Azərbaycanda əhali çörəkdən imtina edir: Görün tərkibinə nə qatırlar 

14:04 - 28 Sentyabr 2024 - SAĞLAMLIQ

 Azərbaycanda əhali çörəkdən imtina edir: Görün tərkibinə nə qatırlar 

Azərbaycan xalqı üçün çörək yalnız qida deyil, həm də mədəni dəyər daşıyan müqəddəs bir nemətdir. Uzun illərdir, hər evin süfrəsində çörək əsas yer tutur. Xalq arasında "Çörək varsa, bərəkət var" deyimi çörəyin nə qədər əhəmiyyətli olduğunu bir daha göstərir. Bu, azərbaycanlıların çörəyə olan xüsusi sevgisindən qaynaqlanır. 

Təsadüfi deyil ki, azərbaycanlıları adətən "çox çörək yeyən toplum" kimi xarakterizə edirlər. Lakin, deyəsən, dövr dəyişdikcə, çörək yeməyə olan sevgimiz də azalır. Belə ki, 2023-cü ildə Azərbaycanda adambaşına 116.6 kiloqram çörək istehlak edilib. Bu isə 2022-ci illə müqayisədə 5.9 kiloqram azdır. Görəsən, həqiqətənmi, çörək yeməyi azaltmışıq? Çörəyi rasionumuzda azaltmağın müsbət və mənfi tərəfləri nələrdir? 

Qida rasionunun əsas hissəsini çörək tuturdu

İqtisadçı Akif Nəsirlinin sözlərinə görə, çörəyin rasionumuzda azalmasının əsas səbəblərindən biri aparılan təşviqatdır. Təbliğat nəticəsində insanlar maariflənirlər: "Əhalinin bir hissəsi pəhriz saxlayır və çörəkdən maksimum şəkildə az istifadə edir. Hazırda ekspertlər də sağlam qidalanmanı təbliğ edirlər. 10-15 il əvvəl əhalinin qida rasionunun əsas hissəsini çörək tuturdu. Amma yavaş-yavaş durum dəyişir".

Bu xəbər hal-hazırda çox oxunur
Boşananlara bəd xəbər: aliment artırılır

Çörəklərin rəf ömrünü uzadırlar

Qida təhlükəsizliyi üzrə ekspert İlkin Şirinov bildirdi ki, hazırda satışda olan çörəkləri yemək sağlamlığımız üçün təhlükəlidir: "Çörəkdən istifadə qidalanmanın ayrılmaz bir hissəsinə çevrilib. Yemək yeyərkən süfrədə çörək olması sanki bir qanundur. Amma istifadə etdiyimiz çörəklər, un məmulatları nə dərəcədə faydalıdır? Buradakı əsas təhlükə çörək və un məmulatları hazırlanarkən istifadə olunan kimyəvi maddələrdir. Onlardan istifadə edərək çörəklərin rəf ömrünü uzadırlar. Mağazalarda çörəklər 2-3, hətta beş gün saxlanılır". 

İ.Şirinovun fikrincə, mağazada satılan həm ağ, həm də qara çörəklərin tərkibində kimyəvi qatqılar olur: 

"Həmçinin, bu gün çörəklərin rənginin daha ağ olması, həcminin böyüklüyü üçün xüsusi peroksidlərdən istifadə olunur. Buğdadan hazırlanan çörəyin özünün rəngi ağ olsa da, qatqılar da vurularaq satış üçün həcm, forma və rəng verilir. Amma həmin maddələr insan sağlamlığı üçün bilavasitə təhlükə mənbəyidir. Tək buğda çörəyi yox, qara çörək dediyimiz diyetik çörəklərin də tərkibi ilə oynanılır. Əslində, onların tərkibi sadəcə çovdar, ikinci növ qara un və ədviyyatlardan ibarət olmalıdır. Lakin rəngini tündləşdirmək üçün xəmirinə xüsusi kimyəvi maddələr qatılır. Tərkibində kimyəvi maddələr istifadə olunan çörəklərin bir gün saxlanma şəraitinə əməl olunmadıqda onlarda yapışqanlıq və xoşagəlməz qoxu əmələ gəlir". 

"İstehsalçılar yalnız satışlarını düşünürlər"

Ekspert çörəksiz yaşaya bilməyənlərə çıxış yollarını da göstərib: "Çörəkdən əl çəkə bilməyənlər kobud üyüdülmüş, aşağı sort unlardan hazırlanan çörəklərə üstünlük versələr, daha yaxşı olar. Çörəkdən tamamilə imtina etməsək də, çalışmalıyıq ki, istifadəsini bacardığımız qədər azaldaq. Bəzi insanlar unu özləri üyüdüb çörək hazırlamağı seçir. Çörəkdən imtina edə bilməyən şəxslər də özləri evdə çörək bişirməyi sınayaraq daha sağlam qidalana bilərlər. Çünki istehsalçılar istehlakçıların sağlamlığı, onların keyfiyyətli məhsul əldə etməsini yox, yalnız satışı, qazanclarını düşünürlər". 

Bu xəstəlikləri azalda bilərik 

Həkim-diyetoloq Leyla Zülfüqarlı isə dedi ki, tam taxıllı çörəklərdən istifadə ilə özümüzü və sağlamlığımızı xəstəliklərdən qoruya bilərik: "İki ilə çörək istehlakının adambaşına altı kiloqram azalması gözəl göstəricidir. Çünki çörək yeməyi azaltmaqla şəkərli diabet riskini, piylənməni, ürək qan-damar xəstəliklərini azalda bilərik. Doğru çörək seçərək ehtiyacımızı bir və ya yarım dilimlə ödəmək mümkündür. Doğru çörək taxıllı çörəklərdir. Onları normasında yedikdə onun ziyanı yoxdur". 

Qida eksperti Fərid Səfərov da insanların yemək rasionlarında çörəyi azaltdığını təsdiqlədi: "Ümid edirik ki, statistikada azalmanı bir az da görərik. Mən ətrafımdakı insanların timsalında da təsdiq edirəm ki, hətta çoxlu çörək yeyənlər belə, əvvəlki dövrlərə nisbətən indiki dövrdə bunu minimuma endiriblər. İnsanların əksəriyyəti ya ümumiyyətlə çörək yemir və bunu alternativ karbohidratlarla əvəz edir, ya da daha sağlam çörəklərə üstünlük verirlər. Məsələn, mərcidən, qarabaşaqdan, yulafdan, əsasən, kompleks karbohidratlardan hazırlanan çörəkləri seçirlər". 

Çörəyi rasionumuzdan çıxarmalıyıq 

F.Səfərovun fikrincə, çörəyin orqanizmimizə ziyanı faydasından qat-qat çoxdur: "Hazırkı vəziyyətdə çörək yeməyi azaltmağın, əsasən, müsbət tərəfləri var. Çünki çörək hazırlanarkən un çox cilalanır. Ən əsas məsələ, nəzərə almaq lazımdır ki, çörək karbohidratdır. Rasionumuzda da karbohidrat nə qədər az olarsa, bizim üçün o qədər xeyirlidir. Həmçinin, çörək daha gec həzm olunur. Hər kəs onu rahatlıqla həzm edə bilmir. Onu orqanizm üçün daha faydalı kompleks karbohidratlarla əvəz etmək olar". 

"Kaspi" qəzeti


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol