Məlum olduğu kimi, Prezident İlham Əliyev 2018-ci ilin son günündə – dekabrın 31-də xalqa Yeni il təbrikində Dağlıq Qarabağ münaqişəsindən də söz açaraq, 2019-cu ildə bu sahədə əhəmiyyətli irəliləyişin ola biləcəyinə eyham vurub.
Prezident deyib:
“Ermənistanda 20 il ərzində hakimiyyəti zəbt etmiş kriminal, rüşvətxor, xunta rejimi çökdü və bu, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasətin tam iflasıdır. Onu da deyə bilərəm ki, bizim Ermənistana qarşı apardığımız çox düşünülmüş, məqsədyönlü və prinsipial siyasətimiz öz bəhrəsini verdi. Biz Ermənistanı bütün regional və beynəlxalq layihələrdən təcrid edə bilmişik, Ermənistan iqtisadiyyatının çökməsində bizim payımız da kifayət qədər böyükdür. Hesab edirəm ki, bu gün münaqişənin həlli üçün yeni vəziyyət yaranır. Ümid edirəm ki, 2019-cu ildə bu sahədə irəliləyiş ola bilər”.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 15 illik prezidentliyi dövründə ilk dəfə “münaqişənin həllində yeni vəziyyətin yarandığı” haqqında açıqlaması Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən sonra Dağlıq Qarabağ məsələsi ətrafında intensivləşən danışqlar prosesində hansısa əhəmiyyətli irəliləyişlərin olduğu təəssüratını daha da gücləndirib.
70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
Hazırda Azərbaycan cəmiyyətində, xüsusən də müxalifət cinahında daha çox Belarus prezidenti Aleksandr Lukaşenkonun məlum açıqlamalarına istinadla, arxa planda Rusiyanın zəmanəti ilə hansısa konkret “sülh razılaşması”nın hazırlandığı və Azərbaycan hakimiyyətinin də müəyyən güzəştlərə getdiyi barədə şayiələr dolaşsa da, prezident İlham Əliyevin Yeni il təbrikində səsləndirdiyi “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli işində biz prinsipial mövqeyimizdə qalırıq. Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Bütün dünya ölkəmizin ərazi bütövlüyünü tanıyır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələri tam icra edilməli, işğalçı qüvvələr qeyd-şərtsiz bizim torpaqlarımızdan çıxarılmalıdır” bəyanatı Azərbaycan tərəfinin hər hansı güzəştlərə hazırlaşmadığının da anonsu sayıla bilər.
Onu da qeyd edək ki, Prezident İlham Əliyevin Dağlıq Qarabağ məsələsində güzəştsiz və prinsipial mövqe tutması o, hələ 2003-cü ildə hakimiyyətə gəlməzdən öncə, düşmən ölkənin prezidenti Robert Koçaryan tərəfindən də etiraf edilib.
Strateq.az xəbər verir ki, hazırda Ermənistanın yeni rəhbərliyi tərəfindən həbsə atılan Robert Koçaryanın bu yaxınlarda Moskvada çapdan çıxmış “Həyat və azadlıq” adlı memuarında İlham Əliyevin Dağlıq Qarabağ məsələsində tutduğu prinsipial və güzəştsiz mövqe barədə sensasion fikirlər yer alıb.
Koçaryan kitabında iddia edib ki, o, vaxtilə mərhum prezident Heydər Əliyevlə müəyyən qarşılıqlı güzəştlərlə problemin həllinə kömək edəcək saziş imzalamağa çox yaxın olub, ancaq məhz gənc Əliyevin tutduğu güzəştsiz mövqe atasını son anda bu sənədi imzalamaqdan çəkindirib.
Beləliklə, “Strateq.az” Robert Koçaryanın “Həyat və azadlıq” kitabından “Ki-Uest – imzalanmamış sülh sazişi”adlı həmin hissəni oxucuların diqqətinə çatdırır:
“…2000-ci ilin ortalarında danışıqlar prosesi bərpa olundu. Xüsusən də bizim Heydər Əliyevlə Naxçıvan yaxınlığındakı Sədərək kəndində görüşümüz əhəmiyyətli oldu. Azərbaycan tərəfi danışıqlar üçün məxsusi kompakt düşərgə hazırlamışdı. Biz ənənəvi mövzunu müzakirə edirdik: biz necə uzlaşa bilərik?
Mən Azərbaycanın Naxçıvanla əlaqəyə malik olmaq arzusunu başa düşürdüm, amma başqa variant təklif etdim:
əgər biz Azərbaycana Ermənistanın Mehri rayonundan keçməklə Naxçıvana birbaşa suveren yol təqdim etsək, onda nə olacaq?
Əliyev dedi ki, bunu necə gerçəkləşdirməyi təsəvvür edə bilmir və biz bu məsələ ilə bağlı uzun sürən danışıqlar apardıq…
Orada ərazi dağlıqdır, biz əsasən tunel və estakadalardan ibarət 50 km uzunluğunda magistral yol çəkməli idik. Bir sözlə, biz elə bir varianta yaxınlaşdıq ki, Azərbaycan Qarabağı Laçın dəhlizi ilə bir yerdə Ermənistanın bir hissəsi kimi tanıyır, əvəzində biz əlimizdə saxladığımız Azərbaycan torpaqlarını geri qaytarır və Mehri vasitəsilə Naxçıvana gedən yola beynəlxalq sülhməramlıların patrulluq edəcəyi xüsusi status verirdik…
Və budur, biz Floridanın ən gözəl yerlərindən biri olan Ki-Uestdəyik. Meksika körfəzinin sahilindəki hoteldə yerləşmişdik. Hava əla idi – günəşli gün idi; və mən ümid edirdim ki, üzməyə də vaxt tapacağam. Əhval-ruhiyyəm də yüksək idi – həm dəniz havasına görə, həm də və ən əsası ona görə ki, bir neçə saatdan sonra mənim vətənimin taleyi həll olunacaqdı.
Trumenin çox da böyük olmayan Kiçik Ağ Evinə gəlirik. Danışıqlar zalı dolu idi: bizim və Azərbaycan nümayəndə heyətləri, çoxdan gözlənilən tarixi hadisəni qeydə alıb işıqlandırmağa hazır olan xeyli sayda jurnalistlər. Otağın mərkəzində stol, stolun arxasında ABŞ dövlət katibi Pauell, sağında Əliyev, solunda mən, qarşımızda Minsk Qrupunun həmsədrləri, Dövlət Departamentinin işçiləri, jurnalistlər…
Görüşü Pauell açır, unikal tarixi an haqqında danışır və sözü Əliyevə verir. O isə qovluğunu açır və… oradan yazılı çıxışını götürür. Orada on səhifəni gördükdə, başa düşdüm ki, bu, artıq uğursuzluqdur.
Əliyev danışmağa başladı. Hamı onun necə həyəcanlı olduğunu görürdü. Mətndə vasitəçilərin danışıqları necə aparması barədə çox danışılırdı, amma onun yarım saatlıq çıxışının tam mənası bu idi: “Mən buna getməyə hazır deyiləm”.
Əliyev çıxış edərkən mən Kavanoya (ATƏT-in Minsk Qrupunun o zamankı amerikalı həmsədri – tərc.) baxırdım. O, tər-suyun içində idi, köynəyi bədəninə yapışmışdı, üzü isə qızarmışdı: anlayırdı ki, bu, onun karyerasının sonudur…
Məni ikili hiss bürümüşdü: bir tərəfdən yüngülləşmişdim, anlayırdım ki, bu cür sülh sazişini reallaşdırmaq kifayət qədər mürəkkəb və riskli olardı. Digər tərəfdənsə, xəyal qırıqlığı və təəssüf hissi vardı: bu, tarixi an idi – biz əsrlərlə davam edə biləcək bağ yarada bilərdik. Əlbəttə, biz özümüzün danışıqlarla bağlı güclü mövqeyimizi qoruyub saxlayırdıq – axı sülh sazişinin imzalanmasından biz imtina etməmişdik…
İki gün ərzində heç nə dəyişmədi. Bütün cəhdlərinə baxmayaraq, həmsədrlərə Əliyevi saziş layihəsini qəbul etməyə razı salmaq müyəssər olmadı.
Şam yeməyi vaxtı – Əliyevin məlum çıxışından sonra ilk dəfə mən onunla söhbət edə bildim. Soruşdum: “Heydər Əliyeviç, bütün bunlar nəyə lazım idi? Mən başa düşürəm, siz fikrinizi dəyişmisiniz. Amma səfərdən imtina edə bilərdiniz axı. Siz həm özünüzü, həm də amerikalıları pis vəziyyətə salmısınız. Niyə?”
O, cavab verdi: “Mən düşünürdüm ki, bacaracağam. Son ana qədər əmin deyildim ki, imtina edəcəyəm”.
Bizim ikimiz üçün də bu qərar çox çətin idi, amma düşünürəm ki, onun üçün bu, lap çətin idi.
Soruşdum ki, nə baş verib? Əliyev cavab verdi: “Bilirsən, mən yəqin ki, öz imkanlarımı çox yüksək qiymətləndirmişəm. Mən öz ailəmi inandıra bilmədim ki, bu lazımdır”.
Daha sonra o danışdı ki, səfərdən öncə, bütün doğmaları bir yerə toplaşıb və yekdilliklə onu sazişdən imtina etməyə inandırmağa çalışıblar. Bildiriblər ki, hazırda Əliyev milli əfsanədir və əgər o, Qarabağı versə, Azərbaycan xalqı bunu başa düşməyəcək: bu ləkə onun və bütün ailəsinin üzərində qalacaq. Hamıdan daha çox israr edən isə onun oğlu İlham olub və Əliyev yola çıxarkən ona söz verib ki, sazişi imzalamayacaq: “Və mən başa düşdüm ki, əgər öz ailəmi inandıra bilmirəmsə, Azərbaycan xalqını heç vaxt inandıra bilməyəcəyəm”.
Ki-Uestdən biz dərhal Vaşinqtona uçduq, orada bizi Kondoliza Rays və prezident Buş gözləyirdi. Ağ Evin yeni administrasiyası bizi tanışlıq xarakterli protokol görüşünə dəvət etmişdi, amma bu da heç nəyi dəyişə bilmədi.
Bununla da bizim razılığa gəlmək cəhdlərimiz bitdi. Əliyev saziş layihəsini qəbul etmədən getdi, ancaq ondan imtina da etmədi. Bunu o, bir neçə gün sonra Bakıda etdi. Kavanonu dəvət edib dedi ki, bu cür saziş onun üçün qəbuledilməzdir və layihəni tamamilə yenidən işləmək lazımdır.
Ki-Uestdən bir müddət sonra danışıqlar davam etsə də, biz bir daha oradakı kimi sülh sazişi imzalamağa yaxın olmadıq.
Biz Əliyevlə başa düşürdük ki, bizim prezidentliyimiz zamanında münaqişə həll olunmayacaq. Söhbətlərimizin birində o, belə də dedi: “Biz tarixi şansımızı əldən buraxdıq. Əgər bizdə alınmadısa, çətin ki, kimsə bu problemi həll edə bilsin”.
Heydər Əliyevin ölümündən sonra İlham Əliyevlə ilk görüşümüzdə mən ondan soruşdum ki, həqiqətənmi, Ki-Uest görüşü ərəfəsində ailədə belə bir söhbət olub, ya yox?
O təsdiqlədi ki, hər şey məhz bu cür olub və o, atasını inandırıb, o da söz verib ki, sazişi imzalamayacaq…”
- COP29-da mühüm razılıq əldə olundu
- 70 kq qızılla saxlanılan diplomatın kimliyi bilindi
- Taksist qonağı hava limanından 139 manata gətirdi - DİN işə qarışdı
- Bakıda COP29 keçirilir, buna görə də… - Paşinyan
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi