Ümid Partiyasının sədri İqbal Ağazadə gecə saatlarında ictimai iaşə məkanlarında nəzarətin zəif olduğunu və bəzi hallarda milli-mənəvi dəyərlərə zidd hesab etdiyi halların müşahidə edildiyini bildirib.

BUTA.TV xəbər verir ki, İqbal Ağazadə bu barədə çıxışı zamanı gecə saatlarında uşaqların və gənclərin müxtəlif pub, restoran və çayxanalarda olmasına diqqət çəkib.

Partiya sədri nəzarət mexanizmlərinin yetərli olmadığını qeyd edərək qadın və qızların qəlyan çəkməsinin, hətta bəzi hallarda anaların uşaqlarının yanında qəlyan istifadə etməsinin düzgün olmadığını bildirib.

“Gecə saat 11-də, 12-də uşaqları ilə hamı pubda, qəlyanxanada, çayxanada oturub. Nəzarət sistemi yoxdur. Qadınlar, qızlar qəlyan çəkirlər, hətta ana belə öz uşağının yanında qəlyan çəkir. Həmin uşaq cəmiyyət üçün nə nümunə olacaq, nə örnək olacaq? O, anasından nə öyrənəcək, nə tərbiyə alacaq?” – deyə İqbal Ağazadə vurğulayıb.

O, həmçinin bəzi məkanların reklamlarında qızlar üçün qəlyanın pulsuz təklif olunmasına da münasibət bildirib və bunu milli-mənəvi dəyərlərlə ziddiyyət təşkil edən yanaşma kimi qiymətləndirib.

“Bax, düzgün deyil, bizim milli-mənəvi dəyərlərimizə ziddir. Biz axı nə təbliğ edirdik? Beş manat artıq pul qazanmaq üçün milli-mənəvi dəyərlərimizin hamısını məhv etməliyik?” – deyə partiya sədri bildirib.