Dünyanın ən çirkli havası olan şəhəri bilindi
Dünyanın ən zəngin şəhərlərindən biri olan Sinqapur qonşu İndoneziyada davam edən meşə yanğınlarının törətdiyi zəhərli duman səbəbindən havanın çirklənmə dərəcəsinə görə dünyada birinci sıraya yüksəlib.
“BUTA.TV” xəbər verir ki, İsveçrənin hava keyfiyyətinin monitorinqi ilə mıəşğul olan “IQAir” şirkətinin məlumatına görə, Sinqapurda Hava Keyfiyyəti İndeksi (AQI) 216 vahid təşkil edib ki, bu da “çox qeyri-sağlam” kateqoriyasına daxildir.
Yaranmış vəziyyətlə bağlı Sinqapur Milli Ətraf Mühit Agentliyi regionda davam edən quraqlıq və meşə yanğınlarını əsas səbəb göstərib. Səlahiyyətlilər əhaliyə açıq havada fəaliyyətləri məhdudlaşdırmağı və bol maye qəbul etməyi tövsiyə edib, məktəblərə isə hava təmizləyici qurğular paylanılıb.
Eyni səbəbdən Malayziyanın paytaxtı Kuala-Lumpur “ən çirkli şəhərlər” siyahısında ikinci pillədə qərarlaşıb. Malayziyanın Cohor, Malakka, Neqeri-Sembilan və Selanqor kimi ştatlarında hava keyfiyyətinin kəskin pisləşməsi ilə əlaqədar dərslər dayandırılıb. Malayziyanın Baş naziri Ənvər İbrahim regional böhranı müzakirə etmək üçün Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasını (ASEAN) təcili iclasa çağırıb.
İndoneziya Səhiyyə Nazirliyi isə avqust ayından bəri zəhərli tüstü səbəbindən 175 mindən çox insanda tənəffüs yolu xəstəliklərinin qeydə alındığını açıqlayıb. Mütəxəssislər quraqlığın bu dərəcədə kəskinləşməsini güclü “El Nino” ilə əlaqələndirirlər.
Qeyd edək ki, Hava Keyfiyyəti İndeksində (AQI) 0-50 “yaxşı”, 51-100 “orta”, 101-150 “həssas”, 151-200 “qeyri-sağlam”, 201-300 “çox qeyri-sağlam”, 301-500 isə “təhlükəli” səviyyə sayılır.