Çin Elmlər Akademiyasının Nankin Geologiya və Paleontologiya İnstitutunun rəhbərliyi ilə aparılan tədqiqat çərçivəsində alimlər 99 milyon illik kəhrəba fosillərinin içərisində əvvəllər məlum olmayan həşərat fəsiləsinə aid qanadsız, qısa gövdəli və uzunayaqlı çəyirtkə nümunələrinə rast gəliblər.

“BUTA.TV” xəbər verir ki, araşdırmanın nəticələri “Proceedings of the Royal Society B: Biological Sciences” jurnalında dərc olunub.

Təxminən 100 milyon il əvvəl dinozavrlarla eyni dövrdə yaşadığı ehtimal edilən çəyirtkələrin suyun səthi gərilməsindən istifadə edərək su üzərində tarazlıq saxlaya bildiyi müəyyənləşdirilib. Mütəxəssislər sözügedən canlıların suitələyici tükləri və arxa ayaqlarının aşağı hissəsindəki yarpaqşəkilli, avarvari çıxıntıları sayəsində su səthində hərəkət edə bildiyini üzə çıxarıblar.

Alimlər su üzərində yeriməyin təbiətdə olduqca nadir rast gəlinən xüsusiyyət olduğuna diqqət çəkiblər.

Otyeyən olduğu güman edilən 9 çəyirtkənin eyni kəhrəba parçasında bir yerdə qorunub saxlanılması bu növün qidalanmaq məqsədilə böyük qruplar halında toplandığını göstərir. Tədqiqatçılar bu tapıntının çəyirtkə və ya cırcıramalarda toplu qidalanma davranışına dair məlum olan ən qədim nümunə ola biləcəyini vurğulayıblar.

Onlar “Hydrelcana zhangi” adlandırdıqları bu canlıları “Hydrelcanidae” adlı yeni həşərat fəsiləsi altında təsnif ediblər.

Bakı-Sumqayıt yolundakı tıxac problemi belə həll olunacaq - Video Bakı-Sumqayıt yolundakı tıxac problemi belə həll olunacaq - Video