Prezidentlə baş nazir voleybol oynayıb buzları əritdilər - Video
Video
Ukrayna Prezidenti Volodimir Zelenski və Macarıstanın yeni Baş naziri Peter Madyar Zakarpatya bölgəsində baş tutan görüş zamanı yerli məktəblərdən birində rəmzi voleybol oyunu keçiriblər.
“BUTA.TV” xəbər verir ki, iki liderin meydançadakı bu birgə addımı Budapeştin əvvəlki lideri Viktor Orbanın hakimiyyəti illərində Kiyevlə yaranmış uzunmüddətli gərginliyin geridə qaldığını nümayiş etdirən əsas mesaja çevrilib.
May ayında vəzifəyə gələrək Orban dövrünə son qoyan, Avropa İttifaqı (Aİ) tərəfdarı Peter Madyar etnik macarların yaşadığı Zakarpatyaya səfər edərək Zelenski ilə görüşüb. Liderlər əvvəlcə Ujqorod şəhərində qəbiristanlığa əklil qoyub və danışıqlar aparıblar. Ardınca sərhəddəki Berehove şəhərində brifinq keçirilib və voleybol meydançasında rəmzi oyun baş tutub.
Madyar çıxışında etimad quruculuğunun vacibliyini vurğulayıb: “Gəlin etimad qurmağa başlayaq, gec olması heç olmamasından yaxşıdır”.
Zelenski isə görüşü “vacib və həssas məqam” adlandıraraq Orbanın xəttinə işarə edib: “Ukrayna ilə həmrəylik vacibdir, Putinlə dostluq isə heç bir yerə aparmır”.
Kiyevin macar azlığın hüquqları ilə bağlı yeni qanun qəbul etməsindən sonra Budapeşt Aİ-nin Ukrayna ilə üzvlük danışıqlarında yeni istiqamətlərin açılmasına razılıq verib. Rusiyanın təcavüzünü qətiyyətlə pislədiyini bəyan edən Peter Madyar Ukraynaya dəyəri 2,9 milyon dollar olan dərman və enerji avadanlıqları da gətirib. Tərəflər həmçinin Macarıstandan Ukraynaya dizel yanacağının nəqli məsələsini müzakirə ediblər.
Qızın görüntülərini yayıb cinsi azlıq olduğunu dedilər - Keçmiş rəhbərindən şübhələnir