynəlxalq erməni propoqandası ən yüksək həddə çatıb. Son vaxtlara qədər Ermənistan nisbətən ehtiyatlı davranmağa, sülh prosesini davam etdirməyə üstünlük verdiyini qabartmağa çalışırdı. İndisə Paşinyan hakimiyyəti öz əvvəlki mövqeyindən tədricən geri çəkilir. Və Azərbaycana qarşı beynəlxalq təzyiq dalğası yaratmağa can atır.
Təbii ki, Paşinyan hakimiyyətinin bu davranışları daha çox xarici faktorlardan qaynaqlanır. Çünki Ermənistanın təkbaşına belə cəsarət üçün hərbi-siyasi resursları mövcud deyil. Ona görə də, bu prosesin arxasından bəzi beynəlxalq dairələrin məkrli planlarını axtarmaq daha məntiqlidir. Məsələ ondadır ki, Rusiya sülh prosesini pozmaq üçün Ermənistanın avantürist təxribatlarında birbaşa maraqlıdır. Ona görə də, Kreml rəsmi İrəvanı müəyyən təhlükəsizlik təminatları vəd etməklə, sülh prosesindən yayınmaq cəhdlərinə sövq edir. Bu, Rusiyaya ABŞ və Qərblə Cənubi Qafqaz uğrunda mübarizəyə tab gətirmək baxımdan, vacibdir.
Digər tərəfdən, Ermənistan üzərindən Cənubi Qafqaza yerləşməyi hədəfləyən Fransa da Paşinyan hakimiyyətini təxribatlara həvəsləndirməyə çalışır. Rəsmi Paris sülh prosesinin uğur qazanacağı təqdirdə, Cənubi Qafqazda Fransanın deyil, məhz Türkiyənin əsas geopolitik oyunçulardan birinə çevriləcəyini tam dəqiqliyi ilə anlayır. Fransanın dünyanın bəzi regionlarında Türkiyəyə məğlub olma təcrübəsi də mövcuddur. Türkiyənin Azərbaycanla strateji müttəfiqlik münasibətləri isə Fransa üçün Cənubi Qafqazın da qapılarının qapanması ilə bağlı real təhlükə vəd edir.
Ona görə də, rəsmi Paris nəyin bahasına olursa-olsun, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasına əngəl törədir. Ermənistanın yenidən silahlandırılmasında Fransanın xüsusi rolu mövcuddur. Belə ki, rəsmi Paris bunu hələlik birbaşa edə bilməsə də, Fransanın Hindistandakı ortaq silah müəssisələri üzərindən reallaşdırmağa çalışır. Və buna paralel olaraq, Fransa Ermənistana beynəlxalq məkanda da aktiv dəstək verir.
Göründüyü kimi, Ermənistanın son vaxtlar bu qədər aqressivlərək, sülh prosesindən uzaqlaşmasını stimullaşdıran xarici faktorlar kifayət qədərdir. Halbuki, bir müddət öncəyə qədər rəsmi İrəvan Qarabağ mövzusundan demək olar ki, tamamilə kənara çəkilmiş kimi görünürdü. İndisə, bu mövzunu BMT-nin Təhlükəsizlik Şurasına daşımağa cəhd göstərir. Və bu, Azərbaycanın daxili işlərinə qarışılması, ərazi iddiaları ilə yanaşı, həm də bütün beynəlxalq platformalar üzrə sülh danışıqlarından imtina edilməsi anlamı daşıyır.
Məsələ ondadır ki, Ermənistan "humanitar yük" təxribatını hələ də davam etdirir. Laçın postuna qarşı silahlı təxribatların törədilməsi ilə bağlı resurslarını sınaqdan çıxartmağa çalışır. Belə bir addımın genişmiqyaslı savaşa yol açma ehtimalını dəqiqləşdirməyə cəhd göstərir. Və "erməni səlibçilər"in Azərbaycanla sərhəd bölgələrinə göndərilməsi rəsmi Bakının mümkün reaksiyanın təxmin edilməsinə hesablanıb.
Onu da qeyd etmək lazımdır ki, rəsmi İrəvan Azərbaycanla silahlı toqquşmalardan hələlik birmənalı şəkildə qorxur. Çünki Ermənistanın növbəti hərbi məğlubiyyətinə qətiyyən şübhə etmir. Ona görə də, Laçın postuna silahlı hücumun Azərbaycanın genişmiqyaslı hərbi əməliyyatlarına səbəb olmayacağından əmin olmağa çalışır. Belə bir təxribatdan sonra sadəcə, qısamüddətli silahlı toqquşmalar olacağı təqdirdə, Ermənistanın təhlükəsizliyinə təminat verənlərin siyasi dəstəyinə arxayındır.
Ona görə də, Paşinyan hakimiyyəti hələlik genişmiqyaslı hərbi əməliyyatların baş verməyəcəyinə əmin olmadığından əvvəlcə "səlibçi terrorçuları" sərhəd bölgəsinə göndərir. Ardınca isə guya bu hərbi cinayətkarların davranışlarının nəzarətdə saxlanmasına cəhd göstərdiyi barədə aldadıcı görüntü yaradır. Ermənistan polisinin "səlibçi terrorçular"ın guya qarşısını kəsməsi barədə məlumatlar da məhz bu görüntünün yaradılmasına hesablanıb.
Maraqlıdır ki, Azərbaycanın Qarabağ bölgəsində olan erməni separatçı-terrorçuların üzərindən də təxminən oxşar proseslərin reallaşdırılmasına cəhd göstərilir. Belə ki, Araik Arutyunyan və onun terrorçu dəstəsinə reinteqrasiya prosesinə müqaviməti davam etdirmək təlimatı verilib. Halbuki, separatçılar son vaxtlar mövcud situasiyanın çıxılmaz olması ilə artıq barışmaq üzrəydilər. Hətta Azərbaycanın mərkəzi hakimiyyət qurumlarının təmsilçiləri ilə Yevlaxda reinteqrasiya barədə danışıqlara da razılaşmışdılar.
Digər tərəfdən, həmin baş tutmayan görüş ərəfəsində erməni hərbi cinayətkar Samvel Babayan Azərbaycanla hər hansı vasitəçilər olmadan danışıqlar masası arxasına oturulmasının vacibliyini vurğulamışdı: "Əgər, Azərbaycan razılaşarsa, biz özünütəyinetmə hüququndan istifadə edə bilərik. Yox, əgər, rəsmi Bakı bununla razılaşmasa, biz Azərbaycanın tərkibində etnik azlıq olacağımızı qəbul etməliyik. Çünki Azərbaycanın reallaşmasına imkan verməyəcəyi daha böyük iddiadan danışmaq mənasızdır".
Belə anlaşılır ki, Qarabağdakı erməni separatçılar mövcud situasiyanın onlar üçün ümidsiz olduğu ilə demək olar, barışmışdılar. Hətta Azərbaycanın tezliklə Xankəndi və ətraf bölgə üzərində nəzarəti təmin edəcəyinə əmin olan erməni separatçı-terrorçular artıq "qaçış planı" üzərində düşünürdülər. Hər halda, Ermənistan mətbuatında yer alan məlumatlara görə, "qaçış planı"nın icrasına da başlanılmışdı.
Məsələ ondadır ki, erməni mətbuatının iddiasına görə, separatçı-terrorçuların rəhbəri Araik Arutyunyan artıq öz ailəsini Azərbaycanın Qarabağ regionundan çıxarıb. Ehtimallara görə, baş terrorçu bunu ya rus sülhməramlıların helikopterində, ya da BQXK-nin maşınlarında etməyə nail olub. Rus sülhməramlıların və BQXK-nin yüksək ödəniş qarşılığında erməni separatçı-terrorçulara belə "xidmətlər" göstərdiyi barədə kifayət qədər məlumatlar mövcuddur. Üstəlik, BQXK-nin maşınında qaçmağa cəhd göstərən erməni terrorçulardan birinin həbsi də bu məlumatları təsdiqləyir.
Ona görə də, ehtimal olunur ki, ailələrini Qarabağdan çıxaran erməni separatçı-terrorçular artıq özləri də qaçmağa hazırlaşırdılar. Hətta Araik Arutyunyanın Ermənistanda yanacaqdoldurma məntəqələri alması barədə də məlumatlar mövcuddur. Və bu baxımdan, Azərbaycan həbsxanalarında yeri artıq hazır olan baş terrorçunun qaçışından sonra bu prosesin intensiv xarakter daşıyacağı da şübhə doğurmurdu.
Ancaq bəzi xarici güclərin məkrli oyunları və onlara güvənən Paşinyan hakimiyyəti hələlik bu prosesi bloklamağa nail olub. Yəni, indiki situasiyada Araik və onun terrorçu dəstəsinin Qarabağdan "qaçış planı"nın pozulduğunu da düşünmək olar. Üstəlik, Laçın postunda həbs olunma təhlükəsi də erməni separatçı-terrorçuları "qaçış planı"nı təxirə salmaq məcburiyyətində buraxıb. Və istənilən halda, son 30 il ərzində Azərbaycanın Qarabağ bölgəsində hərbi cinayətlər törətmiş erməni terrorçuların artıq böyük risk altında olduqları indi qətiyyən şübhə doğurmur.
- Ərazimizi bərpa edib, Quterreşi Bakıya gətirdik…
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- COP29 Sədrliyi bəyanat yaydı
- Prezident bu nazirə ali xüsusi rütbə verdi
- Berbok Bakıdan səsləndi: Kritik məqama yaxınlaşırıq!
- Bu sahəyə ayrılan pullar düzgün xərclənilmir - BMT