“Vladimir Putinlə Nikol Paşinyan arasında keçiriləcək görüşdə heç nə olmayacaq. Paşinyan ikibaşlı oyun oynasa da, Rusiyadan qopa bilməyəcək. Çünki Ermənistan bütün iqtisadi kompleksi Rusiyaya bağlıdır. Paşinyanın bu demarşları isə köpük üzərində qurulan oyunbazlıqdır”.
Bu sözləri açıqlamasında politoloq Tofiq Abbasov deyib. O, Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Müstəqil Dövlətlər Birliyi (MDB) rəhbərlərinin Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında gözlənilən ikitərəfli görüş barəsində fikirlərini bildirib.
Bir çox siyasi analitik Putin-Paşinyan görüşünü baş nazirin Paşinyanın demarşlarının sonu və İrəvanın Moskvaya boyun əyməsi kimi qiymətləndirir.
T. Abbasovun sözlərinə görə, Ermənistanın az-çox işlək iqtisadi kompleksləri, müəssisələri, dəmiryolları, habelə “Metsamor” Atom Elektrik Stansiyası (AES) və digər səhmlər Rusiyanın varidatıdır:
“Belə olan halda Paşinyan nə edə bilər? Heç nə. Sadəcə, Paşinyan Qərbi inandırmaq istəyir ki, guya Rusiyadan ayrılmaq iqtidarındadır. Ermənistandakı qərbyönlü qüvvələr qıy-qışqır çıxarır, Rusiyaya qarşı nifrət və hiddətlərini bildirir. Halbuki Rusiya prezidenti Vladimir Putin bu məsələ ilə bağlı bir dəfə demişdi ki, Paşinyanla çox yaxşı münasibətləri var, telefonla təmas saxlayır , bir-birlərini anlayır və s. Bu zaman Putinə sual verdilər ki, bəs Ermənistanın daxilində gedən proseslər nədən xəbər verir? Prezident dedi ki, bunlar normaldır və əgər azadlıq, demokratiya varsa, qoy onlar İrəvan küçələrində qışqırsınlar. Bu kimə mane olacaq ki?!”
Siyasi şərhçinin sözlərinə görə, Ermənistan heç vaxt Rusiyanın təsir dairəsindən çıxa bilməyəcək:
“Nə vaxt çıxmaq istəsə, yəni bu məsələyə strateji bir yanaşma tətbiq etsə, Ermənistanın vəziyyəti çox gərgin, acınacaqlı, hətta kritik olacaq. Ona görə də Paşinyan iqtidarı ilə digər bəzi qüvvələr çox gözəl başa düşürlər ki, İrəvan və Moskva arasındakı bu nizam öz qüvvəsini saxlayacaq və heç bir şey dəyişməyəcək.
İlin axırıdır deyə, qazın qiyməti ilə bağlı Ermənistana güzəştlər edildi. Dünyada qiymətlər bahadır, ermənilərə isə 160 dollara 10 min kubmetr qaz verilir. Bundan başqa, Ermənistana Aİİ tərəfindən 300 milyon civarında tranş veriləcək. Nəhayət, “Metsamor” AES-in ikinci blokunun inşası və onun təmiri məsələsi də müzakirə ediləcək və bu vəzifə “Rossatom” agentliyinin üzərinə düşür”
T. Abbasov vurğulayıb ki, Ermənistan sadəcə oyunbazlıq edir:
“Ancaq, mahiyyət etibarilə, heç bir şey əldə edə bilməyəcək. Ola bilsin ki, onlar silah-sursatı Qərbdən alırlar, Qərb də böyük ümidlərlə bu proseslərə yanaşır. Amma Qərbin Ermənistandakı vəziyyəti işlək olmayacaq. Vətəndaş missiyası adı altında keçmiş polisləri, kəşfiyyatçı və jandarmeriya nümayəndələrini Ermənistanla yerləşdirmək və onların sayının artırılması ilə Qərb heç bir şeyi əldə edə bilməyəcək. Çünki Azərbaycan regionda dominant qüvvədir və öz sərhədlərini qoruyub saxlamağı bacarır”.
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- COP29 Sədrliyi bəyanat yaydı
- Prezident bu nazirə ali xüsusi rütbə verdi
- Berbok Bakıdan səsləndi: Kritik məqama yaxınlaşırıq!
- Bu sahəyə ayrılan pullar düzgün xərclənilmir - BMT
- Qazaxın azad olunan kəndlərində yeni zastavalar tikiləcək