Oktyabrın 12-də Azərbaycanın mədəniyyət həyatında əlamətdar hadisə baş verdi, Vətən müharibəsindəki böyük Zəfərimizə həsr edilən “44” adlı bədii filmin ilk göstərilişi oldu.

Ancaq bunu əsla yalnız və sırf mədəniyyət hadisəsi hesab etmək olmaz.

Mahiyyəti ilə bu hadisə-film ölkənin dövlət, siyasət və millət həyatı ilə birbaşa bağlı olan məsələdir.

İllər öncə hörmətli Anar Ələkbərov bu filmdən söz açıb belə bir layihə ilə çox ciddi məşğul olduğunu deyəndə çox sevinmişdim və bunu elə məsul dövlət işində olan bir şəxsin mədəniyyətin vasitəsilə əslində vacib dövlət işi gördüyü kimi qəbul etmişdim.

İlk növbədə ona görə ki, kino Azərbaycan üçün sadəcə mədəniyyətin bir qanadı olmaqla bitmir.

Dünya kinosu 1895-ci ildə yaranıb, vur-tut 3 il sonra artıq bizim də kinomuz vardı.

Sonradan dünya kinosunda imzası məşhur olacaq ölkələrin bir çoxu o vaxt hələ kino haqqında yalnız eşitmişdi.

Kökümüzün dərinliyini, dünyada boyumuzun ucalığını sübut edən və göstərən hər belə hadisəyə isə biz həmişə sayğı ilə yanaşmalı, fəxr etməliyik.

Anar son 5 il boyunca bir filmlə məşğul olduğunu deyəndə hələ söhbətin hansı filmdən getdiyini söyləməmişdi, mən də soruşmamışdım, ancaq belə ardıcıl şəkildə kino ilə məşğul olmasını içərimdə yüksək qiymətləndirmişdim.

Çünki bizim kinonun qayğıya, güclü çiyinlərə çox ehtiyacı vardı və bu gün də var.

Kinomuz heç 50 yaşına çatmamış, XX əsrin ortalarında “Arşın mal alan”ı ilə dünya ekranına çıxa bilib, tarixdə qalacaq qiymətli kino inciləri yaratmağa da müvəffəq olmuşuq.

Belə bir keçmiş varsa, əlbəttə ki, onu dirçəltməyə, ənənələri yaşadıb irəlilətməyə borcluyuq.

Arzulamağa nə var ki!

Bunu əməldə etmək çətindir.

Mən Anarı lap çoxdan, ilk gəncliyindəki fəaliyyətlərindən başlayaraq tanıyıram və həmişə də dəqiqlik, intizamlılıq, ardıcıllıq, məqsədyönlülük, yüksək məsuliyyət duyğusu onun sabit keyfiyyətləri olub.

Təbii ki, arxada qalan illərin gətirdiyi səriştəlilik, təcrübə ona fitrətən xas olan qabiliyyət və məziyyətləri bir qədər də cilalayıb, daha da inkişaf etdirib.

Və yaşının, təcrübəsinin imkanlarının bu mərhələsində, hər gün də bir-birindən məsuliyyətli dövlət tapşırıqlarını yerinə yetirmək vacibliyi ortadaykən Anar arxadakı 5 il boyunca sərasər bir filmlə də məşğul olmağa ən dar macalda da imkan arayıbsa, bunu heç vəchlə yalnız bir insanın sənətə xüsusi sevgisi kimi deyil, həm də onun bu çəkilişə hökmən yerinə yetirilməli bir dövlət işi və milli vəzifə olaraq baxması kimi qavrayıram.

Milli kinomuz 128 il əvvəl təvəllüd tapsa da, ilk bədii filmimiz düz 110 il qabaq – 1916-cı ildə yaranıb və çox rəmzidir ki, kinomuzda yeni, əhəmiyyətli dönüşün göstəricisi olan “44” filmi millət tarixinin ən ali hadisəsinə həsr olunub, daim qürur qaynağımız kimi qalacaq Qarabağ Zəfərimizi tərənnüm edir.

Heydər Əliyev Mərkəzinə toplaşaraq oktyabrın 12-də bu filmi ilk dəfə seyr edənlərin həyəcanı, ekranda cərəyan edənlərə duyğulu münasibəti bir daha açıqca göstərdi ki, böyük milli ideya bu xalqı necə möhkəm birləşdirə, bircə anda yumruğa çevirməyə qadir olan qüvvədir.

Azərbaycan tarixinin şərəf səhifəsi olan Zəfərimizin kardioqramı sayılası sənədli kadrlardan ibarət müqəddimədən sonra başlanan və iki saat otuz səkkiz dəqiqə gedən film (bu 2 saat 38 dəqiqə 1 il ərzində 112 saatlıq çəkiliş materialından an-an yığılıb. Bilənlər bilir ki, bu elə Şuşanın sıldırım qayalarına dırmaşmaq qədər ağır işdir) film həm bir göz qırpımı kimi qısa, həm də tarixçəsinin hekayət etdiyi 44 günlük şücaət və qeyrət yolundan qat-qat uzun idi.

Film bitincə səhnəyə Qarabağ müharibəsinin qəhrəmanları dəvət edildi.

Bunlar yalnız qazilərimiz deyil, canını bu qələbə naminə qurban vermiş şəhidlərimizin, igidlərimizin anaları idi.

Heç vaxt bu qədər şəhid anası bir səhnədə olmamışdı.

Bunun özü də bir ayrı film idi.

Onlar danışırdılar, “bu filmin hər epizodu ürəyimizə bir ox kimi sancıldı” deyirdilər.

Amma bunu da söyləyirdilər ki, bu film və belə qədirşünaslıq nümunəsi olan hər əsər onlara ən əvəzsiz təsəlli, könül yaralarına məlhəmdir.

Hamısı təsdiq edirdi ki, bu film balalarına ucaldılan ən könül sevindirən abidədir.

Kino tariximizdə bizim bundan miqyaslı, iştirakçılarının sayı, cəlb edilən imkanlar bundan çox olan filmimiz yoxdur.

455 nəfərlik daimi və yaradıcı heyət, 2500-dən çox hərbçi, 513 hərbi texnika, xüsusi təyinatlı avadanlıq, 600-dək mərmi və döyüş sursatı sərfiyyatı, 300 min patronun sərf olunduğu döyüş səhnələri, 130-dan çox çəkiliş məkanı, 1180 nəfərə çatan aktyor heyəti, 2000 nəfərə yaxın kütləvi səhnə iştirakçısı, 13 ölkədən cəlb olunan çoxsaylı mütəxəssislər və sairə, və sairə.

Kino ilə məşğul olmuş, yalnız ssenari yazmamış, bilavasitə çəkilişlər aparmış bir insan kimi mən yaxşı anlayıram üzdən adi görünə biləcək bu rəqəmlərin arxasında hansı ağlasığmaz zəhmət, səbir, iradə və ən mühümü – dözüm dayanır.

Bu miqyasların təklif etdiyi ağırdan-ağır yükün altından çıxmaq və ortaya hər kəsi riqqətə gətirən nəticə qoya bilmək, göz yaşları və iftixar duyğusu ilə izlənən Vətən Əsəri yaratmağa nail olmaq hər oğulun işi deyil.

Anar Ələkbərov bu filmin həm bədii rəhbəri, həm ssenari müəllifidir.

Yaxşı bədii rəhbər də, güclü ssenariçi də, qabil rejissor da, mahir operator da, istedadlı aktyor da, usta montajçı da olmaq olar.

Ancaq sən Anar kimi fövqəladə qabiliyyətli təşkilatçı ola bilməsən, bütün bunlar yelə sovrulub uçar, 5 deyil, 10 il də zəhmət çəkərsən, puça gedər.

Anarın bu filmdə bütün parlaqlığı ilə ortada olan müstəsna təşkilatçılıq, yönəltmək fərasəti əsərin uğurunu təmin edən ən başlıca amildir.

Azərbaycan bədii filmlər yolunun 110-cu ilində yaranan bu kinolent əslində kinomuzda ən müasir tələblərə cavab verən kino əsəri yaratmaq səmtində bir dönüş sayılmalıdır.

Memarı Ali Baş Komandanımız cənab İlham Əliyev olan Qarabağ Zəfərimizin ardınca Böyük Quruculuq və Böyük Qayıdış başlandı.

İnanmaq istərdim ki, “44” filmi ilə də həm kinomuzda, həm də mədəniyyətimizin digər sahələrində daha böyük quruculuqlara, dünənimizdə olan uğur təcrübələrinin yenidən daha parlaq şəkildə təkrarlanmalarına, yüksəliş ənənələrimizin davamlı olmasına qayıdışlar başlanacaqdır.

44 rəqəmi 2020-ci ilin 8 noyabrınadək sadəcə rəqəm idi.

O gündənsə millətimizin tarixindəki ən ali rəmzlərdən birinə çevrilib.

Bu, milli ləyaqətin, milli qürurun, milli birliyin zirvəsinə aparan tarix nərdivanının 44 şərəf pilləsidir və əminəm ki, Azərbaycan ədəbiyyatı və incəsənəti xalqımızı hələ bundan sonra da dəfələrlə bu möhtəşəm tarixi və onun Yenilməz Memarını tərənnüm edən “44” filmi kimi çox qiymətli əsərlərlə sevindirəcəkdir.

Dəyərli dostumuz Anar Ələkbərov xoşbəxtdir ki, dövlətinə və xalqına bu yolda “44” bədii filmi kimi iftixara layiq bir töhfə verə bilib!

Rafael Hüseynov,

akademik

Siz aylardır həll edilməyən problemi bir neçə saata necə həll etdiniz? Siz aylardır həll edilməyən problemi bir neçə saata necə həll etdiniz?