“Minimum əmək haqqının artırılmasının insanlara xeyirdən çox zərəri var” – Ekspert

13:19 - 6 Avqust 2024 - CƏMİYYƏT

 “Minimum əmək haqqının artırılmasının insanlara xeyirdən çox zərəri var” – Ekspert

Məlum olduğu kimi, bir qədər əvvəl müvafiq dövlət qurumları noyabrın 1-dək minimum əmək haqqının artırılması ilə bağlı təkliflər hazırlanacağını açıqlayıb.

Yeniavaz.com xəbər verir ki, Azərbaycanda minimum əmək haqqı sonuncu dəfə ötən ilin yanvar ayında 15% artırılaraq 300 manatdan 345 manata yüksəlib. Bu ilin əvvəlində ölkədə yaşayış minimumu və ehtiyac meyarı artırılsa da, minimum əmək haqqı dəyişməz qalıb. Bəs görəsən, minimum əmək haqqının artırılması insanların sosial vəziyyətinə necə təsir edəcək? Mövzu ilə bağlı açıqlama verən iqtisadçı ekspert Allahverdi Aydın bildirir ki, minimum əmək haqqının artırılmasını birmənalı şəkildə müsbət addım kimi dəyərləndirmək doğru deyil:

“Hesab edirəm ki, minimum əmək haqqının artırılmasının insanlara xeyirdən çox zərəri var. Bildiyimiz kimi, minimum əmək haqqının artırılması vergi və məcburi sosial ödənişlərin də artmasına səbəb olur. Azərbaycanda yüzminlərlə fərdi sahibkar məcburi sosial ödənişləri minimum əmək haqqına əsasən ödəyir. Bu isə o deməkdir ki, minimum əmək haqqı artdığı zaman fərdi sahibkarlar daha çox ödəniş etməli olacaqlar. Onu da nəzərə almaq lazımdır ki, minimum əmək haqqının artırılmasının insanların böyük əksəriyyətinin gəlirlərinə birbaşa təsiri yoxdur. Minimum əmək haqqı yalnız əmək müqaviləsi ilə işləyən işçilərin əmək haqqına təsir edə bilər. Son məlumatlara görə, Azərbaycanda 5 milyona yaxın işləyən insan var. Bu insanların isə təxminən 1/3-i  – 1 milyon 750 min nəfəri muzdlu işçi hesab olunur. Üstəlik minimum əmək haqqının artırılması da muzdlu işçilərin hamısının əmək haqqına təsir etməyəcək. Təxminən belə hesab olunur ki, minimum əmək haqqının artımı ən yaxşı halda 700 min insanın əmək haqqına təsir edəcək. Onların da böyük əksəriyyətində artım çox cüzi olacaq”.



Allahverdi Aydın

İqtisadçı ekspert deyir ki, əmək bazarındakı real vəziyyət tamamilə fərqlidir:

Bu xəbər hal-hazırda çox oxunur
İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar

“Azərbaycanda iş yerlərinin bir çoxunda ikili mühasibatlıq var. Daha az vergi və daha az sosial ödəniş etmək üçün işçinin rəsmi əmək haqqını minimum səviyyədə göstərirlər. Əmək haqqının digər hissəsi isə qeyri-rəsmi şəkildə ödənilir. Bu səbəbdən minimum əmək haqqının artırılması işçinin əmək haqqının artırılması mənasına gəlməməlidir. Məsələn, bir şirkətdə işçiyə 500 manat əmək haqqı verilir. Şirkət daha az vergi ödəmək üçün bu məbləğin 345 manatının rəsmi şəkildə əmək haqqı kartına köçürür. 155 manatını isə işçiyə “əldən” verir. Deyək ki, minimum əmək haqqı artırılaraq 400 manat oldu. Bu zaman işçinin əmək haqqının artacağına kim zəmanət verir? Böyük ehtimalla şirkət yenə işçisinə 500 manat əmək haqqı verməyə davam edəcək. Yeganə dəyişən məsələ o olacaq ki, şirkət bundan sonra əmək haqqı kartına 400 manat köçürəcək, yerdə qalan 100 manatı da birbaşa işçiyə verəcək. Belə olan halda da zərər edən şirkət, qazanan dövlət olacaq. Rəsmi əmək haqqı artdığı üçün şirkət daha çox vergi ödəməyə məcbur olacaq”.

Ekspert hesab edir ki, bu vəziyyətin baş verməməsi üçün hökumət minimum əmək haqqı anlayışına yenidən baxmalıdır:

“Minimum əmək haqqına normativ kimi yanaşılmamalıdır. Bu, əslində SSRİ-dən qalma ənənədir. Sovetlər zamanında əsas “ölçü vasitəsi” minimum əmək haqqı olub. Hətta cərimələr belə minimum əmək haqqına əsasən təyin olunurdu. Sosial ödənişlərin minimum əmək haqqı üzərindən hesablanması dayandırılmalıdır. Məsələn, ayda 50 manat gəliri olan fərdi sahibkarın 90 manata yaxın məcburi sosial ödəniş etməsi hansı məntiqə əsaslanır? Hesab edirəm ki, minimum əmək haqqı indiki halda sadəcə olaraq müəyyən statistik müayinələrin aparılması üçün lazım ola bilər. Minimum əmək haqqından bu cür “ölçü vasitəsi” kimi istifadə etmək doğru deyil. Hazırda dünyanın bir çox ölkəsində minimum əmək haqqı anlayışı yoxdur. Əksər ölkələr isə bu anlayışdan bizdəki kimi istifadə etmir. Məsələn, qonşu Gürcüstanda orta aylıq əmək haqqı Azərbaycanla müqayisədə yüksəkdir. Amma, Gürcüstanda minimum əmək haqqına cəmi 20 dollar təşkil edir. Orta aylıq əmək haqqının bizdən yüksək olduğu Ermənistanda da minimum əmək haqqı aşağıdır və uzun müddətdir dəyişmir. Hökumətin əsas fəaliyyəti ölkədə minimum əmək haqqının real səviyyəsini yüksəltməkdən ibarət olmalıdır. Minimum əmək haqqının kağız üzərində qaldırılması insanların real gəlirlərinə ciddi təsir edə bilməz”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol