AB-nin əsas qurulma məqsədlərindən biri də Fransa və Almaniya arasında mümkün müharibə ehtimalını sıfra endirmək olub. Lakin hər nə qədər təşkilatın aparıcı üzvü olsalar da, Berlin və Paris arasında rəqabət həmişə davam edib. Həmin rəqabəti hazırda dünyanın bir çox yerində, eyni zamanda Azərbaycanla bağlı məsələlərdə aydın müşahidə etmək mümkündür.
Bu sözləri BUTA.TV-a Fransanın Azərbaycandakı səfiri Ann Buayonun Laçına səfərindən qısa müddət sonra Almaniya səfiri Ralf Horlemannın Şuşaya getməsi barədə danışan Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, Şimali Kipr Türk Respublikasının Girnə Amerikan Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi Sadiq Akyar deyib.
Akyar Makronun səhv siyasəti ucbatından Cənubi Qafqazda Fransanın maraqlarına ciddi zərbə vurduğunu bildirib:
“Azərbaycan İkinci Qarabağ müharibəsində qələbə qazanaraq qlobal səviyyədə bölgənin ən güclü oyun dəyişdirici ölkəsi olduğunu hər kəsə sübut etdi. Döyüş meydanında qazanılan qalibiyyət bir-birinin arxasınca diplomatik zəfərləri də gətirdi. İndi Azərbaycan beynəlxalq aləmdə daha güclü mövqeyə sahibdir. Sözügedən səfərlərə gəldikdə isə bunu deyə bilərəm ki, xarici ölkə səfirlərinin hansısa təbii fəlakətlərdən, işğaldan azad edilmədən sonra mövcud vəziyyəti yerində təhlil etmək üçün belə addımlar atması diplomatik təcrübədə geniş yayılıb. Ancaq Fransa və Almaniya səfirlərinin bir-birinin arxasınca bunu etməsinin məqsədi yalnız vəziyyətlə tanış olmaq deyil. Ann Buayon Laçına getməklə Fransanın əlaqələri nisbətən mülayimləşdirmək niyyətini göstərdi, Ralf Horlemann isə Şuşaya səfər edərək ölkəsinin həmişə Fransadan bir addım öndə olduğunu nümayiş etdirdi. Bu, demək olar ki, həmişə belə olub. Azərbaycan və Ermənistan arasında aparılan danışıqlarda Almaniya daha neytral davranıb, Fransa isə keçmiş Minsk Qrupu dövründə və müharibədən sonra İrəvanı dəstəkləyən kəskin birtərəfli addımları ilə ona olan etibarı itirib. Digər tərəfdən Almaniyanın Türkiyə və Rusiya ilə münasibətlərini də nəzərə alsaq, rəsmi Berlinin danışıqlar prosesində moderatorluq missiyasını üzərinə götürməsi səbəbləri bizim üçün daha aydın olar. Yaxın gələcəkdə biz Bakı-Berlin münasibətlərinin bir qədər də yaxınlaşmasının şahidi ola bilərik. Ukrayna müharibəsinə görə Almaniya enerji təminatında ən çox çətinlik çəkən ölkələrdəndir. Fikrimcə, Almaniyanın Azərbaycanla münasibətlərə müsbət mənada daha çox diqqət ayırması onun enerji bazarında da Fransanı üstələməsinə gətirib çıxaracaq. Yəqin ki, rəsmi Paris bunu görür və prosesdən nisbətən az zərərlə çıxmağın yollarını axtarır. Ancaq anlamalıdırlar ki, yeganə yol Azərbaycan dövlətinin gücünü, yaratdığı geosiyasi reallığı qəbul etməkdən keçir”.
- Ölkədə dizel istehsalı beş dəfə artdı
- Azərbaycanda Vergi Xidmətinin rəis müavini işdən çıxarıldı
- Əliyev də, mən də bundan narahatıq - Putin
- Bu vəzifəli şəxslər həbs olundu - Rəsmi
- Əsəd İran və Rusiyanı şantaj edir
- Əli Kərimliyə bu cəza verildi
- Kadırov azərbaycanlı blogerə söz verdi: Toyunda... - Video
- İrəvan azərbaycanlıların hüquqlarını təmin etməlidir - XİN