Fransa Ermənistanı bu məqsədlə silahlandırır

01:00 - 24 Oktyabr 2023 - SİYASƏT

 Fransa Ermənistanı bu məqsədlə silahlandırır

Fransa və Ermənistan arasında hərbi saziş imzalandı: beləliklə, Paris İrəvana “Thales” şirkətinin istehsalı olan üç “Ground Master 200” (GM200) radar sistemi və “Mistral” yaxın mənzilli hava hücumundan müdafiə sistemləri verəcək.

Bu silahlar “müdafiə xarakterlidir” və rəsmi Paris də israrla bu məqamın üzərində dayanaraq, Ermənistanı başqa ölkəyə qarşı silahlandırmadığını göstərməyə çalışır. Hərçənd, Fransanın Cənubi Qafqaza göndərəcəyi silah partiyasının məhz Azərbaycana qarşı mümkün müharibədə istifadə ediləcəyi istisna deyil, hətta rəsmi açıqlanan silahların müdafiə məqsədli olması Ermənistanın sərhədboyu təxribat törətməyəcəyinə və hərbi hədəflərdən daha çox, siyasi hədəflərə hesablanmış eskalasiya yaratmayacağına zəmanət verə bilməz. Bundan öncə sərhəddə erməni təxribatı nəticəsində baş verən eskalasiyalar zamanı da Ermənistanın zəif yeri hava hücumundan müdafiə qabiliyyəti idi, görünür, öncə bu boşluğu doldurmağı planlaşdırırlar.

Bunun fonunda imzalanan saziş ilk addımdır və sonrakı mərhələdə Fransanın Ermənistana hücum silahları verəcəyi də istisna deyil. Paris hazırda Ermənistana hücum silahlarının tədarükünü Hindistan üzərindən həyata keçirir. Misal üçün, Hindistanın Ermənistana göndərəcəyi “Trayan” özüyeriyən artilleriya sistemləri Fransanın siyasi dəstəyi və maliyyəsi hesabına həll edilib. Bu sistemlər Fransanın “Nexter Systems” şirkətinin Hindistandakı tərəfdaşları ilə birgə hazırlanır. Fransa silahların verilməsi ilə yanaşı, Ermənistan ordusunda kadr hazırlığını də həyata keçirəcək və təcrübə mübadiləsi aparılacaq.

Fransanın bu siyasəti Cənubi Qafqazda hərbi gərginlik riskini artırmaqla yanaşı, hərbi sahədə yeni “dayaq” tapan Ermənistanı sülh danışıqlarında tələblər irəli sürməyə və prosesi uzatmağa da sövq edir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol