Ağadadaş Ağayev “Xalq artisti” adından MƏHRUM EDİLƏ BİLƏR

10:36 - 24 İyul 2024 - CƏMİYYƏT

 Ağadadaş Ağayev “Xalq artisti” adından MƏHRUM EDİLƏ BİLƏR

Xalq artisti Ağadadaş Ağayevlə bağlı qalmaqal ictimaiyyət arasında ciddi rezonans doğurub və fəxri adlar məsələni yenidən gündəmə gətirib.

Sosial şəbələkələrdəki müzakirələrdə bir çoxları Ağadadaş Ağayevi “Xalq artisti”  adına yaraşmayan hərəkətlərə görə qınayıb, hətta onun bu fəxri tituldan məhrum edilməsini istəyənlər də olub.

Eyni zamanda “Xalq artisti” fəxri adının ləğv edilməsini tələb edənlər də az deyil. Bir çoxları hesab edirlər ki, keçmiş SSRİ-dən miras qalan “Xalq artisti” və “Əməkdar artist” titulları sənətçilər arasında ayrı-seçkilik yaradır.

BUTA.TV xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, iyulun 22-də paytaxtın Binəqədi rayonunda yerləşən özəl tibb müəssisəsinin (“Medera” hospitalı) gözətçiçi N.Cəlilovla Ağadadaş Ağayev arasında insident baş verib.

Bu xəbər hal-hazırda çox oxunur
COP29-da tarixi qərar qəbul olundu

İnsidentin videogörüntülərindən aydın olur ki, Xalq artisti Ağadadaş Ağayev gözətçi N.Cəlilova balta atır, daha sonra onlar əlbəyaxa dava edirlər. Rəsmi məlumata görə, müğənninin atdığı balta başqa bir qadına xəsarət yetirib.  

DİN fakta görə Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi açıldığını bəyan edib. Münaqişə tərəfləri N.Cəlilov və A.Ağayev cinayət məsuliyyətinə cəlb olunub, istintaq hərəkətləri davam etdirilir.

Fəxri ad daşıyan Ağadadaş Ağayevin qeyri-etik davranışı və qınaq obyektinə çevrilməsi müğənnini hədəf edib.

Bəs Ağadadaş Ağayevin “Xalq artisti” fəxri adı onun əlindən alına bilərmi?

Modern.az-ın məlumatına görə, Azərbaycanda fəxri ad fərdi təşəbbüslə, habelə Milli Məclisin və Nazirlər Kabinetinin təklifi ilə Prezident tərəfindən verilir.

Fəxri ad adətən Azərbaycan Respublikasının vətəndaşlarına verilir, lakin digər ölkələrin vətəndaşlarına da təqdim oluna bilər. Azərbaycan Respublikasının eyni fəxri adı bir şəxsə təkrar verilmir.

Bəs fəxri ada layiq görülən şəxs hansı hallarda ondan məhrum edilə bilər?

Əsasnaməyə görə, fəxri ad almış şəxs iki halda ondan məhrum edilə bilər:

1. Fəxri ad almış şəxs ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkum olunduqda

2. Fəxri ad almış şəxs onu ləkələyən xata törətdikdə.

Cinayət məsuliyyətinə cəlb edilən müğənni Ağadadaş Ağayevlə bağlı istintaq hərəkətləri yekunlaşandan sonra işə məhkəmədə baxılacaq. Məhkəmə müğənnini fəxri addan məhrum da edə bilər.

Xatırladaq ki, bundan əvvəl Azərbaycanda fəxri adlardan məhrum edilmə halları olub.

Belə ki, yazıçı Əkrəm Əylisli 2013-cü ildə "Xalq yazıçısı" fəxri adından məhrum edilib. Buna onun yazdığı "Daş yuxular" əsəri səbəb olmuşdu. Həmin əsərdə Azərbaycan xalqının antihumanist obrazını formalaşdırmağa cəhd göstərən, onu ümumbəşəri dəyərlər sisteminə zidd əməllərdə əsassız günahlandıran Ə.Əylisli Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyəti saxtalaşdırmış, uzaq və yaxın tarixi keçmişimizə qara yaxmış, 1 milyondan çox didərgin soydaşımızın mənliyini təhqir etmişdi. Bununla da o, Azərbaycan Respublikasının ”Xalq yazıçısı" fəxri adını ləkələmiş və bu addan məhrum edilməsi barədə dövlət strukturlarının, ictimai qurumların, vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınmışdı.

2001-ci ildə dövlət çevrilişinə cəhddə günahlandırılıb həbs olunan Rasim Əkbərov isə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adından məhrum edilib. Ona “Azərbaycanın Milli Qəhrəmanı” adı 23 iyun 1992-ci il tarixində verilmişdi. 

1994-cü ilin oktyabrında “Azərbaycanın Milli Qəhrəmanı” adına xələl gətirən hərəkətlərə yol verdiyinə görə keçmiş baş nazir Surət Hüseynov da bu fəxri tituldan məhrum edilmişdi. Ona “Azərbaycanın Milli Qəhrəmanı” adı 1992-ci ilin 8 oktyabrında verilmişdi


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol